Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə layihələrdən biri də Azərbaycan yazıçısı Qurban Səidin “Əli və Nino” əsərinin Azərbaycanda yaşayan müxtəlif xalqların dillərinə tərcümə edilərək nəşr edilməsidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidmətindən verilən məlumata görə, layihə çərçivəsində bu dəfə görkəmli Azərbaycan yazıçısı Qurban Səidin Avropanın və ABŞ-nin tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri tat dilinə tərcümə edilərək çap olunub.
“Əli və Nino” kitabının tərcüməsinin ideya müəllifi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulladır. Redaksiya heyətinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, filologiya elmləri doktorları, professorlar Şirindil Alışanlı, Tehran Alışanoğlu və tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi daxildirlər. Layihəyə məsul şəxs mərkəzin şöbə müdiri Rəşad İlyasovdur. Rafiq Səməndərin rəyçi olduğu kitabı tat dilinə Rusiya Vladimir Dövlət Universitetinin dosenti Telman Əliyev tərcümə edib.
Qeyd edək ki, “Əli və Nino” kitabı ədəbiyyatımızın ən məşhur və qalmaqallı əsərlərindən biridir. Kitab dünyanın 33 dilinə tərcümə olunaraq 66 ölkədə nəşr edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Əli və Nino” əsəri ötən illərdə udi, talış və ləzgi dillərinə də tərcümə edilərək çap olunub.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)