“Polşa və Türk dünyası” mövzusunda konfrans keçirilib

 

Polşanın Varşava Universitetində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, eləcə də Azərbaycan, Qazaxıstan və Türkiyənin Polşadakı səfirliklərinin birgə təşkilatçılığı ilə “Polşa və Türk dünyası” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir ki, konfransı açıq elan edən Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Pyoter Taraça və Türk Elmləri Departamentinin başçısı A.Bareja-Starzynska Polşa və Türk dünyası arasında tarixi bağlardan, tədbirin əhəmiyyətindən və universitetin türk mədəniyyətinin araşdırılması sahəsində fəaliyyətindən danışıblar.

Azərbaycanın və Qazaxıstanın Polşadakı səfirləri Nərgiz Qurbanova və Alim Kirabayev, eləcə də Türkiyənin Varşavadakı müvəqqəti işlər vəkili Çağdaş Bilgin təmsil etdikləri ölkələr və Polşa arasında əməkdaşlıq əlaqələrindən, türk xalqları arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərindən, türk xalqlarının biri-birinə gələcəkdə daha da yaxınlaşmasının önəmindən bəhs ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Leyla Həsənova öz çıxışında son illər ərzində türk dövlətləri və xalqları arasında inteqrasiya proseslərinin sürətləndirilməsi, birgə tarixin, mədəniyyətin və ortaq köklərin türk birliyinin əsasını təşkil etməsi, eləcə də türk dəyərlərinin Polşada müzakirəsinin ənənəvi hala çevrilməsini qeyd edib. L.Həsənova Fondun çoxəsrlik türk mədəniyyətinin və irsinin Türk dünyası və onun hüdudlarından kənarda qorunaraq təşviq edilməsi, müxtəlif Avropa ölkələrində, xüsusilə Polşa, Rumıniya və Litvada yaşayan türk kökənli xalqların zəngin irsinin qorunması və daha geniş auditoriyalara tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyət və beynəlxalq layihələrdən söz açıb.

Konfrans müxtəlif sessiyalar çərçivəsində keçirilən müzakirələrlə davam edib. Tədbirin sonunda 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı”, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinə həsr olunmuş sənədli film nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.