Əkbər Qoşalı və Məleykə Mirzəli, “Ədəbiyyat və incəsənət” üçün
Adını hələ qədim çağlardan türkün daş yaddaşına həkk etmiş tatar xalqının böyük Sibir çöllərindən ruh almış, Ural bozqırları və İtil (Volqa) qıyılarında şəkilləndirmiş zəngin ədəbiyyatı fərqli imzaları ilə bu gün də diqqət çəkir.
Türkün qəhrəmanlıq tarixini özünə özək seçmiş “Xan qızı Altunsaç”, “Qırx qız”, “Boz igid”, “Esabay batır”, “Çora batır” və b. qəhrəmanlıq dastanlarından tutmuş, orta çağ ilk yazılı tatar qaynaqlarına kimi istənilən abidənin adını çəkərkən müxtəlif özəllik və gözəlliklərlə (keyfiyyətlərlə) qarşılaşırıq. “İlk qaynaq” demişkən, hələ də araşdırmaçılar arasında o yana-bu yana dartışdırılan (Qul Əlinin) “Qisseyi-Yusif” poeması da XIII yüzil tatar ədəbiyyatına aid edilən örnəklər sırasındadır.
Tatar ədəbiyyatı nümayəndələri hələ orta yüzilliklərdən belə türkcəyə qədirşünaslıqla münasibət bəsləmişdir. XIV yüzildə tatar yazar Seyfi Sarayinin Sədi Şirazinin “Gülüstan” əsərini türk dilinə çevirməyi özünə borc bilməsi də, bəlkə, bunun səbəbidir. Və bu gün həmin əsər orta çağ qıpçaq türkcəsinin özəlliklərini daşıyan kamil örnək sayılır.
Türk xalqları ədəbiyyatında XIX yüzil sanki özünəqayıdışın “altun körpü dönəmi”dir. Azərbaycan ədəbiyyatı üçün də heç yad olmayan bu məfkurənin – maarifçiliyin, tənqidi realizmin ortaya çıxması tatar ədəbiyyatında da həmin dönəmə təvafüq edir. Kayum Nasiri (1825-1902) ilə başlanan bu cığır Abdulla Tukay (1886-1913), Məcid Qafuri (1880-1934), Fateh Əmirxan (1886-1926), Şərif Kamal (1884-1942) yaradıcılığında davam etmiş, Alimcan İbrahim (1884-1938), Qəvi Nəcmi (1901-1957), Taji Qizzat (1895-1955), Şamil Usmanov (1895-1937), Musa Cəlil (1906-1944) kimi sənətkarların yazıb-yaratdığı çağda isə Tatar ədəbiyyatı, necə deyərlər, dünyaya (başqa sözlə, böyük coğrafiyaya) açılmışdır.
Sizə də bəllidir ki, XIX yüzildə kırımlı İsmayıl Qaspiralı “Tərcüman” qəzetini türklər yaşadığı coğrafiyalara necə min bir çətinliklərlə ulaşdırırdı... Lakin günümüzdə belə bir çətinliyimiz yoxdur və qardaş ədəbiyyatların materiallarını çox asanlıqla əldə edə bilirik. Əldə etdiyimiz materiallar göstərir ki, XXI yüzildə tatar ədəbiyyatı keçmişdə olduğu kimi, indi də estefati əlində saxlamağı bacarmış və bir-birindən daha qüvvətli yazarlar yetişdirməyə nail olmuşdur. Biz bir-birimizin mədəni irsini, ədəbiyyatını, ədəbiyyatçılarını, o cümlədən çağdaş yazarlarımızı qarşılıqlı olaraq, tanımalı, bilməli, öyrənməliyik. Bu tanıma, tanıtma dil-üslub özəlliklərini öyrənmək baxımından, ortaq yaxud unudulmuş sözləri yenidən dövriyyəyə qaytarmaq baxımından da önəmlidir.
Azərbaycan bu kimi məsələlərdə tarixən həmişə qədirşünas mövqe sərgiləmişdir. Deyərdim, öz ədəbi missiyasını davam etdirməyi bacarır. Təkcə bu son illər içində qardaş tatar ədəbiyyatından bir çox kitabın və əsərin dilimizə uyğunlaşdırmasından söz açmaq bu məsələdəki mövqeyini sərgiləmək üçün yetərlidir.
•2016-cı ildə Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) tərəfindən 23 istedadlı gənc tatar şairinin əsərlərindən ibarət “Yeni tatar şeiri antologiyası” Bakıda azərbaycanca nəşr olunub.
•2018-ci ildə tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Robert Minnullinin “Bülbüllərin toyu” adlı şeirlər kitabı Bakıda azərbaycanca çıxıb.
•2018-ci ildə tatar ədəbiyyatının yeni nəsil şairi Rəmis Aymətin “Şimşəklər qoynunda” adlı şeirlər kitabı Bakıda azərbaycanca gün üzü görüb.
•2018-ci ildə tatar ədəbiyyatının tanınmış nümayəndəsi, görkəmli dramaturq Danil Salihin pyeslərindən ibarət “Qəribə adam” adlı kitabı Bakıda azərbaycanca nəşr olunub.
•2019-cu ildə Tatarıstanın Millət vəkili və Xalq şairi Razil Vəliyevin seçilmiş şeirlərindən ibarət “Payız yağmurları” kitabı DGTYB-nin xətti ilə Bakıda azərbaycanca gün üzü görüb.
•2022-ci ildə tanınmış yeni nəsil tatar yazıçı-publisisti, 100 yaşlı “Kazan Odları” ədəbiyyat-mədəniyyət jurnalının baş redaktoru Rüstəm Qaliullinin 8 hekayəsindən ibarət “Ata və oğul” adlı kitabı DGTYB-nin və “İntellektual Hüquq Mərkəzi”nin xətti ilə Bakıda azərbaycanca nəşr olunub.
•2023-ci ildə 31 tatar nasirinin hekayələrindən ibarət “Çağdaş tatar hekayələri antologiyası” Bakıda DGTYB-nin, ABAİ İB və RHİM İB-in xətti ilə azərbaycanca yayınlanıb.
•2023-cü ildə Tatarıstanın Millət vəkili, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydullanın povest və hekayələrindən ibarət “Ağ yapıncılı qoca” adlı adlı kitab DGTYB-nin və “İntellektual Hüquq Mərkəzi”nin xətti ilə Bakıda azərbaycanca nəşr olunub. –
(Bu, Azərbaycanda tatar ədəbiyyatı çalışmalarının, əlbəttə, tam siyahısı deyil).
Təbii, bütün bunlarla yanaşı, Tatarıstanda da Azərbaycan ədəbiyyatı diqqətlə izlənilmiş, tatarlar müxtəlif qəzetlərdə, jurnallarda zaman-zaman azərbaycanlı qələm dostlarının əsərlərinə yer vermişlər. Bundan əlavə, bu yazının həmmüəllifinin şeirlərindən ibarət “Dərviş sözü” adlı kitabı 2023-də Kazanda Tatarıstan Dövlət Kitab Nəşriyyatında gün üzü görmüşdür.
*
Şübhəsiz, seçilmiş yazarlar parlamağı bacarır, bu parlaqlıq sayəsində öz əsərləri ilə sərhədləri aşa bilir. Çağdaş tatar poeziyasından Marsel Qaliyev, Firuzə Camaləddinova, Zölfət Hakim, Fərid Yaxin, Rkail Zəydulla, Rifə Rəhman, İlsiyar İksanova kimi çağdaşları ilə birgə Rəmis Aymətin yaradıcılığı da buna bir örnəkdir.
Tatarıstan Respublikasının Əməkdar incəsənət xadimi, Musa Cəlil mükafatı laureatı Rəmis Aymət ölkəsinin hüdudlarını aşan, əsərləri tərcümə olunaraq yayınlanan, ən vacibi isə Azərbaycana olan özəl sevgisi ilə seçilən yazarlardandır. Onun “Şomırt salkınnarı” (“Duzlu soyuqlar”), “Aynın aryaqında” (“Ayın arxasında”), “Bozlı jilkənnər” (“Buzlu yelkənlər”), “Sin minem janımnın yartısı” (“Sən mənim ruhumun yarısısan”) kimi şeir kitablarından bəllidir ki, yazar kimi malik olduğu özəllikləri ilə həm çağdaş tatar ədəbiyyatına, həm də tatar ədəbi dilinə yeni keyfiyyətlər gətirməyi bacarıb.
Rəmis Aymət yaradıcılığı daha çox lirikaya köklənmişdir. Şairin könül çırpıntılarını misralarından duymaq mümkündür. “Sənin saldığın bağça”da yarını gözləməkdən qəmə qərq olan şair yazır:
Yarpaqlar matəm içrədir,
Sükut kar edib hamını.
Ölüm qanad açıb, sarıb
Sənin saldığın bağçanı.
Başqa bir məqamda isə şair ruhunda daşıdığı yarına onun ruhunu tərk etmədiyinə görə qəzəblənib hayqırır. “Kədərə səsləniş” şeirində bu hərarətli müraciətlər nidalara dönmüş şəkildə misralarda əks olunur:
Niyə əl çəkmirsən məndən,
Buraya da gəlib çıxdın?
Elə baxma gözlərimə,
Əzrayıldır baxışların.
Külə dön... Getmə heç yana,
Məhbus ol can zindanıma.
Nəfəsindir bura varan?
Bax, qor saldı otağıma...
Şair bəzən “Hər yerdə xoşbəxtlik vardı” fikrinə düşür. Amma o nədənsə həmin hər yerdə olan xoşbəxtliyi tapa bilmir. Əlacı üzülür, göylərə üz tutur. Bəlkə də, bu bir imdaddır göylərdən.
Neçə dəfə zəncir atdım
Eşqin mavi səmasına.
Kükrəyib şimşəklər kimi
Qondum səmanın bağrına.
Xoşbəxtlik sarmış hər yanı,
Hər küçədə eşq bayramı.
Elə şimşəyədir güman,
Bəlkə, alışdı eşq şamı...
Şairin sevgisi təpədən dırnağa dünyəvi, hisləri isə bir o qədər real səslənir. Lakin bəzən bu hislər, bu istəklər o həddə çatır ki, artıq gerçəklik belə eşq qarşısında aciz qalır, artıq gerçəklik belə “eşq qarşısında diz çökür”...
Olan oldu, gəl, bağışla,
Hər şeyi unudaq getsin.
O səhər mən hazır idim,
Önündə diz çöküm eşqin.
Şair bəzən eşqin üfüqlərini elə genişləndirir ki, onu bir folklor materialının, daha doğrusu, uşaq oyununun içində belə əks etdirə bilir. Onun “Gözbağlıca” adlı şeiri buna çox gözəl örnəkdir. O, gözlərini ipəksaçaqlı şalla bağlayan yarına üz tutur. Uşaqlıq xatirələritək istəklisinin qanad açıb uçmasına görə məyus olur. Sübhə sarı uçan sevgilisinin üfüqdə gülüş izi qoyduğunu, lakin şairin içində sevgilisinin kölgəsinin qaldığını söyləyir. Onun çılpaq ayaqlarını indi şeh yuyur, şeh öpür, eşq hörüklərini isə rüzgar açır, rüzgar darayır. Nəhayətində, şair onun ağ sulara qoşulub qaçdığını, geridə isə “bir mən, bir kölgən” qaldığını etiraf edir, gözübağlı dünyaya isə etiraz edir:
Payım var bu oyunda?
“Şalımı açsan, haram”!
Gözübağlıdı dünya,
Mən səni axtarıram...
Bu qədər orijinal bədii ifadə vasitələri, sözsüz ki, şairin sənətkarlığından, istedadından xəbər verir. Onun şeirlərində həmçinin ictimai-fəlsəfi fikirlər də səsləndirir, oxucunun göz önünə hazırki durumu gətirməklə için-dışın böhranını göstərir:
O qara illərin qatarı kimi
Ömrümü xərcləyib keçdi bu gün də...
Qarğalar uçuşdu başımız üstdə
Nəğmə söyləyərək qarğa dilində...
Evsiz-eşiksizik, yetim-yesirik,
Eh, nə ağıl qaldı, nə fikir barı...
İtirdi özünü, itirdi dünya... –
De, hanı xalqımın, hanı haqları?!.
Hər bir xalqın Ana dili onun milli sərvətlərindən biri hesab olunur. Və hər bir xalqın nümayəndələrinin də öz dilinə sayğı-sevgiləri tükənməzdir, əlbəttə. Özəlliklə, hansısa dil(lər)in təsiri altında olan milli dildən söhbət gedirsə, bu məqamda dili qorumaq üçün hər kəs əlindən gələni etməli, dilinin yaşaması üçün bacardığını ortaya qoymalıdır. Bu anlamda, şair Rəmis Aymətin bu borcu dərindən hiss etdiyini görməkdəyik. Tatar dilinə olan böyük sevgisini şair “Ana dilim” adlı şeirində belə ifadə etmişdir:
Göylərin üzünə doğru uzanan əlsən,
Sən məğrur dağların duman dilisən.
Öz halal haqqını almaq istəsən,
Şanlı döyüşlərdə qalxan kimisən.
Böyük boz çöllərdə susan, dinməyən,
Qədim heykəl dili, daşlar dilisən.
Alovlardan, sudan keçib sağ qalan
Sürətli və qoçaq atlar dilisən...
Közərsən də, heç bir zaman sönməynən,
Sən müqəddəs odun yanan dilisən.
Cana hopubsan sən, qana hopubsan,
Dərdimizə məlhəm – dərman dilisən.
Ey ana dilim!
Ümumilikdə, yekun olaraq demək mümkündür ki, dostumuz Rəmis Aymətin poeziyası çoxyönümlüdür. Biz bu kiçik yazıda, ətraflı bilgi verə bilməsək də, ən azından, şairin yaradıcılığında ən qabarıq mövzulara toxunmağa çalışdıq. Gördüyümüz mənzərə odur ki, şairin özü kimi həssas qəlbə sahib lirik qəhrəmanı bütün yaradıcılığı boyu onu izləyir. Nə bu qəhrəman eşqdən yorulur, nə də şair onu şeirə gətirməkdən...
Uğurlar, Rəmis əfəndi!
Avrasiyanın ürəyində - Kazanda yaşayıb-yaradan siz tatar yazarlarının şeir-sənət bayrağı və qardaş Tatarıstanın dövlət bayrağı göylərin üzündən əskilməsin!
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)