Öləcəyini öncədən bilən, komadaykən qarət edilən, sevərək ayrılan müğənni kim idi?

Yanıqlı nəğmələri ilə yaddaşlara həkk olunmuş sumqayıtlı müğənni Şəfa Hüseynovanın doğum günü idi. Şəfa nakam sevginin viran qoyduğu bir ömür idi. Yana-yana yaşadı, yaşaya-yaşaya öldü. “Geri dön” deyib haray çəkdi, ellər duydu, bir tək o daş adam duymadı.

“Ədəbiyyat və incəsənət” Lent.az-ın “Bir ulduz axdı” rubrikasında Şəfa Hüseynovanın xatırlanmasına diqqət yönəldir.

 

Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdu. 1988-ci ildə ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirmişdi. İlk yarasını qaçqın adıyla almışdı Şəfa. Elə ilk nəğmələri də vətən həsrətindən bəhs edirdi.

1992-ci ildə Sumqayıtda orta məktəbi əla qiymətlərlə bitirir, Türkiyədə Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olunur. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir, gözəl səsi ilə türk tamaşaçılara Azərbaycan mahnıları oxuyur, əldə etdiyi gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa Xalq Yardımı Cəmiyyəti Fonduna köçürürdü. Uzaqlarda olsa da, o zamanlar çətin günlərini yaşayan Azərbaycan üçün əlindən gələni etməyə çalışırdı.

Vətəndən uzaqda çox qala bilmir, 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Ali məktəbi bitirdikdən sonra filoloq kimi davam etmək istəmir, özünü bütünlükdə musiqiyə həsr edir. Müxtəlif sənətkarlardan müğənni sənətinin incəliklərini öyrənir, müntəzəm olaraq hərbi hissələrdə konsertlər verir, el şənliklərinə dəvətlər alır.

Elə həmin illərdə Anar adlı bir gənclə tanış olub evlənir. Ailəsi evliliyinə razı olmasa da, eşqin gözü kor olar deyiblər, Şəfa Anarla evlənir. Lakin çox keçmədən, 3 ay sonra sevgisi atəş olub onun özünü yandırmağa başlayır.

Həyat yoldaşı Anar “N-brothers” qrupunun ilk solistlərindən biri idi. Evlənəndən çox az sonra kobudluğu, laqeydliyi ilə Şəfanı heyrətləndirir. Qız başa düşür ki, əri alfonsdur, onun pullarını başqa qadınlarla əyləncələrə xərcləyir. Şəfa ərindən ayrılsa da, ona olan sevgisi ölmür. “Geri dön” adlı mahnını ona həsr edir, geri dönməsi üçün yalvarır. Anarsa... Bu yanıqlı mahnı ona nə vicdan əzabı verir, nə geri döndürür. Şəfa “Ölə bilərəm”, “Sevgi qatarı” mahnılarında da həsrətini, harayını dilə gətirirdi. Mahnılarının musqisini, çox zaman sözlərini də özü yazırdı. Bu sevgi mahnıları o dövrün gənclərinin öz sevgilərini bəyan etmək üçün eyham alətinə, “himninə”, dərdlərinin şəfasına çevrilsə də, Şəfanın əlindən uçub getmiş xoşəxtliyini geri gətirmir.

Tez-tez gənc öləcəyini deyərmiş. 30 yaşı tamam olanda ad gününü qeyd etmək istəməyib. Bu yaşdan sonra daha yaşamayacağını, əbədi 30 yaşda qalacağını bilirmiş. 

Qardaşının dediyinə görə, bir dəfə mahnıya qulaq asa-asa “Mən tezliklə bu dünyadan gedəcəyəm” deyib. İki arzusu var idi. Ana olmaq və sənətinə pərəstiş etdiyi Alim Qasımovdan dərs almaq. Ana ola bilmədi, amma Alim Qasımovun tələbəsi oldu, ondan muğamın incəliklərini öyrəndi. Bunu özü üçün fəxr hesab edirdi.

Ölən günə qədər Anarı sevib, onun üçün ağlayırmış. Görünür xəyanətə uğramaq, vəfasızlıqla qarşılaşmaq onun qismətində varmış.

Ən yaxın dostlarından biri müğənni Elton Quliyev nə komada olarkən, xəstəxanada can verərkən, nə ölərkən gəlməyib, axtarmayıb. Hətta başsağlığı da verməyib.

2005-ci il dekabrın 1-də Şəfa anası və qardaşları ilə Saatlı rayonuna, qohumlarının toyuna gedir. Geri qayıdarkən qardaşı dəhşətli qəza törədir, qəzada yaralanan ana sükan arxasındakı oğlunun öldüyünü sanır və ürəyi tutub ölür. Şəfa da ağır yaralanır, komaya düşür. Qardaşının dediyinə görə, qəzadan sonra hamısı huşsuz vəziyyədə olublar, hadisə yerinə kömək adına gələnlər Şəfanın da, anasının da üstündəki qızılları qarət edib aparıblar. Qardaşı Hüseynlə Şəfa xəstəxanaya yerləşdirilir. Şəfa anasının vəfatından 3 gün sonra, dekabrın 4-də dünyasını dəyişir. Qardaşı onun ölümünü yalnız 40 gün sonra öyrənir. Hüseyn ölən günə qədər onların ölümündə özünü günahlandırırmış.

Şəfa getdi, özündən sonra həsrət dolu nəğmələri qaldı. 

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.