Dövlət Film Fondunda 80 mindən çox film materialları qorunub saxlanılır - REPORTAJ

 

Dünyanın ən nüfuzlu kinorejissorlarından biri olan Luis Bunuel deyir ki, kino hissləri, arzuları və şüuraltını izah etmək üçün ən yaxşı vasitədir. Bu sahə dünya mədəniyyətində möhkəm dayaqlar yaradıb. Günümüzdə Azərbaycan incəsənətinin sürətlə inkişaf edən sahələrindən biri olan kinonun tarixi dünya kinosu ilə eyni anda yaranıb və keşməkeşli günlərdən keçərək mütərəqqi inkişaf yolu qət edib. Bu qiymətli incəsənət nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsi üçün tarixən müxtəlif üsullardan istifadə edilib. Hazırda filmlər rəqəmsal cihazlarda saxlanılır, əvvəllər isə kinolentlərdən istifadə olunurdu. Ölkəmizdə istehsal olunan film kinolentlərinin nüsxələri Dövlət Film Fondunda qorunur. 

2 Avqust - Azərbaycan Kinosu Günü ərəfəsində Bakı Dövlət Universitetinin AzərTAC-da təcrübə keçən tələbələri Dövlət Film Fondunda olublar.

Beş əsas fəaliyyət istiqaməti olan Fond

Dövlət Film Fondu Bakı şəhəri, Moskva prospekti 1D ünvanında yerləşir. Fondun həyətinə daxil olduqda sağ tərəfdə yerləşən kiçik və ortahəcmli çəkiliş kranlarını və kömürlə işləyən işıq qurğularını görürük. Muzeyin əməkdaşı bizi qarşılayır və birlikdə fondun binasına daxil oluruq. 2008-ci ildə Prezident İlham Əliyevin “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na əsasən inşa olunmuş zövq oxşayan binanın birinci mərtəbəsində yer alan guşədə Ümummilli Lider Heydər Əliyevin kino xadimləri ilə görüşlərini əks etdirən fotolar nümayiş olunur.

Keçmiş sovetlər dönəmində Azərbaycanda “Film Fondu” anlayışı olmayıb. Ona görə ki, həmin dövrdə çəkilən filmlər birbaşa olaraq Moskvaya təhvil verilirdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra belə bir təşkilatın yaranmasına ehtiyac duyulub. Məhz bu səbəbdən də 1994-cü ildə Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Film Fondu yaradılıb. Fondun 5 əsas fəaliyyət istiqaməti var; filmlərin bərpası və qorunması; milli və xarici kino sənətinin təbliği; arxiv material-faktlarının toplanması; elmi – tədqiqat və araşdırma işlərinin aparılması; beynəlxalq əlaqələr üzrə işlərin aparılması. Fondda 80 mindən çox saxlanma vahidi həcmində film materialları qorunub saxlanılır.
Binanın dəhliz divarlarında xronoloji ardıcıllıqla film çəkilişlərinin kadr arxası fotoları sərgilənir. Burada bir çox məşhur Azərbaycan filminə aid çəkilişləri görmək mümkündür. Şəkillərə baxdıqca bir anlıq keçmişə səyahət edirik. Bundan başqa “İşarəni dənizdən gözləyin”, “Uzaq sahillərdə”, “Qırmızı qatar” və digər ekran əsrlərində istifadə olunan gəmi, qatar və s. maketlər bizdə böyük maraq oyadır.

Bu otaqda 5 dəqiqədən artıq qalmaq insan sağlamlığı üçün təhlükəlidir

Fondun əməkdaşı bizi filmlərin saxlandığı otaqla tanış edir. Mavi, qırmızı və sarı rəngli lentlərin saxlandığı otaqda temperatur aşağı, hava isə rütubətsiz idi. Öyrəndik ki, mavi rəng pozitiv, qırmızı neqativ yüklü lenti, sarı isə səs yazısı olduğunu bildirir. Lentlərə ziyan dəyməməsi üçün müxtəlif prosedurlar aparılır. Bu otaqda 5 dəqiqədən artıq qalmaq insan sağlamlığı üçün təhlükəlidir.

Daha sonra fondda fəaliyyət göstərən muzeydə oluruq. Azərbaycanda kino muzeyi ilk dəfə “Azərbaycanfilm” kinostudiyasının nəzdində 1970-ci illərdə yaradılıb. Təəssüflər olsun ki, 90-cı illərdə həmin muzeyin fəaliyyəti dayandırılıb. Bu səbəbdən də eksponatlar təhlükə altında qalıb. 1996-cı ildə kino muzeyi Film Fondunun tərkibində bərpa olunub. Ötən müddətdə fərqli məkanlara səpələnən və kino xadimlərimiz, onların ailələri tərəfindən qorunub, saxlanılan eksponatlar yenidən muzeyə təhvil verilib.

Üzərində saat olan zərif üzüyə baxmamaq mümkünsüzdür

Bir otaqlı kiçik muzey özlüyündə böyük tarix yaşadır. Bir zamanlar televizor ekranlarında baxdığımız filmlərdə istifadə olunan əşyaları indi canlı olaraq görürdük. "Sehrli xalat" filmindəki sehrli xalat, "Qatır Məmməd" filmindəki Qatır Məmmədin obrazı üçün istifadə edilən əşyalar da bu Fonddadır. Burada qorunan ən qədim eksponat 1910-cu ilə aid Fransa istehsalı olan kameradır. Demək olar ki, Azərbaycanın bütün səssiz filmləri bu kameranın önündə çəkilib. Dövlət Film Fondunda qorunan ən qədim afişa isə 1934-cü ilə aid olan rejissor Mikayıl Mikayılovun “İsmət” filminin afişasıdır.

Burada Azərbaycanın bir çox tanınmış kino xadimlərinin şəxsi əşyalarını görmək mümkündür. Şərqin ilk qadın kinorejissoru Qəmər Salamzadənin əşyaları nümayiş olunan stenddə üzərində saat olan zərif üzüyə baxmamaq mümkünsüzdür. İlk dəfə idi ki, belə bir üzük görürdük.

Muzeydə saxlanılan tələbə bileti

Azərbaycanın korifey sənətkarı Adil İsgəndərov aktyorlar üçün zamanında teatr studiyası açıb. Bizim bir sıra məşhur filmlərdə rol almış aktyorlarımız yenidən orada tədris prosesində iştirak ediblər. Onlar həm öyrənib, həm də öyrədiblər. Həmin studiyaya aid xüsusi tələbə bileti olub və bu tələbə bileti də dəyərli eksponat kimi muzeydə saxlanılır.

Vaxtı ilə “Azərbaycanfilm”də çəkilişlər zamanı fotosınaqlarda istifadə olunan fotoaparat da eksponatlar sırasındadır. Bu fotoaparat fotoqraf Pərviz Quliyevin arxivindəndir. Demək olar ki, bütün məşhur aktyorlarımız bu kameranın önündə fotolarını çəkdiriblər.

Cinlərin əlində tutduğu dəyənək

1997-ci ildə çəkilmiş “Qərib cinlər diyarında” filmində cinlərin əlində tutduğu dəyənəklərdən biri də Fondda saxlanılır. Həmin filmdə ikinci operator vəzifəsində işləyən kinooperator Ələkbər Muradov dəyənəklərdən birini götürüb özündə saxlayıb və daha sonra Fonda təhvil verilib. İllər keçdikcə keyfiyyətini itirən dəyənək Fond tərəfindən bərpa olunub.

“Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllimin əsgərlərə sabun payladığı çamadanı yəqin ki, filmi izləyən hər kəs görüb. Bax, həmin çamadan da burada qorunub, saxlanılır.
Eksponatları izləyərkən gözümüz bir diploma sataşdı. Öyrənirik ki, bu diplom 30 yaşında film çəkilişləri zamanı faciəvi şəkildə həlak olan gənc rejissor Ramiz Əsgərovun “Yaşamaq gözəldir, qardaşım” adlı filminə aiddir.

Fondun beynəlxalq əlaqələri

Dövlət Film Fondu işini günün tələblərinə uyğun qurmaqla yanaşı, həm də beynəlxalq əlaqələrin inkişafına da xüsusi diqqət ayırır. Belə ki, Fond 1999-cu ildən üzvü seçildiyi Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) tövsiyələri əsasında beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərir. Bunun üçün Fond Federasiyanın Brüssel şəhərində yerləşən qərargahı ilə müntəzəm olaraq əlaqə saxlayır, onlardan müxtəlif adda kino ədəbiyyatları, dünya kinosunda arxiv işinin təşkili və bu sahənin inkişafındakı yeniliklər haqqında informasiyalar alır.

Burada olarkən onu da öyrəndik ki, Fondda 11100 adda Azərbaycan və dünya kino əsərlərinin orijinalları və nüsxələri saxlanılır. Həmçinin Fondda kino tarixi ilə bağlı 12 mindən çox foto, dünyanın müxtəlif yerlərində istehsal edilən filmlərin fotoşəkilləri qorunur.
Azərbaycan kinosunun 125 illiyinin, “Azərbaycanfilm” kinostudiyasının isə 100 illiyinin qeyd olunduğu bu günlərdə Fondla tanışlıq bizə kino tariximizlə bağlı çox şeyləri yenidən xatırlatdı. Bir daha əmin olduq ki, bu gün ölkəmizin təxminən bir əsrə yaxın film ehtiyatlarını saxlamaq qabiliyyətinə malik Dövlət Film Fondunda geniş miqyasda görülən mühüm və əhəmiyyətli işlər milli kino sənətimizin dəyərli incilərinin – müxtəlif illərdə çəkilmiş filmlərin daha mükəmməl və etibarlı qorunmasına imkan yaradır.

“Ədəbiyyat və incəsənət”
(01.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.