10 mindən çox eksponata qucaq açan məkan

XALÇA MUZEYİNDƏN REPORTAJ

 

Nahid Xəlilov, Bakı Dövlət Universitetinin tələbəsi

 

Muzeylər bəşər tarixinin müəyyən məqamını özündə yaşadaraq onun maddi-mənəvi xəzinəsinə sahib çıxmaqla əsrlərdən-əsrlərə körpü olan tarixi məkandır. Bu məkanlar qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri hesab edilsə də, eyni zamanda, elm, maarif müəssisəsi kimi də fəaliyyət göstərirlər. Çoxsaylı tarixi eksponatların saxlanc yeri kimi tanınan bu müqəddəs məkanlar, o cümlədən neçə-neçə elmi araşdırmaların, tədqiqat işlərinin canlı şahididir. Azərbaycan Milli Xalça Muzeyi də belə məkanlardandır. Xalça yüzilliklər boyu Azərbaycan xalqının mədəni nümunəsi kimi təkcə insanların canlı tarixi deyil, həm də qədim kökləri, mədəni dəyərləri haqqında məlumatdır. Xalça həm Şərq, həm də Qərbdə evlərə istilik və rahatlıq gətirməklə yanaşı, incəsənətdə də xüsusi yer tutub.

Bakı Dövlət Universitetinin AzərTAC-da təcrübə keçən tələbəsi Nahid Xəlilov dünyada ən böyük xalça kolleksiyasına sahib Xalça Muzeyində olub və muzey bələdçisinin müşayiəti ilə maraqlı məlumatlar əldə edib. 

 

Azərbaycan Milli Xalça Muzeyi Dənizkənarı Milli Parkda, Mikayıl Hüseynov prospektində yerləşir. 1967-ci ildə xalçaçılıq elminin banisi, görkəmli Xalq rəssamı Lətif Kərimovun təşəbbüsü ilə yaradılan muzeyin bükülmüş xalçaya bənzəyən və izləyənlərə xoş təsir bağışlayan yeni binası Prezident İlham Əliyevin Sərəncamına əsasən 2014-cü ildə memar Frans Yantsın layihəsi əsasında inşa edilib. Üç mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində xovsuz xalça, ikinci mərtəbəsində xovlu xalçalar, üçüncü mərtəbəsində isə müasir xalça nümunələri nümayiş olunur. Bundan başqa milli geyimlər, misgərlik nümunələri, tikmə sənəti, qədim saxsı qablar kimi dəyərli eksponatlar da muzeyin ekspozisiyasına daxildir. Muzeydə ümumilikdə 10 mindən çox eksponat qorunub saxlanılır.

 

Sərhədsiz muzey

Muzeyin eksponatları arasında xüsusi bir eksponat var ki, Azərbaycanda toxuculuq sənətinin qədim dövrlərə aid olduğunu sübut edir. Bu qədim parça qalıqlarıdır. Belə ki, bu parça fraqmentləri 3-4-cü əsrlərə aid olub və 2018-ci ildə professor Qafar Cəbiyev tərəfindən aparılan arxeoloji qazıntılar zamanı Şamaxı ərazisində Dəmirçilər kəndi yaxınlığında tapılıb. Ərazidən tapılmış gümüş qəpiklər əsas verir ki, bu parça qalıqları Sasani-Parfiya dövrünü əhatə edir. 

Xalça Muzeyi fiziki məhdudiyyətli şəxsləri də düşünüb. Belə ki, muzeydə nümayiş olunan xalçaların kiçik ölçülü replikalarını görmək mümkündür. Milli Xalça Muzeyi tərəfindən təqdim olunmuş “Sərhədsiz muzey” adlı layihə çərçivəsində görmə qabiliyyəti məhdud olan insanların toxunmaqla xalça elementlərini hiss edə bilməsi üçün xalçaların kiçik ölçülü replikaları hazırlanıb və onlar haqqında Azərbaycan və ingilis dillərində Brayl əlifbası ilə məlumat lövhələri yerləşdirilib. Həmçinin əlil arabalarının rahat şəkildə hərəkətini təmin etmək üçün lazımi şərait yaradılıb.

 

“Saib Təbrizi” xalçası

Azərbaycan ərazisində 1500-ə qədər boyaq əhəmiyyətli bitki var. Keçmişdə boyaqçılar onlara məlum olan boyaq bitkilərinin, sadəcə, bir qismindən istifadə ediblər. Muzeydə nümayiş olunan məlumat lövhəsində hansı bitkidən hansı rəngin alındığını öyrənmək olar. Eksponatlar arasında boyanmış yun nümunələrini də görmək mümkündür. Buradakı xam qoyun yunundan söz açan həmsöhbətim qeyd edir ki, Cəfər Mücirinin fondda qorunan “Saib Təbrizi” xalçası koloriti qoyun, dəvə və keçi yunlarından əyirilmiş qara, qonur, boz, ağ rəngli iplərin təbii rənglərindən alınmışdır. Belə ki, xalçaçı rəssamın təbii iplik üçün soraqlaşmadığı yer qalmayıb. Düz on ilə yaxın çoxdan ürəyində gəzdirdiyi çeşnini həyata keçirmək üçün lazım olan ipləri axtarıb. Xalça müəyyən fasilələrlə təxminən bir ilə toxunub tamamlanmışdır. Muzeyin direktoru Şirin Məlikovanın təşəbbüsü ilə bu ənənə yenidən təkrarlanıb və boyanmamış təbii yundan bir çox yeni xalçalar toxunub. Həmin xalçalar muzeydə qorunub saxlanılan dəyərli nümunələr kimi yer alır.

 

“Zəfər” xalçası

Muzeyin ikinci mərtəbəsində üstündə “Qarabağ Azərbaycandır” yazısı həkk olunmuş “Zəfər” xalçası yer alır. Bu Azərbaycan Ordusunun Zəfərinə həsr edilmiş xalçadır. Xalçanın kompozisiyasında Qarabağın xalça xəritəsi və xalçanın ara sahəsində isə 4 ünsür var. “S” elementi suyu, buta alovu, xarıbülbül havanı, bitki isə torpağı təmsil edir. Rəqs edən insan təsvirləri ənənəvi xalçalardan götürülüb. Xalçanın ana haşiyəsində qarşı-qarşıya dayanmış quş təsvirləri isə sevginin, məhəbbətin simvoludur. Burada əjdahanın simurq quşu ilə mübarizə səhnəsi də əks olunub. Xalçaçı rəssam bildirmək istəyib ki, Azərbaycan xalqının birliyi, sevgisi əsasında ordumuz şər üzərində qələbə çaldı və bütün Azərbaycan torpaqları işğaldan azad olundu. “Qarabağın xalça xəritəsi” layihəsi çərçivəsində toxunan xalçanı gördükdə fərəhlənməmək mümkün deyil.

Eyni zamanda, burada aparılan profilaktik tədbirlərdən sonra ekspozisiyada təqdim olunan yeni eksponatları görmək mümkündür. Bu xalçalar motiv, kompozisiya müxtəlifliyi, rəng həllinin dolğunluğu və parlaqlığı ilə seçilir. Yeni nümayiş olunan xalçalara “Çıraqlı”, “Çaylı”, “Bəhmənli”, “Çələbi”, “Novxanı” və sair bu kimi xalçaları misal göstərmək olar.

 

Qarabağ evi

Ekspozisiyada nümayiş olunan unikal eksponatlardan biri də 1980-ci ilə aid olan “Əsrlərin nəğməsi” xalçasıdır. Bu xalçanın müəllifi tanınmış alim Lətif Kərimovdur. Xalçanın zəngin kompozisiyasında müxtəlif, bir-birini təkrarlamayan 1000-ə yaxın ornamental element kompozisiyaya ritm verən doqquz sırada yerləşdirilib. Belə ki, bu xalçada yer üzünün ilk sakinləri hesab edilən Adəm və Həvvanın təsvirini də görmək olar. 

İkinci mərtəbədə yerləşən və “Qarabağ evi” adlanan otaq məndə xüsusi maraq oyatdı. XVIII-XIX əsrlərdə Qarabağda malikanələrin tərtibatında xalça və xalça məmulatlarından geniş şəkildə istifadə olunub. Elə bu otağın divarları və yeri də xalçalarla döşənilib. Burada istifadə olunan xalça “Qoca” xalçası adlanır. Xalçanın bu adla adlandırılması - “Xocavənd” kəndinin adı ilə bağlı olmuş lakin sonralar Qarabağın qocaman xalçaçıları tərəfindən “Qoca” adlandırılıb. Həqiqətən də əsl Qarabağ evlərini xatırladır. Ensiz, uzun otaqda ocaq, taxça, şərbət qabı və şəbəkə üsulu ilə hazırlanmış pəncərə də var. Otağın tavanı freskalarla bəzədilib. Həmçinin həmin freskalar xalçaların kompozisiyasında da təkrarlanır. Bələdçi deyir ki, Şəkidə Şəkixanovlar, Şuşada Mehmandarovlar ailəsinin malikanələrinin tərtibatı buna misal ola bilər.

Xalça Muzeyində qorunub saxlanılan hər bir eksponat özündə müxtəlif fikirləri ehtiva edir. Xalçaların naxışlarına baxdıqca yeni məna çalarları kəşf edirsən. Burada xalçaçı alim Lətif Kərimovun sözləri yada düşür: “Xalçanı sevin. Xalça heç vaxt sizi tənha qoymaz, xəyanət etməz. Xalça həmişə sizi saxlayar, müdafiə edər, kömək edər və sevindirər”.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.