Şuşa şəhəri 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bununla bağlı Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər keçirilir. Bu tədbirlər xalqımıza xas olan zəngin tarixi-mədəni irsi təbliğ etməyə imkan yaradır. Keçirilən tədbirlərdən biri də TÜRKSOY-un ənənəvi tədbiri olan rəssamlar düşərgəsidir. Tədbir artıq 23-cü dəfədir ki, təşkil edilir. Bu layihə Şuşa şəhərinin nəinki Azərbaycanın, türk dünyasının, eləcə də bütün dünyanın mədəniyyət paytaxtı olduğunu bir daha diqqətə çatdırır.
Bu sözləri AzərTAC-a məxsusi müsahibəsində Şuşada keçirilən rəssamlar düşərgəsi ilə bağlı məlumat verən Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı bildirib.
Rəssamların hər birinin Şuşaya həsr olunmuş rəsm əsərləri ərsəyə gətirdiyini deyən E.Qafarlı söyləyib ki, mədəniyyət paytaxtımızın əsrarəngiz, füsunkar təbiətini, nadir tarixi-memarlıq abidələrini rəssamlar öz əsərlərində əks etdiriblər. Bu əsərlər yaxın zamanda TÜRKSOY-un 30 illik yubiley tədbirində sərgilənəcək.
O qeyd edib ki, layihədə iştirak edən rəssamlara mükafatlar da təqdim olunub: “Rəssamlar Azərbaycanda olduqlarından çox məmnundurlar. Bəziləri Azərbaycana ilk dəfə gəlirlər. Onlar deyirlər ki, niyə biz bu günə kimi Azərbaycana gəlməmişik? Azərbaycanın mədəniyyətini tanıtmaq məqsədilə demək olar ki, bir çox mədəniyyət ocaqları, muzeylər ziyarət olundu. Rəssamlar hər şeyə öz prizmalarından baxırdılar. Onlar gördülər ki, Azərbaycanda mədəniyyətə necə gözəl diqqət var. İstər teatr, istərsə də musiqi binaları olsun, ümumiyyətlə şəhərin tarixi görünüşündən çox məmnun qaldılar”.
Elçin Qafarlı TÜRKSOY-un və Mədəniyyət Nazirliyinin birgə keçirdiyi belə bir tədbirin Şuşanın türk dünyası rəssamlarının fırçası vasitəsilə tanıdılması üçün gözəl bir fürsət olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu əsərlərin hamısı kataloq kimi nəşr etdiriləcək. Sonra kataloqlar həm rəssamların özlərinə təqdim olunacaq, həm də ictimaiyyətə nümayiş etdirilcək.
Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi bu düşərgəyə qatılmaq istəyən rəssamların sayının çox olduğunu qeyd edib. Lakin müəyyən məhdudiyyətlərin olduğu nəzərə alınaraq, 6 ölkədən iki nəfər olmaqla 12 yüksək səviyyəli, professional rəssamlar dəvət edilib.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)