“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi, təbrizli şair Əli Çağla tanınmış türk şairi Məmməd Nuri Barmaqsızın şeirlərini dilimizə uyğunlaşdırmışdır.
Həmin şeirləri təqdim edirik.
GÖZLƏYƏRƏM
Hər gecə həsrətinlə
Qəlbinə uzanar əllərim.
Arzularım uçqunlar ilə yarışar
Və qoxum
Özündən keçmiş bir halda qoxuna qarışar.
Qəlbimdə zanbaqların dansı,
Üzümdə sevincin rəqsi,
Gözlərində həsrəti bəstələyər gözlərim.
Yuxuna uzanar əllərim, gözləyərəm...
Hər gecə həsrətinlə
Xəyallarına uzanar xəyallarım.
Qəlbim böyüdükcə böyüyər,
Ərzin çoxunu içinə alar əllərim.
Daldığım yuxulardan məni oyandırar gülüşlərin.
Sifətin könlümə ilmək-ilmək işlənən naxış,
Əsrlik həsrətinlə hər gecə yuyular gözlərim.
Gözlərində həsrəti bəstələyər gözlərim.
Əllərinə uzanar əllərim, gözləyərəm.
Hər gecə həsrətinlə
Hicranına uzanar gözlərim.
Göz bəbəklərin böyüdükcə böyüyər içimdə.
Məhşəri gözləyən duyğularla
Qəlbimdəki küncümə çəkilər
Çarəsiz bir halda səni gözləyərəm.
Gözlərində həsrəti bəstələyər gözlərim.
Yoxluğunda dualarla tərləyən əllərim
Göylərə uzanar, gözləyərəm...
BİR GÜN
Və bir gün nə uzun röya idi deyəcəksən,
Güləcəksən...
Sonra eyni röya üçün bir ömür gözləyəcəksən.
Heyhat!
Zamanla qocalacaq xatirələrin,
Röya qurtaracaq
Ömür keçəcək
Və sən xəyalların qucağında
Məni yaşadığın o günləri
Özləyəcəksən...
SÜKUT QUŞU
Yağışın damarlarında buluddan röya
Saçların külək atı, gözlərin əyləncə parkı.
Əllərində rənglənir sevinc qoxuyan dünya
Əllərin, içimdəki uşağın sallandığı yelləncək...
Gözlərindən seyr edərəm rəngləri,
Gözlərin, əllərin kimi özəl...
Gözlərin, gecəmi gündüz eləyən ulduz...
Gözlərindən başqa mənə hər yer yalqız.
Yağışsan, bərəkətin gülüşündə gizlənibdir.
Bilməyirsən də, öyrən, sükut quşum
Sükut, səndən alır gözəlliyini.
Baxışın sonsuzluğu muştuluqlayan qapı
Qəlbindən başqası ruhuma özgədir...
UÇMAĞA YASAQ QANADLAR
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar...
Gecələr qar, gecələr xar, gecələr kədərə yar
Gecələr eşqin kökündə qəlbimi yoxlar.
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar...
Bir toxumun torpağa düşməyi kimi
Əllərində var olmağı sevdim mən.
Bir dincəlməyin dincəlməyi tapmağı kimi
Dizlərinə uzanmağı sevdim mən.
Gözlərin, dərinlərə belə ilham verən gözlərin
Yadımdan heç çıxmayan o əllərin
Və məni sənə bəndə eləyən sözlərin
Hər gecə kədərimin divarlarını yıxar.
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar...
Qırılınca qanadlar,
Sevgidən dəli olan həsrətim
Kədərin mahnısını çalar.
Qırılınca qanadlar,
Sevgi boyalı göy üzü
Göz yaşımdan dənizinə damlayar.
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar...
Uçurum, yüksəkliyi ilə deyil,
Ayazı ilə ürəyimi yandırar.
Gecələr hər səhər sükutu bəstələyib ruhuma dolar.
İndi belə gecələr də yar!
Qanadları olan da uçmaqdan qorxar...
Barmaqların, yuxularımda belə həsrətin mahnısını çalar.
Dənizin dibindəki balıqlar
Göy üzündəki damla-damla buludlar
Ruhumla birlikdə sənə,
Sadəcə sənə serenada düzəldər.
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar...
DİNLƏ QUŞLARIN SƏSİNİ
Bəli, etiraf edirəm
Səhərlər göy üzünü maviyə boyayan mənəm,
Çiçəklərin üstündəki şeh də...
Kleopatra hekayəsini də mən yazdım
Kimsə sənin gözəlliyindən xəbərdar olmasın deyə.
Leylanı da Məcnuna mən aşiq elətdirdim
İnsanlar hekayəsiz qalmasın deyə.
Gecələr boyu əsən külək
Sevginin fırtınası oldum səninlə.
Quşlar ilə köçdüm sənsizliyi tapmaq üçün
Hər rəsimdə, hər mahnıda səndən bir şey aradım boş yerə.
Tapa bilmdəim sevgilim, tapa bilmədim...
Sənsizliyi heç bir yerdə.
İndi yatmaq istəyirsən bəlkə də,
Mənsizliyi çəkirsən ciyərlərinə
O həsrətdən hörülü ölkəndə.
Mənmi?
Gecənin bilmirəm nə vaxtında,
Ürəyimin həsrəti çırpındığı vaxtda,
Mən yenə səni düşünürəm sevgilim.
Bütün misralarda sən varsan,
Bütün şeirlərdə sən.
Qələmimin yazdığı sənsən, dilimin döndüyü sən.
Bütün bunları mənə yazdıran nədir
Bilmək istərsənmi sevgilim?
O zaman xəyallara dalıb dinlə quşların səsini.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)