Xalq artisti, professor, Dövlət mükafatı laureatı, tarzən Ramiz Quliyevin 75 illiyinə həsr olunmuş “Ramiz Quliyev. Səslən tarım” adlı kitab işıq üzü görüb.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru və tərtibatçısı tanınmış jurnalist Tahir Aydınoğludur. “Yaradıcılıq xatirələrimin palitrası” adlanan məcmuədə dünyaşöhrətli tarzənin şəxsi xatirələri ilə bərabər, Azərbaycan və digər ölkələrin tanınmış sənət xadimləri və musiqiçilərinin məqalələri yer alıb. Professor Ramiz Quliyevin 65 illik yaradıcılıq fəaliyyəti və bu tarix zamanı baş vermiş əlamətdar hadisələr sənətkarın həmkarları və tələbələrinin yazılarında daha da canlanır və maraqlı məqamları ilə diqqət cəlb edir.
Məcmuə 6 hissədən ibarətdir - ilk iki bölümdə tarzənin uşaqlıq və gənclik illəri bağlı xatirələri əks olunub. Həmçinin, burada Ramiz Quliyevin yerli və xarici mətbu orqanlarda işıq üzü görmüş məqalə və yazılarına yer ayrılıb. Kitabın xüsusi bölümü Azərbaycanın İkinci Qarabağ müharibəsində mübarizəsi və möhtəşəm qələbəsinə həsr edilib. Növbəti iki bölüm isə sənətkarın sinfində müxtəlif illərdə təhsil almış tanınmış sənət adamlarının xatirələrindən ibarətdir - Milli Konservatoriyanın rektoru, professor Siyaviş Kərimi, Abdulla Qurbani, Serhat Turunc, Elxan Mənsurov, Malik Quliyev, Ramiz Əzizov, Sahib Paşazadə, Vüsal İsgəndərzadə, Ümid İbrahimov, Şahin Verdiyev, Polina Desyatniçenko, Muhammad Aman və digər tarzənlərin məqalələrində professor Ramiz Quliyevin pedaqoji yanaşması və yeni tar məktəbinin özəllikləri geniş təhlil olunub. Məcmuənin son iki bölümündə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva, professor Elmira Axundova, professor Nizami Cəfərov, Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, professor Qəzənfər Paşayev, tanınmış yazıçı Natiq Rəsulzadə və Azərbaycanın digər tanınmış siyasi, mədəni və ictimai xadimlərinin yazılarına xüsusi yer ayrılıb. İndiyədək heç bir yerdə çap olunmamış və professor Ramiz Quliyevin şəxsi arxivindən olan fotolar kitaba xüsusi rəng qatıb.
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)