Bu zamana kimi Azərbaycan ədəbiyyatı tarixində Nobel alan yazıçı olmayıb. Azərbaycan ədəbiyyatının dünya ədəbi arenasında o qədər də geniş təbliğ olunmaması, əsərlərin başqa dillərə tərcümə edilməməsi buna səbəb kimi göstərərilə bilər. Ədəbiyyat sahəsində verilən beynəlxalq mükafatlar tək “Nobel”lə bitmir. “Buker”, “Man Asia”, “Migel de Servantes” mükafatları ilə yanaşı, qonşularımızın təsis etdiyi “Russkaya premiya” (Rusiya) və Türk Dünyası Ödülü (Türkiyə) kimi kifayət qədər nüfuzlu mükafatlar da var.
Niyə Azərbaycan yazıçısı ciddi, nüfuzlu Ədəbiyyat Mükafatında xüsusi yer tuta bilmir? Ümumiyyətlə, yazıçılarımız beynəlxalq ədəbi müsabiqələrə əsər göndərirlərmi? Ednews-un mövzu ilə bağlı keçirdiyi sorğunu “Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə diqqətinizə çatdırır.
Ədəbiyyatşünas, tənqidçi Cavanşir Yusifli bildirir ki, bu problemin dəqiq səbəbini araşdırmaq lazımdır.
“Yəqin inadlı mübarizə, o mükafatları qazanmaq əzmi olmalıdır. Bizim filmlərimiz də əvvəllər elə bir ciddi nəticə əldə edə bilmirdi, davamlı iş, dünya kino prosesinə inteqrasiya bunu müəyyən dərəcədə asanlaşdırdı. Ədəbiyyatda da elədir, əvvəlcə normal inteqrasiya prosesi getməlidir, tərcümələr çox keyfiyyətli olmalıdır, bu sahədə kadr kasadlığı var və keyfiyyət aşağı səviyyədədir. Adda-budda şəkildə xarici ölkələrdə nəşrlərimiz var, ancaq məncə mətnlər düzgün seçilmir, bəzən müəlliflər özünün mətnlərini tanımırlar, bir sözlə, bu iş özfəaliyyət səviyyəsindədir. Söhbət bir nasirin, iki şairin mükafat almasında yox, Azərbaycan ədəbiyyatından gedir. Nəşriyyatlarda işıq üzü görən xarici ölkə müəlliflərinin əsərləri ciddi tənqid süzgəcindən keçmir. Bir çimdik duz kimi nəsə çatışmır. Ədəbi proses xaos içindədir, yeni yazılan mətnlər ortaya çıxan kimi köhnəlirlər, müəlliflər bir az da nə yazdıqlarını bilmirlər. Şair və nasir adları göz deşir, mətnlərsə görünmür”.
Yazıçı Fəxri Uğurlu isə düşünür ki, ciddi, nüfuzlu ədəbiyyat mükafatına layiq görülmək üçün ilk növbədə ciddi əsər yazmaq lazımdır.
“İkincisi, o əsəri beynəlxalq arenaya çıxarmaq lazımdır. Hər ikisi çox müşkül məsələdir, bundan ötrü bütöv bir mexanizm işləməlidir. Bizdə isə imkanların çoxu “xalturşik”lərin, istedadsızların, ədəbiyyata dal qapıdan dürtülənlərin əlindədir. Ona görə də bir nəticə hasil olmur, bu gedişlə olmayacaq da”.
Şair Aqşin Yenisey isə bildirib ki, beynəlxalq mükafatlar ingilis dilinə tərcümə olunmuş əsərləri verilir.
“Lap tutaq ki, bizim yazıçını ingilis dilinə çevirdik, onun primitiv molla təfəkkürü ilə yazdığı ədəbiyyat dünyanın nəyinə lazımdır?”
Yazıçı Varis Yolçuyev qeyd etdi ki, Azərbaycan ədəbiyyatı ilə bağlı bədbinliyinizlə razılaşmıram. Bu aksiomdur, yazıçının beynəlxalq arenada parlaması üçün gərək xarici nəşriyyatlara və ədəbi təsisatlara çıxışı olsun, mütəmadi xarici ölkələrdə nəşriyyatlar hesabına kitabları çıxsın, ədəbi agentləri olsun, ən nüfuzlu beynəlxalq ədəbi qurumlara üzvlüyü olsun və s.
"Nobel, Buker, Pulitser - bu mükafatların konkret şərtləri var və bizim yazarlar hələ ki bu şərtlərə uyğun gəlmirlər. Amma bunlardan başqa da kifayət qədər nüfuzlu mükafatlar var.
Bu yaxınlarda Xalq yazıçımız Elçin Türkiyədə Beynəlxalq Nəcib Fazil adına Ədəbiyyat mükafatı almadımı? Özümdən deyim bir qədər. Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, PEN İnternational (Böyük Britaniya) və Beynəlxalq Yazıçılar Gildiyasının (Almaniya) üzvü, Yazıçıların Beynəlxalq Nyu-York Konfransının iştirakçısı, bir neçə ölkənin yazıçılar ittifaqlarının üzvüyəm.
Dünyanın 6 ölkəsində nəşriyyat hesabına kitablarım çıxır. 2016-cı ildə Rusiyada Moskva Ədəbiyyat Mükafatını nəsr nominasiyasında qazandım. Orada Boris Akunin və Mixail Zadornov da təmsil olunurdu.
2018-ci ildə BMT-nin patronajlığı altında Avrasiya materikinin Ədəbiyyat üzrə 3-cü LiFFt Festivallar Festivalının qızıl mükafatına layiq görüldüm. Məndən öncə bu mükafatı dünyaşöhrətli qazax yazıçısı Oljas Süleymenov və Nobel nominantı olmuş rus şairi Konstantin Kedrov-Çelışev qazanmışdılar. 2019-cu ildə Beynəlxalq London mükafatının qısa siyahısına qədər irəlilədim. Mükafatı isə dünyaşöhrətli Den Braun qazandı.
Bizim elə yazarlarımız var ki! İnşallah, hamısı parlayacaq!"
Şair, esseist Qismət Rüstəmov deyir ki, əsərlər aparıcı dilə yaxşı, keyfiyyətli tərcümə edilmir.
“Ona görə də ilk olaraq sanballı tərcümələr lazımdır. İkincisi isə düzgün nəşriyyatda çap olunmaq lazımdır. Harda gəlir nəşr olunmaq yox”.
Müəllif: Oğuz Ayvaz.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)