“Azərkitab” yayınlarında yazıçı Adəm İsmayıl Bakuvinin “Paris üçbucağı” sənədli romanı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu roman Adəm İsmayıl Bakuvinin böyük rezonans doğurmuş “Məhşər divanı: Yalanın 17 anı” romanından sonra işıq üzü görən sayca ikinci romanıdır. Bu roman da siyasi romandır, burada da erməni-azərbaycanlı münaqişəsi geosiyasi maraqlar konteksində araşdırılır, amma roman həm də azərbaycanlı və fransız gənclərinin - Ülvinin və Suzannanın ülvi məhəbbətlərini özündə daşıyan bir melodramdır.
Tarixi faktlarla zəngin olan “Paris üçbucağı” maraqla oxunur, axıradək oxucunu gərginlik içində saxlayır. Roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Yazıçı portalımıza şərhində yeni romanı barədə söyləyir: “Mənim hədəfim daha çox beynəlxalq arealdır. Məqsədim Azərbaycanın haqq işini bədii-sənədli təcəssümlə statistik dünya oxucusuna çatdırmaqdır. Yeni romanımın əsas hədəfi əsasən fransız oxucudur. Əminəm ki, bu oxucu “Paris üçbucağı” ilə tanışlıqdan sonra “türklər tərəfindən genosidə məruz qalmış zavallı ermənilərin” obrazını ötən əsrin 70-ci illərində Fransada 70-ə yaxın terror aktı törədib fransızların qanını tökən erməni obrazına dəyişəcəklər.”
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)