“Ədəbiyyat və incəsənət” portalı Əməkdar jurnalist Əli Nəcəfxanlının Azərbaycan Yazıçılar Birliyində keçirilən tədbir barədə yazısını təqdim edir.
Bakı Beynəlxalq Multikulturalizm və Beynəlxalq Münasibətlərin Təhlili mərkəzlərinin birgə keçirdikləri “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə Azərbaycan Yazıçılar Birliyində maraqlı görüş olub.
Tədbiri açan AYB sədr müavini Rəşad Məcid qonaqları salamlayaraq, qardaş xalqlarımızın ədəbi əlaqələrinin dərin köklərindən söz açdı. Sonra o, Kərkük Kültür Dərnəyinin rəhbəri, ünlü yazar Şəmsəddin Küzəçinin təkrar nəşr kimi hazırlayaraq Ankarada çap etdirdiyi “Rəsul Rza: Uzaq ellərin yaxın töhfəsi” kitabını təqdim etdi.
Yeni nəşrin redaktoru və “Ön söz”ünün müəllifi – filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev unudulmaz Xalq şairi Rəsul Rzanın zamanında geniş əks-səda doğurmuş “Uzaq ellərin yaxın töhfəsi” məqaləsi haqqında ətraflı məlumat verdi.
O bildirdi ki, Azərbaycanın görkəmli şairinin həmin məqaləsi 60-cı illərdə “Azərbaycan” jurnalında çıxandan sonra geniş əks-səda doğurub. Hətta İraq türkmanlarının öndə gələn ziyalısı, folklorşünas alim Əbdüllətif Bəndəroğlu baş yazarı olduğu “Qardaşlıq” dərgisinin ardıcıl olaraq 6 sayında həmin məqaləni çap etdirmişdi. İndi isə Şəmsəddin Kuzəçi məqaləni kitab halında çıxararaq, İraqda yaşayan soydaşlarımıza, həmçinin qürur və güvənc yerimiz olan türkiyəli qardaşlarımıza ərməğan edib. Bunu əlamətdar hadisə sayan görkəmli ədəbiyyatşünas həm də bildirdi ki, böyük Azərbaycan sevdalısı olan Şəmsəddin Kuzəçinin bu yaxınlarda AMEA-nın fəxri doktoru seçilməsi fərəhli hadisədir.
AYB-nin sədri, Xalq yazıçısı Anar Rəsul Rza yaradıcılığına olan həssas münasibətdən, kitabda bir çox müəlliflərin şairin poetik özəllikləri barədə məqalələrinin toplanmasından məmnunluğunu bildirdi. Ardınca Anar mərasim iştirakçılarına bir xoş xəbəri də çatdıraraq dedi ki, indicə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, Rəsul Rza Fondunun sədri, akademik Rafael Hüseynov zəng edərək, Şəmsəddin Kuzəçinin bu il üçün Beynəlxalq Rəsul Rza mükafatına təqdim olunacağını bildirib.
Şəmsəddin Kuzəçi diqqətə görə minnətdarlıq edərək, Rəsul Rzanın iraqlı qardaşlarımıza diqqətinin nəticəsi olan məqaləsi əsasında hazırladığı kitabın üzərində apardığı yaradıcılıq işindən bəhs etdi. O, həmçinin qədirbilənliklə xatırladı ki, Rəsul Rzanın 80-ci ildə qələmə aldığı “Yaralı Kərkükün bugünkü xoryat və maniləri” silsilə şeirlərini də oradakı soydaşlarımız sevə-sevə oxuyurlar. Kitabın müəllifi qardaşlıq əlaqələrimizin, mədəni və ədəbi ünsiyyətlərimizin təməlini atanların daim böyük ehtiramla yad olunacağını və İraq böyük səmimiyyətlə qələmə aldığı səyahətnaməsi heç zaman öz təravətini, aktuallığını itirməyən ustad Rəsul Rzanın daim bu sırada başda olacağını söylədi.
Təqdimat mərasimində çıxış edən digər natiqlər də kitabın məziyyətlərinə işıq saldılar və bu kimi layihələrin davamlı olacağına inamlarını ifadə etdilər.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)