Xalq yazıçısı Elçinin pyesləri respublikamızda olduğu kimi, Azərbaycan sərhədlərini aşaraq bir çox xarici ölkə teatrlarında da uğurla nümayiş olunur. Bu əsərlər müasir ədəbiyyatımızın tanıdılması və təbliğində mühüm rol oynayır. Onun pyesləri əsasında Nyu-York, London, Roma, İstanbul, Ankara, Moskva, Sankt-Peterburq, Seul və dünyanın başqa böyük şəhərlərinin teatrlarında hazırlanmış səhnə əsərləri tamaşaçıların rəğbətini qazanıb, bu pyeslər müasir Avropa dramaturgiyasının uğurları kimi qiymətləndirilib. Əlamətdar hadisədir ki, Cənubi Koreyada Seul Opera və Balet Teatrının sifarişi ilə Azərbaycan yazıçısının “Cəhənnəm sakinləri” pyesi əsasında ingilis bəstəkarı Lorens Mark Viti müzikl yazıb. Müzikl teatrın səhnəsində tamaşaya qoyulub və böyük müvəffəqiyyət qazanıb.
AzərTAC xəbər verir ki, bu günlərdə Romada “Tedi Editore” nəşriyyatı Elçinin məşhur “Teleskop”, “Mənim sevimli dəlim” və “Şekspir” tragikomediyalarından ibarət kitabı nəfis şəkildə nəşr olunub. Pyesləri italyan dilinə Monika Puqlia tərcümə edib. Kitabdakı “Ön söz” müəllifi görkəmli alim və ictimai xadim, akademik, Milan Dövlət Universitetinin professoru Stefano Bruno Gallidir. O yazır: “Elçinin müasirliyi müasir dramaturqlar arasında məni xüsusilə heyrətləndirdi”. Professor eyni zamanda vurğulayır ki, bu əsərlərin mövzusu ümumbəşəridir. Kitabda ədəbiyyatşünas Jan Pertin Elçinin həyat və yaradıcılığı haqqında yazdığı ətraflı məlumat da çap edilib.
Qeyd etmək lazımdır ki, bir müddət bundan əvvəl Xalq yazıçısının “Baş” romanı da Romada italyan dilində nəşr olunub və böyük maraqla qarşılanıb.