Bu il Azərbaycanla Özbəkistan arasında mədəniyyət və təhsil sahəsində gərəkli işlər planlaşdırılır

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2024-cü ildə də geniş fəaliyyət spektri ilə diqqəti çəkəcək. Yeni ilin ilk günlərində Mərkəzin direktoru Samir Abbasovla “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nurridinov arasında görüş keçirilib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mərkəzə istinadən məlumat verir.

 

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, bu il Dostluq Cəmiyyətinin nümayəndə heyətinin Azərbaycana səfəri, iki ölkənin universitetləri arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Universiteti ilə birgə layihələrin reallaşdırılması, bu ildən başlayaraq Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi, bu məqsədlə Azərbaycandan müvafiq pedaqoqların dəvət olunması, qarşılıqlı mühazirələrin keçirilməsi, Özbəkistanda bu il dövlət səviyyəsində keçiriləcək Azərbaycan mədəniyyət günlərinə dair təşkilati işlərin həlli, Özbəkistanda Nizami Gəncəvi, Məhəmməd Füzuli və Maqsud Şeyxzadə irsinin təbliği, onların əsərlərinin tərcümə və nəşr layihələrinin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb. 

Habelə həmin tədbirlərin, layihələrin həyata keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti Özbəkistan Mədəniyyət Nazirliyinin yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin nəzdində və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.