Varis: “Gələcək türkçülüyün, turançılığın gələcəyi olacaq” Featured

OĞUZ AYVAZIN VARİSLƏ MÜSAHİBƏSİ

 

“Ədəbiyyat və incəsənət” portalı bu günlərdə Ümumdünya Yazıçılar Təşkilatının Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi seçilmiş Varislə müsahibəsini təqdim edir. 

 

-Ümumdünya Yazıçılar Təşkilatının (World Organization of Writers - WOW) onlayn keçirilən iclasında qurumun 5 bölməsindən birinin Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi seçildiniz. Bu münasibətlə sizi təbrik edirik. Xəbərlə bağlı təəssüratınız necədir?

 

-Təşəkkür edirəm, Oğuz bəy. Gələcək türkçülüyün, turançılığın gələcəyi olacaq, bunu sövqi-təbii hiss edirəm. Elə bunu hamı hiss edir. 

Qeyd edim ki, Avropa, Asiya, Amerika və Afrika qitələri yazıçılarını təmsil edən Ümumdünya Yazıçılar Təşkilatının təşkilatçılığı altında WOW festivalları 2024-cü ilə kimi 4 dildə (ingilis, ispan, rus, ərəb) keçirilirdi və qurumun 4 müvafiq bölməsi fəaliyyət göstərirdi. 2024-cü ildə qara qitədə - Nigeriyada, Nobel mükafatçısı Voye Şoyinkanın fəxri sədrliyi ilə keçirilən konqresdə 5-ci dil - türk dili də rəsmi festival dili statusu qazandı və qurumun müvafiq olaraq Türk dövlətləri və türkdilli xalqlar bölməsi yaradıldı. Təbii ki, bölməyə rəhbərliyin məhz mənə həvalə edilməsindən hədsiz qürur duyuram. Bu çox şərəfli, həm də böyük məsuliyyətli bir iş olacaq. 

 

-Fəaliyyətiniz hansı istiqamətlərdə olacaq? Bu barədə məlumat verərsiniz...

 

-Türk dövlətləri və türkdilli xalqlar bölməsi Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Macarıstanı, eləcə də Rusiya (tatarlar, çuvaşlar, başqırdlar, yakutlar), Çin (uyqurlar), İraq (kərküklər), İran (azərbaycanlılar), Kipr (türklər), Ukrayna (Krım tatarları) və s. ölkələrdə yaşayan türkdilli toplumları əhatə edir. İlk növbədə vahid koordinasiya mərkəzi yaradılacaq, bölmənin əhatə etdiyi hər bir subyektdə təmsilçilər təyin ediləcək. Bölmə onlayn ədəbiyyat axşamlarında, antologiyalarda, seriya kitablarında, müsabiqə və festivallarda türkdilli yazarların iştirakını təmin edəcək. Ali məqsəd türk dünyası ədəbiyyatını dünyada daha yaxşı tanıtmaq, ən istedadlı türkdilli yazarlar üçün promokşn təşkil etmək, yazarların maddi vəziyyətlərini yüksəltmək üçün onların dünya üzrə nəşriyyat hesabına çap olunub qonorar qazanmalarına dəstək olmaqdır. Nəzərə alaq ki, Ümumdünya Yazıçılar Təşkilatının oturuşmuş digər dörd strukturundan fərqli olaraq türk dilli ədəbiyyat strukturu tam yeni yaranır, hələ bir müddət formalaşma prosesi gedəcək. 

 

-Azərbaycan yazıçıları üçün hansısa yeniliklər olacaq?

 

-Azərbaycan yazıçıları təşkilatın verə biləcəyi bütün faydalardan yararlana biləcəklər. Yuxarıda sadaladığım sahələrdə özünü göstərmək üçün hər bir tanınmış yazıçımıza, istedadlı gənc yazarımıza münbit şərait yaradılacaq. 

 

-Qurumun 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək növbəti konqresi və 2025-ci il Ümumdünya WOW – LiFFt Ədəbiyyat festivalının hazırlıq mərhələsi ilə bağlı hansı müzakirələr aparılıb?

 

-Konqresi keçirmək üçün həm Əbu-Dabi, həm də Dubay əmirlikləri namizəddir, seçim konqres ərəfəsi olacaq. Konqresdə iştirak üçün qitələr üzrə namizəd sayları müzakirə edildi. Təşkilatın vahid media şəbəkəsinin iş  mexanizminin təkmilləşdirilməsi də gündəlikdə dayanan əsas məsələlərdən idi. 

Təbii ki, BMT-nin patronajlığı altında keçirilən Ümumdünya WOW – LiFFt Ədəbiyyat festivalı əsas müzakirə obyekti oldu. 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək növbəti festivalda yenə də poeziya və nəsr üzrə qaliblər müəyyənləşəcək. Bu dəfə seçim turu həm də türk dilində olacaq. Əvvəlki festivallarda seçim turlarına türk dünyası yazarları yalnız ingilis dilində qoşula bilirdilər. İstisna hal yalnız o idi ki, postsovet ölkələri müsabiqəyə rus dili ilə də qatıla bilirdilər. İndisə türk dili iştirak üçün əlavə stimul verəcək. 

Və böyük əminliklə deyirəm ki, böyük ədəbiyyatı, nüfuzlu yazarları olan Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tatarıstan böyük uğurlara imza ata biləcək. 

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.