Türk Animasiya Assosiasiyası (ATA) Türk Dövlətlərinin Animasiyası-2024 (Animation of Turkic Countries 2024) kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Mədəniyyətin İnkişafı Beynəlxalq Təşkilatının (TÜRKSOY) dəstəyi ilə kreativ sənayenin inkişafı üzrə “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, kataloq iyunun 9-dan 15-dək Ansi şəhərində (Fransa) keçiriləcək Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında təqdim olunacaq. Festivalda Türk dövlətlərinin animasiya məhsullarını tanıtmaq məqsədilə ATA və TÜRKSOY-un müştərək stendi açılacaq.
Şərtlərə görə işlərin müəllifləri və ya müəllif hüququ olan şəxslər TÜRKSOY-a üzv olan ölkələrin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə) vətəndaşları və ya rezidentləri olmalıdırlar. Əsərlərin qəbulu mayın 10-dək aparılacaq.
Türk Animasiya Assosiasiyasının əsas məqsədi türk xalqlarının ənənələrinin və çoxəsrlik mədəniyyətinin tanıdılması üçün animasiyanın yaradılmasıdır. ATA türkdilli ölkələr arasında mədəni dəyərlərin mübadiləsinə, animasiya sənayesinin inkişafına və milli animasiya assosiasiyalarının dəstəklənməsinə səy göstərir.
“Ədəbiyyat və incəsənət”
(03.05.2024)