Bakı Kitab Mərkəzində etnomusiqişünas Tahirə Kərimovanın görkəmli bəstəkar Fikrət Əmirov haqqında yazdığı “Həyat partiturasında ustadın imzası” kitabının təqdimat mərasimi keçirilib.
Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə qonaqları salamlayaraq, kitabla ilk tanışlığından danışıb.
Nəşrin müəllifinin qızı, “Mədəniyyət” telekanalının direktoru Ülviyə Könül deyib ki, kitab 39 il öncə dahi bəstəkar Fikrət Əmirovun iştirakı ilə yazılıb: “Bu gün bu neçə ildən sonra kitab işıq üzü görüb. Bununla da mən həm övlad, həm də vətəndaşlıq borcumu yerinə yetirə bildim. Cəsarət edib deyə bilərəm ki, bu, ölməz bəstəkar barədə yazılan ən yaxşı əsərlərdən biridir”.
Tahirə Kərimovanın kitabının çox gözəl nəşr olduğunu qeyd edən AMEA-nın müxbir üzvü Rəna Məmmədova-Sarabskaya deyib: “Kitabı oxuyaraq, çox zövq aldım, çünki o, çox mənalı dildə yazılıb və Fikrət Əmirovun şəxsiyyətini çox gözəl ifadə edir. Mən hər kəsə bu kitabı oxumağı tövsiyə edirəm”.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digərləri Fikrət Əmirovun zəngin yaradıcılıq irsindən danışıblar və təqdim olunmuş kitabın Azərbaycan musiqişünaslığına böyük töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Fikrət Əmirovun oğlu, məşhur caz musiqiçisi Cəmil Əmirov, kitabın müəllifinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Təqdimatın sonunda kitabın müəllifi Tahirə Kərimova bəstəkar haqqında xatirələrini bölüşüb və qonaqlar üçün kitabları imzalayıb.
Kitab Fikrət Əmirovun həyat və yaradıcılığının tarix kontekstində dərk edilməsinə həsr olunub. Müəllifin geniş dünyagörüşü, Azərbaycan folklorunun xüsusiyyətlərini və mədəniyyətin tarixini dərindən bilməsi, eləcə də sənədlərinin və həm bəstəkarın müasirlərinin, həm də özünün xatirələrinin daxil edilməsi kitaba xüsusi dəyər verir. Nəşrdə üç üslub - bədii, elmi və publisistik üslublar məharətlə birləşdirilib ki, bu da onun oxunuşunu təkcə peşəkar musiqiçilər üçün deyil, həm də geniş oxucu kütləsi üçün valehedici edir.
“Ədəbiyyat və incəsənət”
(24.06.2023)