“Ədəbiyyat və incəsənət” portalı “Repor”un bir müsahibəsini oxucularına təqdim edir.
44 günlük Vətən müharibəsinin regionda yaratdığı yeni reallıqlardan biri də Qərbi Azərbaycan İcmasının öz ata-baba yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bağlıdır. Prezident İlham Əliyevin 2022-ci ilin dekabrın 24-də, məhz doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşməsi, burada səsləndirdiyi tarixi fikirlər icmanın bundan sonrakı fəaliyyəti üçün yeni yol xəritəsi və stimul olub.
Tarix bizdən hazırda siyasi gündəmin ən aktual məsələlərindən hesab edilən Qərbi Azərbaycana Qayıdış məsələsinə bir çox aspektlərdən yanaşmağı və araşdırmağı tələb edir. Tarixi həqiqətlərin dünyaya çatdırılması üçün sənətin gücü danılmazdır.
Kinorejissor və kinoşünas, ssenarist, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Ayaz Salayevin soydaşlarımızın indiki Ermənistan ərazisindən didərgin salınması ilə bağlı çəkdiyi “Torpaq” tammetrajlı sənədli filmi xüsusi diqqətə layiqdir.
Ekran əsərində 1988-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın həyat hekayələrindən bəhs olunur.
A.Salayev müsahibəsində filmin ideyasının necə yaranması, çəkiliş prosesi barədə danışıb. Onunla müsahibəni təqdim edirik.
- Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası barədə sənədli film çəkmisiniz. Filmin ideyası necə yarandı?
- Hələ Qərbi Azərbaycan mövzusu aktual olmayan zaman bu ideyanın bir başlanğıcı olub. 1988-ci ildə Moskvada aspiranturada təhsil aldığım vaxtlar tatarəsilli müəlliməm mənə bildirdi ki, ermənilər Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların başından bir tükün belə əskik olmadığını deyirlər. O zaman sovet dövrü idi, həmçinin Qərbi Azərbaycanda yaşayan qohumum, tanışım belə olmadığı üçün yaşanan hadisələrdən məlumatsız idim. Lakin elə o vaxtdan məndə sual yarandı ki, necə ola bilər ki, insan öz evini, malını-mülkünü qoyub mühacirət etsin?! İllərlə məni düşündürən sual həmin problemlə bağlı hansısa nəticələrə gəlməyimə səbəb oldu. Hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin adını sadəcə Qarabağla bağlamaq olmaz. Fikrimcə, keçmiş Dağlıq Qarabağ münaqişəsi böyük, nəhəng problemin bir qoludur. Qərbi Azərbaycan mövzusu isə sözügedən problemin ikinci qoludur.
Sovet dövrünün son illərindən başlayaraq Qarabağ mövzusu Azərbaycan kinosunda çox geniş yayıldı və işləndi. Ona vətənpərvərlik, siyasi və bir çox aspektdən yanaşılıb. Lakin Qərbi Azərbaycanla bağlı bunu demək olmaz. Bu baxımdan “Torpaq” filmi Azərbaycan kinosunda Qərbi Azərbaycan mövzusunun təməlini qoyur.
- Çəkilişlər zamanı sizi ən çox nə təəccübləndirdi?
- Filmin çəkilişləri əsnasında yüz nəfəri danışdırdım. Bu yüz nəfərdən heç biri ermənilər haqqında yaxşı fikir demədi. Bəlkə də bu cür hallar olub, lakin “Torpaq”da çəkilən insanların belə fikirlərinə rast gəlmədim. Onlardan bir nəfər də olsa demədi ki, məsələn, köçəndə ermənilərdən azərbaycanlılara kömək edən olub və s. Hansı ki, Sumqayıt hadisələri zamanı azərbaycanlılar erməniləri öz evlərində saxlayıb, onları qoruyublar.
Mənə elə gəlir ki, film təkcə Azərbaycan kinosunda yeni mövzunun əsasını qoymur, eyni zamanda yeni forma, tarixi salnamə kimi özünə yer tutur. Çünki o, nə sənədli, nə bədii film, nə də televiziya verilişidir.
Ekran işində tarixçilər danışmır, xəritələr yoxdur. Bu kinoda tarixi faktların özü danışır. Film çəkilərkən prinsipimiz belə olub ki, kim öz gözü ilə nə görübsə, onu danışıb. Ona görə “Torpaq” filmi tammetrajlı tarixi salnamədir. Çox istəyərdim ki, ölkəmizdə bu cür ekran əsərləri çox çəkilsin. Qərbi Azərbaycanla bağlı material çox azdır, lakin insanlar var. Filmdə çəkilən və dəhşətli faciələrin şahidi olan insanlardan bəziləri artıq dünyasını dəyişib. Ona görə də bu mövzunu diqqətdə saxlamaq lazımdır.
- İndi çoxlu sənədli filmlər çəkilir. İçində yaxşıları da var, film çəkmək xətrinə ərsəyə gətirilənlər də. Sizin ekran işiniz necə qarşılandı?
- Sözün düzü film bir o qədər də yayılmayıb. Bir dəfə nümayiş olundu, lakin əks-sədası çox gəlmədi. Çox istəyərdim bu film geniş kütlələrə çatsın.
- Sizcə, bunun səbəbi nə idi?
- Düzü bu barədə nəsə deyə bilmərəm. Yəqin ki, hər şeyin vaxtı var. Mən bu filmi çəkəndə bir gün Şuşaya gedəcəyimə, Cıdır düzünə ayaq basacağıma inanmırdım. Elə Qərbi Azərbaycan barədə film çəkəndə də inanmırdım ki, sözügedən mövzu nə vaxtsa aktual ola bilər, heç bu barədə düşünməmişdim də.
- Azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı bədii film çəkmək planınız varmı?
- Belə bir planım yoxdur, çünki mənim buna gücüm çatmaz. Amma çox istəyərdim ki, çəkilsin. Əslində elə mənim “Torpaq” filmimə baxsanız görərsiniz ki, o, bədii film üçün hazır ssenaridir. Burada bir neçə əhvalat var ki, onlardan rahatlıqla bədii film çəkmək olar. “Torpaq” filmində tarixin özü danışır. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan kinosu tariximizə borcludur.
- Hazırda siyasi gündəmin vacib məsələlərindən biri də qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıtmalarıdır. Qərbi Azərbaycan İcması fəaliyyətini gücləndirib. Siz bu qayıdışı necə təsəvvür edirsiniz?
- Məncə, bu suala XXI əsr tarixinin böyük şəxsiyyəti - Prezident İlham Əliyev ən dolğun cavabı verə bilər. Çünki mənim kimi bir çox insanın inana bilmədiyi şeyləri etdi, hansı ki, bunlar çoxları üçün möcüzə idi.
- Qərbi azərbaycanlılarla ünsiyyətdə olmusunuz. İnsanlar ata-baba yurdlarını necə xatırlayırdılar? Onlar danışanda nə müşahidə edirdiniz?
- Bu filmdə Qərbi Azərbaycandan deportasiya olunmuş vətəndaşlarımızla bağlı hər şey var. Çəkilişlər zamanı gördüm ki, onlar çox mərd adamlardır və onlar erməninin hansısa kiçik bir təxribatı ilə öz el-obalarını tərk etməyiblər. Ermənilərin törətdikləri bütün vəhşiliklərə baxmayaraq, mübarizə aparıblar, müqavimət göstəriblər. Bu baxımdan, film qaçış yox, mübarizə haqqındadır. Başqa millətin içində yaşamaqlarına baxmayaraq, öz milliliklərini qoruyub, assimilyasiya olunmayıblar. Bütün bunlar onu göstərir ki, torpaq elə onların torpağı idi.
“Ədəbiyyat və incəsənət”
(31.03.2023)