“Ədəbiyyat və incəsənət” bu adı dəfələrlə çəkib. Fəxrəddin Qurbanov (Qasımoğlu)! O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşıdır. Polkovnik-leytenant 30 ildən çoxdur ki, Azərbaycanın daxili işlər orqanlarında çalışır və bu müddətə rəğmən, bütün məsuliyyəti və peşəsinə olan sevgisi ilə çalışmaqda davam edir.
Bu yaxınlarda onun “Son gecə” romanının ardınca növbəti - ikinci kriminal detektivi cap olunub. “On ikiyə işləmiş...” adlı bu kitabın da maraqla qarşılanacağı şübhəsizdir.
“Ədəniyyat və incəsənət” portalı Daycest bölümündə Fəxrəddin Qurbanovun Oxu.Az-a verdiyi müsahibəsinin maraqlı məqamlarını diqqətinizə çatdıracaq.
Fəxrəddin Qurbanovun kitablarında həqiqi cinayət işlərinin epizodlarından bəhs edilir. Yazıçı 30 il ərzində daxili işlər orqanlarında topladığı təcrübədən istifadə edir, amma əsərdə yer alanlar, əsasən, təxəyyülün məhsuludur. Oxucuya təkcə cinayətin tarixi yox, həm də bu cür hallarda özünü necə müdafiə etməyin lazım olduğu barədə məlumat verir.
Qəhrəmanımız uşaqlıqdan oxumağı, xüsusən də detektiv janrlı kitabları sevir. Fəxrəddin Qurbanov hesab edir ki, növbəti maraqlı detektivi oxuduqdan sonra ona ilk kitabını yazmaq ilhamı gəlib.
- Kitabınız nə barədədir?
- Roman polis əməkdaşlarının cinayətkarlığa qarşı mübarizəsindən, onların istefaya çıxdıqdan sonra da həyatlarını həsr etdikləri bu yolda əqidələrinə sadiq qalaraq mübarizə aparmalarından bəhs edir.
Romanın süjet xətti biri otuz il əvvəl, digəri isə yenicə törədilmiş iki qətl hadisəsinin paralel olaraq araşdırılması üzərində qurulub. Əsərin baş qəhrəmanı, mayor rütbəsində istefaya çıxdıqdan sonra fəaliyyətini detektiv kimi davam etdirən peşəkar polis zabiti Bəxtiyar Nəzərlinin bu araşdırmalar zamanı hər iki cinayətin açılması istiqamətində istifadə etdiyi üsullar, düşünürəm ki, oxucu üçün çox maraqlı olacaq. Onun psixoloji və məntiqə söykənən gedişlərinin həm səbəbləri, həm də nəticələri bir çox hallarda əsərin sonunadək oxucu üçün müəmma olaraq qalır ki, bu da əsəri daha maraqlı etməyə xidmət edir.
Polis sıralarında xidmət etməyin şərəfli olmaqla yanaşı, nə qədər maraqlı olduğunu da gənc nəslə təlqin etməklə, eyni zamanda, cinayətkarların xislətlərini də onlar üçün bir daha açıqlamağa çalışmışam. Əsər boyu nümunələr gətirdiyim xəyanətlər, qəddarlıqlar qətiyyən mübaliğə deyil. Bu, cinayətkarların yaşam tərzidir və mən də bunu olduğu kimi göstərməyə çalışmışam.
Əsər bundan əvvəl sizə təqdim etdiyim, eyni janrda yazılmış “Son gecə” romanının davamı kimi də, ayrıca bir roman kimi də oxuna bilər. Ancaq səmimi olaraq bildirirəm ki, “Son gecǝ”ni oxuyaraq əsərin baş qəhrəmanını sevmiş və sonrakı hadisələrin necə cərəyan edəcəyini, peşəkar polis zabitinin daha hansı cinayətləri açacağını səbirsizliklə gözləyən oxucularım üçün bu kitab daha maraqlı olacaq. Bunu mənə ünvanlanmış çoxsaylı oxucu rəylərinə və onların kitabın ikinci hissəsi barədə verdikləri suallara əsasən deyirəm.
- Potensial oxucunuz kimdir?
- Kitabımın hər nəslin oxucusu üçün maraqlı olduğunu deyə bilərəm. Bunu da oxucularımın rəylərinə əsasən deyirəm. Hər şeydən əvvəl bir polis əməkdaşı olaraq gənc nəslin maariflənməsinə diqqət ayırmışam, çalışmışam ki, narkomaniya və ondan irəli gələn digər cinayətlərin bütün nəticələrini oxucuya, xüsusilə də gənclərə çatdırım.
- Kitabınızın davamını gözləyək?
- Bəli, “On ikiyə işləmiş...” romanını başa vurduqdan sonra, düzdür, əvvəlki kitablarımda mən vətənpərvərlik mövzusuna toxunmuşam, amma bu dəfə qərara almışam ki, üçüncü romanım sırf 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan polisinin arxa cəbhədəki fəaliyyətini obrazlaşdırılmış şəkildə əks etdirən detektiv olsun.
Bu kitab da eynilə “Son gecə”, “On ikiyə işləmiş...” romanlarının davamı və ayrıca əsər kimi oxuna bilər. Düşünürəm ki, o da digərləri kimi, oxucuların marağına səbəb olacaq. Mən bunu trilogiya adlandırardım.
Eyni zamanda, oxuculara məlumat verim ki, “Son gecə” romanı 2023-cü ilin yanvar ayında yeni tərtibatda təkrar nəşr olunaraq oxuculara təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(11.02.2023)