Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Xakas Cümhuriyyəti şimalda və şərqdə Rusiya Federasiyasının Krasnoyarsk, qərbdə Kəmərova, güneydə Dağlıq Altay Cümhuriyyəti və Tuva Cümhuriyyəti ilə sərhəddir.
Xakas Cümhuriyyəti Böyük Yenisey (Kim suu) çayına qarışan Uybat, Uyus (Üüs/Ögüs), Ərba, Askiz, Abakan çayları ilə qollarının olduğu sulaq bir bölgədədir. Ölkənin güneyində Soyan dağları yerləşir. Bu dağlar qədim Türk abidələrində “Kögmən” kimi yad edilib.
Xakaslar bu dağların güneyində yaşayan Tıvalılara Soyan deyir, dağların adı da bundan törəyib. Cümhuriyyətdə yaşayan Xakas Türklərinin əhali sayı təqribən 100 mindən artıqdır. Ölkənin üçdə ikisi dağlıq və meşəlikdir. Ən böyük şəhərləri isə paytaxt Abakan ilə Minusinskdir. Paytaxtda təqribən 150 min əhali yaşayır. Xakaslar əksərən Askiz və ətrafında məskunlaşıb. Qədim Çin mənbələrində Xakasların adı Hakas, Haqas, Hyaqas, Syatszyası, Syagesi, Hegesi, Hehe, Hyakya kimi qeydə alınıb. Ruslar isə Xakaslara “Tadar” deyir.
Xakaslar Kaçin (Haaş, Haas), Saqay, Kızıl, Koybal, Beltir, Şor kimi Türk boylarından təşəkkül tapıb. Xakas Türklərinin danışdığı dil Oğuz-Uyğur qrupuna daxildir. Xakas Türkcəsinə ən yaxın dil Çində yaşayan Sarı Uyğurlar və Fuyü Qırğızlarının danışdığı Türkcədir. Əsrlərdən bəri qonşuluqda yaşadıqlarına görə Altay və Tuva Türklərinin danışdığı dillərlə də aralarında oxşarlıqlar yaranıb.
Xakas Türkcəsi sözlərdəki ünlülərin (sait) daralma prinsipinə görə Tatarıstan Türkcəsinə də oxşayır. Çarlığın və Bolşevizmin siyasəti səbəbi ilə Xakas Türkcəsi assimilasiyaya uğrayıb və bu dil məhv olmaq təhlükəsi ilə üzləşib. Xakas Türkcəsində Ərəb və Farscanın təsiri yox deyilə biləcək qədər azdır. Ruslarla birlikdə yaşamaları və bu dili çox yaxşı danışmalarına görə Ruscanın təsiri olduqca çoxdur. Xakasların ulu babaları yazılı dilə sahib ən qədim Türk boylarından biridir. Yenisey çayı sahilində tapılan yazılı abidələr Orxon abidələrindən daha qədimdir. 19-cu yüz illiyə gələnə kimi Xakasyada oxuma-yazma bilənlərin sayı barmaqla göstərilirdi. Onu bilənlər ancaq keşiş yetişdirən məktəblərdə oxuyanlardı və orda da Rus dili tədris edilirdi. Xakasların yetişdirdiyi böyük Türkoloq Nikolay Katanov da bu məktəblərdən yetişib. Xakaslar 1920-ci ildə əlifba hazırlamaq təşəbbüsü göstərib. 1924-1929-cu illər arasında Kiril əlifbasından, 1929-1939-cu illər arasında Latın əlifbasından istifadə etsələr də Stalinin represiya siyasəti nəticəsində 1939-cu ildə təkrar Kiril əlifbasına qayıdıblar. 1946-cı ildə əlifbalarına (ç və ğ) hərfləri, 1962-ci ildə də “ñ” nazal səsini əlavə ediblər və bu gün də həmin əlifbaları qüvvədədir.
Xakaslar digər Türk boyları kimi “Tanrıçılıq” inamında idi, ancaq bu inamları ruslarla qarşılaşana kimi davam edib, daha sonra ruslaşdırma və xristianlaşdırma siyasəti nəticəsində xristian dini yayılmağa başlayıb.
Xakasların ilk xristianlaşdırılması hadisəsi 1886 ilinin iyul ayının 15-ində başlayıb və o gün 3003 nəfər Askiz çayında xristian dinini qəbul etmək məcburiyyətində qalıb. Üç yüz il davam edən xristianlaşdırma siyasətindən sonra Bolşevizm gəlib, onlar da ateistləşdirmə siyasətini yeridib. Hər iki rus siyasətində Xakasların din adamları olan “Qam”lar pislənib, xristian keşişlər tərif edilib. Xakaslar öz inamlarına “Akçağan” deyir. Bir çox Türk xalqlarının “göy” deyə ifadə etdiyi rəngə xakaslar “ak” deyir, “Akçağan” da “Göytanrı” deməkdir. Xakaslar “bozqurd”a “akböri” deyir. Qədim Xakas inamına görə kainat üç hissədən ibarətdir. Üstdə “Tanrı yeri” anlamına gələn və xakasların “Çağan Çiri” dedikləri doqquz mərtəbəli göy yerləşir. Bura, xakasların “Akçağan” və ya “Huday Çağan” dedikləri tanrının məkanıdır, torpağı, insanı, bitkiləri, heyvanları o yaradıb və dünyaya nur yayır. Digər mərtəbələrdə də Tanrının köməkçiləri olan və yaxşılığı təmsil edərək təbiətdəki hər bir şeyi nizamlayan iyələr əyləşir. Bu iyələrin ən məşhurları məhsuldarlığı artıran, uşaqları qoruyan “Umay”, namuslu qadınlarla kişilərə kömək olan “Ayzık”dır. Ayzık dağınıq halda olan həyatla bağlı ünsürləri bir yerə yığıb “qut” halına gətirər və bu “qut”u üfürərək ana bətnindəki uşağa çatdırar. Pulay Xan əxlaq və düzlüyə cavabdehdir. Şimşək çaxdırıb yer üzündəki yamanlıqları məhv edən “Çaltırah Çayıçı”, altıncı mərtəbədə də bütün qamlara kömək olan “Qam” əyləşir. Dağların iyəsi “Hubay Xan”, çayların iyәsi “Suqday Xan”, külәyin iyәsi “Çildey Xan”, soyuğun iyәsi “Humduzak Xan”, odun iyәsi “Ot İnes”dir. Xakaslar xüsusi mərasimlər təşkil edib dağ iyələrinə və Tanrıya qurban təqdim edirlər. Kainatın ikinci hissəsi isə yeraltı dünyasıdır. Xakasların “Ayna Çiri” və ya “Ərikli Çiri” dedikləri bu hissə yeddi qatdan ibarətdir. Buranın hər bir qatında şərlə, yamanlıqla əlaqəli olan varlıqlar yerləşir. Yeraltı dünyasının sahibi “Ərlik Xan”dır, Ərlik güclü, qüdrətli anlamındadır. Ərlik insanlara da, heyvanlara da hər cür bəla verə bilər, onlara hər cür xəstəlik yollayaraq onlardan qurban verməsini tələb edər, istədiyi qurban verilməzsə ölüm və fəlakət ruhlarını onlara yollayar. Öldürdüyü insanların canını tutub yer altındakı qaranlıq dünyasına aparar və özünə xidmətçi edər. Ərlikin ən tanınmış köməkçiləri isə oğlu “İtkәr-Molat” ilə qızı “Uçak Tolay”dır. “Üzüt Xan” şər qüvvələri idarə edir. Yerin yeddinci mərtəbəsində isə cəhənnəm vardır və iyəsi “Tamu Xan”dır.
Xakas yazılı ədəbiyyatı
Xakas Türklərinin ədəbiyyatı digər Türk boyları kimi şifahi şəkildə yaranıb. Çağdaş yazılı ədəbiyyat 1920-ci illərdə yaranmağa başlayıb. Əlifbaların qəbulu ilə oxuma-yazma artıb və bu dildə “Xızıl Aal” (Qızıl Kənd) adlı qəzet təsis olunub.
Xakas ədəbiyyatının ilkin örnəkləri xalq mahnılarıdır. Xakas Milli Teatrı 1931-ci ildə yaranıb. A. Kobyakovun “Aydo” adlı uzun hekayəsi (povest) 1934-cü ildə Novosibirskdə çap olunub.
Bolşevizmin hakimiyyətindən sonra xüsusilə Əkim Devrimi (oktyabr inqilabı) yazılı əsərlərin əsas mövzusuna çevrilib. İkinci Dünya Müharibəsi ilə birlikdə Xakas yazılı ədəbiyyatında mövzu hərb və onun yaratdığı təsir olub. 1944-cü ildə “Dil-Ədəbiyyat və Tarix Elmi İnstitutu” yaradılaraq rəhbərliyinə İ. Domojakov təyin olunub. Bu hadisə də yeni şair və yazıçıların yetişməsində əsas amilə çevrilib. Xakas Türklərinin ilk romanı “Irahhı Aalda” 1960-cı ildə çap olunub
Xakas Türklərinin önəmli şəxsiyyətlərindən biri də Nikolay Federoviç Katanovdur. Abakan bölgəsində Asxıs kəndində dünyaya gəlib.
Ona ilk təlimi əmisi Yəfim Katanov verib. O, Nikolay Katanov ilk elmi səfərini “Çindәki Türküstan”, “Minusinsk Türküstanı” indilərdə Tofalar (Toba) kimi bilinən və Sayan dağlarının şərq ətəklərində kiçik bir toplum halında yaşayan Karaqas Türkləri ilə bağlı aparıb. Katanov Türklük yolundakı araşdırmaları ilə yeni bir yol açıb və bölgədəki Türk xalqları ilə bağlı geniş elmi araşdırmalar aparıb. Turfan və Hami bölgələrində danışılan Uyğurca haqda da məlumatlar toplayıb çap etdirərək Türkoloji sahəsində öncüllük edib. “Uryanhay [Tıva] Dilinin Araşdırma Sınağı” adlı 1600 səhifəlik elmi işi 1903-cü ildə Kazanda çap olunub. Katanov bu işi ilə müəllimi Radloff da daxil olmaqla özündən öncə Tıva Türkləri və dilləri haqda irəli sürülən bütün fikirləri çürüdərək Tıvalıların Türk köklü olduğunu sübut edib. Katanovun 48 ölü və yaşayan Türk dilləri ilə ləhcələrini qarşılaşdırdığı bu elmi əsəri “Türk dillərinin antologiyası” kimi yad edilir. Bu əsər, 1960-cı illərin sonunda Sovetlər Birliyində çap olunan “Qədim Türk Lüğəti” adlı önəmli işin də özülü olub.
Nikolay Katanov 14 oktyabr 1892-ci ildə Askizdə Aleksandra Tixonova ilə evlənib. 1894-cü ilin aprel ayından etibarən Kazan Üniversitetində müəllim işləyib, 1922-ci ildə burda da dünyasını dəyişib.
Katanov Çarlıq dövründə Sibir Türklərinə mənsub olduğundan olmazın çətinliklərlə üzləşsə də Türklük yolundakı araşdırmalarını davam etdirib. 36 illik elmi fəaliyyətində 382 elmi işi gerçəkləşdirib. Xakas Türklərinin ilk professoru olan Katanov 1958-ci ilə kimi bir mənalı olaraq unutdurulmağa çalışılıb.
V.A.Kobyakovun yaradıcılığı
Kobyakov Şira bölgəsinin Ospa kəndində dünyaya gəlib. 1929-cu ildə Krasnoyarskdakı Sovet Partiya Məktəbində təhsil alıb, daha sonra bir nəşriyyatda və milli teatrda işləyib. Bu arada şeirlər və hekayələr yazmağa başlayıb. 1933-cü ildə partiya komitəsi onu Novosibirskə yollayıb 1934-cü ildə Aydo adlı povestini nəşr etdirib. 1935-ci ildə şeirləri və hekayələri “Xakasiya Irlapça” (Xakasca Mahnı Deyir) adıyla çap olunub. Bir il sonra “Partizan Künneri” adlı essesi çap olunub. 1937-ci ildə bir çox Xakas ziyalısı ilə birlikdə “vətən xaini, satqın, antisovet, millətçi” kimi ittiham edilib və vəhşicəsinə güllələnib. Dörd illik yazıçılıq ömründə esse, hekayə, povest janrında əsərlər yaradıb. Əsərlərində xanlıq çağlarında varlıların yoxsul xidmətçilərə və nökərlərə etdikləri əziyyətlər, Bolşevik İnqilabı uğrunda aparılan mübarizə və bu inqilabın yaratdığı asudə həyat, vətən sevgisi dilə gətirilən əsas mövzulardır. Bolşevizm tərəfdarı olsa da Bolşevizm onu öz xalqını oyadan bir ziyalı gözündə gördüyündən məhv edib.
Əsərləri: Aydo, Novosibirsk, Abakan, Xakasiya Irlapça, Partizan Künneri, Mıltıx Tabrizi.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)