"Atam Yalçın Rzazadə mənə heç vaxt dəstək olmayıb. Heç bir telekanal, heç bir veriliş işçisi deyə bilməz ki, Yalçın müəllim zəng edib, mənim üçün xahiş edib. Belə şey ömründə ola bilməz. Heç xoşlamırdı ki, onunla bərabər verilişə qonaq gedim. Hətta veriliş əməkdaşları da məni atamla birlikdə efirə qorxa-qorxa dəvət edirdilər ki, Yalçın müəllim bunun əleyhinə olacaq. Bir məqam da var idi, mən bunu heç vaxt vurğulamamışam, deməmişəm. Çünki hardasa xətrimə dəyib, məni incidib belə addımlar. Hətta Yalçın müəllimin Heydər Əliyev adına sarayda keçirilən 50 illik yubiley konsertində də mən oxumamışam. Yalçın müəllim məni o konsertə də çıxarmadı ki, sonra deyəcəklər ki, öz yubiley konsertində oğluna təkan verir, onu qabağa salır"
Bunu moderator.az-a açıqlamasında xalq artisti, görkəmli sənətkar Yalçın Rzazadənin müğənni oğlu Mətin Rzazadə deyib.
"Mənim tanınmağım ən çoxu bu son iki ilə-Yalçın müəllimi itirdikdən sonraya təsadüf etdi. Baxmayaraq ki, 10 ildən artıqdır oxuyuram. Yalçın müəllim rəhmətə gedəndən sonra Oqtay Əliyev mənə zəng vurdu və dedi ki, "oğul, mən sənə hərtərəfli dəstəyəm və sənin yanındayam". Allah ona rəhmət etsin. Mən onun etdiyi yaxşılıqları ölən günümə qədər unutmayacam. Bu günki tanınmağımı Oqtay Əliyevə borcluyam. Oqtay müəllimin verilişləri, tanışlıqları, dəstəyi hesabına mən son iki ildə xeyli irəlilədim. Bir məsəl var-yetimə gəl-gəl deyən çox olur, amma çörək verən az. Yalçın müəllimin ətrafında çox adam var idi. Hansı ki, deyirdilər "Mətinə dəstək olacağıq, ay elə, ay belə". İndi haradadır o adamlar? Bu günə qədər mənim dəstəyə ehtiyacım olub. Bu gündən sonra mənim o dəstəyə ehtiyacım da yoxdur. Çünki xalq məni qəbul edib. Ola bilsin ki, kiminsə 5 milyonluq, 3 milyonluq auditoriyası var. Mənim auditoriyam ola bilər ki, 10-15 mindir. Amma o auditoriya musiqidən başı çıxan, musiqiyə dəyər verən insanlardır. Bu məni qane edir. Düşünürəm ki, məni artıq Yalçın Rzazadənin oğlu Mətin kimi yox, Mətin Rzazadə kimi qəbul ediblər" deyə Mətin Rzazadə bildirib.
Müğənni atasının mahnılarına icazəsiz müraciət edənlərdən də danışıb.
"Atamın mahnılarına müraciətlə bağlı dediyim sözlərdə mənə heç kim irad tuta bilməz. O ki, qaldı icazəyə. İcazə istəmək böyük qanacaq, tərbiyə tələb edir. Gənclərin hamısına aid olmasa da, bir çoxları var ki, heç onların oxuma mədəniyyətləri yoxdur, qaldı ki, insanlıq mədəniyyəti olsun. Özləri nə oxuyurlar ki, hələ icazə istəmək üçün mədəniyyətləri də çatsın. 33 yaşım var, gənc müğənni sayılıram, amma heç istəmirəm ki, mənim adımı indiki gənc müğənnilərlə səsləndirsinlər, bir tutsunlar. Verilişlərə də çox çıxmıram, ayda bir verilişə qonaq gedirəm. Sadəcə olaraq maraqlı deyil. Həmyaşıdlarımla efirə çıxanda nə söhbət edim?! Nə həyat tərzimiz, nə də ki sənətimiz bir deyil ki, durub onlarla sənətdən danışım" deyə o bildirib.
Mətin Rzazadə atasının mahnılarını nadir hallarda dinlədiyini bildirib.
"Mən atamı itirmişəm. Fikirləşmirəm ki, müəlimimi, ustadımı, mənə bu sənəti öyrədən ustadımı itirmişəm. Desəm bəlkə də inanmazsınız, bu son iki ildə ürəyim gəlmir ki, Yalçın müəllimin mahnılarını dinləyim. Sonuncu dəfə Yalçın müəllimin mahnısını 1 ay bundan öncə dinləmişəm. Cabir Novruzun Yaşıl teatrda 90 illiyinə həsr olunmuş gecə keçirilirdi, orada onun mahnısını ifa etməli idim. Məhz onda maşında dinlədim. Hətta Yalçın müəllimin mahnılarını haradasa eşidəndə, kimsə ifa edəndə, mənə çox pis təsir edir, xoş olmur. O mahnıları yenidən dinləmək mənim üçün ağırdır. Neçə yaşım olursa-olsun onun yeri həmişə mənim üçün boş qalacaq.Bizim evdə, ailədə onun yeri görünəcək, söhbətləri dilimizdə gəzəcək" deyə Mətin Rzazadə bildirib.
Mətin Rzazadə atasının ev muzeyinin yaradılması ilə bağlı addımların atılacağını da bildirib.
"Ev muzeyi mütləq olacaq. Bunun üzərində çalışacağıq. Sadəcə olaraq mənim başım sənətə, öz işlərimə qarışıb. Gərək bütün işimi-gücümü kənara atıb, bununla məşğul olum. Ev muzeyinin üstündə mütləq çalışacağıq və onu ərsəyə gətirəcəyik. Baxmayaraq ki, Yalçın müəllimin 3 övladı var, amma onun sənətinə yaxın olan övladı mənəm. Ona görə də bunu ilk mən etməliyəm ki, sonradan qardaşlarım mənə dəstək olsunlar" deyə müğənni bildirib.
“Ədəbiyyat və incəsənət”
(06.06.2023)