“Uşaqlarıma məktəbdə deyirdilər ki, ataları “arvad paltarı”nda səhnəyə çıxır”

Əməkdar artist Çingiz Əhmədov açıqlaması ilə gündəmə gəlib. 

“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən bildirir ki, 60 yaşlı sənətkar qonaq olduğu "Qonağın qonağı" verilişində kişi aktyorların qadın paltarı geyinməsindən danışıb. 

 

İllər əvvəl həmkarı Əməkdar artist Rəhman Rəhmanovla "Oradan-buradan" silsilə teletamaşalarda qadın obrazlarını canlandıran Əhmədov sözügedən mövzuya bu cür münasibət bildirib: 

 

"Mən 39 ildir ki, Akademik Musiqili Teatrda çalışıram. Həmkarım Rəhman Rəhmanov isə 50 ildir ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrında işləyir. "Oradan-buradan"ı yenidən bərpa etmək üçün həm vaxt, həm də məşqlər lazımdır. Eyni zamanda da güclü ssenaristə ehtiyac var.

 

O zamanlar övladlarım İbrahim və Çinarə kiçik yaşda idilər. Onları mütəmadi təhsil aldıqları 189 saylı orta məktəbdən götürürdüm. Onların yaşıdları uşaqlarımın başına yığışıb deyirdilər ki, bunların ataları "arvad paltarı"nda səhnəyə çıxır. Bunu eşitdim və mənə çox pis təsir etdi. O sözlərdən sonra dedim ki, yetər, qadın obrazında çıxış etmək. 2006-cı ildə sonuncu "Oradan-buradan" konsertini verdik.

 

Dedim ki, bununla da biz qadın paltarı geyinərək qadın obrazlarına son qoyuruq. Hər şeyin vaxtı, zamanı var. Bu da tükənməli, bitməlidir. Olmaz! Mən aktyoram.

 

Qadın paltarını çalışdığım teatrda da geyinə bilərəm. Marat Haqverdiyevin "Qısqanc ürəklər" komediya tamaşasında "hamilə qadın" və "sevgili qəhrəman" rolunu canlandırırdım. Teatr aktyorlarına qadın paltarı geyinib qadın obrazını oynamaq çox çətindir. Bizdən əvvəl qadın obrazlarını Mirzəağa Əliyev, Mösüm Sənani, Rafael Dadaşov, Yaşar Nuri canlandırıb". 

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.