Heydər Əliyev Mərkəzində Mir Möhsün Nəvvaba həsr edilən kitabın təqdimatı olub

 

İyunun 13-də Heydər Əliyev Mərkəzində “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı kitabın təqdimatı keçirilib. 

 

AzərTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri və səfər zamanı Mir Möhsün Nəvvabın Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarının və ona həsr olunan sərginin ziyarətini əks etdirən videoçarx nümayiş olunub. 

Kitabın müəllifi, Heydər Əliyev Fondunun layihə koordinatoru Səbuhi Əhmədov Mir Möhsün Nəvvab Qarabaği və nəşr haqqında məlumat verib. Kitabın Nəvvabın indiyədək məlum olmayan irsinə həsr olunduğu, nəşrin hazırlanmasında arxiv və muzey materiallarından istifadə edildiyi diqqətə çatdırılıb.

Diqqətə çatdırılıb ki, qədim Şuşada dünyaya göz açan Mir Möhsün Nəvvab Azərbaycan tarixinə alim, pedaqoq, şair, musiqişünas, rəssam, xəttat və filosof kimi daxil olub, zəmanəsinin görkəmli şəxsiyyətlərindən biri kimi tanınıb. Onun milli ənənələrə sıx bağlı olan yaradıcılığı Azərbaycan təsviri sənət tarixinin parlaq səhifələrindən birini təşkil edir. Monumental və dekorativ sənət qrafikası sahəsində yaratdığı süjetli kompozisiyalar özünəməxsusluğu ilə seçilir. Onun işləri Şuşadakı Gövhər Ağa məscidinin minarələrini, vaxtilə yaşadığı evi və dərs dediyi məktəbin binasını bəzəyirdi. Azərbaycan və ingilis dillərində hazırlanan kitabda əksəriyyəti ilk dəfə işıq üzü görən 100-dən çox foto, rəsm, sxem və xəritələr təqdim edilir. Mir Möhsün Nəvvabın rəssam və musiqi nəzəriyyəçisi kimi fəaliyyəti ilə bağlı ayrı-ayrı kitablar çap olunsa da, onun fəaliyyətini bütövlüklə əks etdirən nəşr mövcud deyildi. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə nəşr edilən bu kitabda Mir Möhsün Nəvvab Qarabağinin tərcümeyi-halı, həyat və yaradıcılığı haqqında məlumat verilir, maarifpərvər fəaliyyəti işıqlandırılır. Onun Əlyazmalar İnstitutunda 50-dən çox əsəri qorunur və onların arasında unikal əsərlər var. O, həmçinin filosof idi. Gənclərə ithaf etdiyi “Nəsihətnamə” əsərində beş mindən artıq nəsihət toplanıb. Bununla gənc nəslin tərbiyəsinə də Mir Möhsün Nəvvab öz töhfəsini verib. O, həm də şair və ədəbiyyatşünasdır. Yaratdığı əsərlər sırasında onun şeirlər toplusunu da xüsusən qeyd etmək olar. Nəvvab Azərbaycan poeziyasını inkişaf etdirməyə çalışmış bir şəxsiyyətdir. Bütün bu sadalanan özəlliklərdən əlavə o, həmçinin musiqişünas alim kimi də tanınıb.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Tarix Muzeyində Nəvvabın yaradıcılığına aid materialların qorunub saxlanılmasından, o cümlədən təqdimatı keçirilən kitabın mövzusuna aid olan eksponatlar haqqında danışıb. “Məlumdur ki, Nəvvab orta əsrlərə aid Azərbaycan silahlarından ibarət kolleksiya toplayırdı və onun kolleksiyasından bir neçə silah hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Onun silah kolleksiyası bizim Muzeyə 1940-ci ildə oğlu tərəfindən təqdim olunub. Bu kolleksiya özlüyündə gözəl sənət əsərləridir. Onlara təkcə silah kimi yanaşmaq zənnimcə düzgün olmaz, çünki bu unikal eksponatların üzərində xüsusi incəliklə işlənmiş naxışlar da var. Həmçinin o silahların məhz Azərbaycanda istehsal olunması bizim tariximiz üçün çox vacib bir faktdır”, - deyə akademik qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Mir Möhsün Nəvvab Qarabağinin ədəbiyyatdakı rolundan və bu sahəyə olan töhfələrindən danışıb: "Yazıçı kimi də uğur qazanan Mir Möhsünün əsərləri içərisində "Təzkireyi-Nəvvab" toplusu daha çox maraq doğurur. Qarabağın 100-dək orta əsr şairinin həyatı və yaradıcılığından bəhs edən bu toplu 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunub”.

Qeyd edilib ki, Nəvvabın bu il anadan olmasının 190 ili tamam olur. Bu ilin may ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Şuşaya səfəri zamanı əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışını etdikləri Yuxarı Gövhər Ağa məscidinin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib. Məscidin ərazisində yerləşən mədrəsə binasında isə hazırda “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” adlı sərgi açılıb. Eyni zamanda Şuşada Heydər Əliyev Fondu tərəfindən Nəvvabın qəbirüstü abidəsi bərpa olunub. 

Təqdimatın bədii hissəsində Nəvvabın yaradıcı ruhuna uyğun olaraq XVIII–XIX əsrin musiqiləri ifa olunub. Bununla da təqdimat məkanında Nəvvabın yaşadığı dövrün ab-havası yaradılıb. Səhnədə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Qədim Musiqi Alətləri Ansamblı”, ansamblın solistləri Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynova və aktyor, Əməkdar artist Elnar Qarayev Nəvvabın qəzəllərini səsləndiriblər, onun şeirləri əsasında muğam ifa olunub. Gecədə “Mirvari” Rəqs Ansamblının xəncərlərlə rəqsi maraqla qarşılanıb. 

Tədbirin maraqlı məqamlarından biri auditoriyanın da təqdimata cəlb edilməsi olub. Belə ki, auditoriya bir növ şeir fləşmobuna qoşulub və tamaşaçılar tərəfindən Nəvvabın şeirləri səsləndirilib. 

Sonda Heydər Əliyev Mərkəzinin foyesində Nəvvabın rəsm əsərlərinin surətlərindən ibarət stendlər nümayiş olunub və tədbir iştirakçılarına "Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” kitabı təqdim edilib.

 

 “Ədəbiyyat və incəsənət”

(14.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.