Azərbaycanda ən çox satılan kitab yenidən nəşr olunub Featured

Yazıçı Varisin «Sonuncu ölən ümidlərdir» romanı yeni redaktədə, 7-ci dəfə təkrar nəşr olunub. “Azərkitab” Yayınlarında nəfis tərtibatla çıxan kitabı bu gündən etibarən bütün kitab satışı nöqtələrindən, o cümlədən “Bakı Kitab Mərkəzi”ndən, “Ali və Nino”, “Libraff”, “Kitab evim” mağazalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, «Sonuncu ölən ümidlərdir» Varisin 2008-ci ildə - tam 15 il bundan öncə işıq üzü görən, 90-cı illərin sonlarında yazdığı ilk romanıdır.

10000 nüsxəlik ilkin tirajı və sonrakı 6 təkrar nəşri ilə, üstəlik, günü bu gün də qeyri-leqal konveyerlərdən çıxan on minlərlə pirat nüsxələri ilə, internetdən pdf formatının yarım milyona yaxın yüklənməsi göstəricisi ilə kitab sözün həqiqi mənasında kütləvilik qazanıb. «Bakı Kitab Klubu» «Sonuncu ölən ümidlərdir»in ölkədə ən çox satılan kitab olduğunu rəsmən bəyan edib.

Universitetlərdə və kolleclərdə tələbələrin, həbsxanalarda məhkumların kitabı oxumaqçün növbə siyahıları tutmaları, hərbi hissələrdə əsgərlərin gecə yatmaq əvəzinə mütaliəyə alüdə olmalarına son qoymaq üçün komandirlər tərəfindən kitab nüsxələrinin sobalara atılması, Bakının bir çox yerində işbazların «Albatros» adında mağazalar, moda evləri açıb gələnlərə buranın məhz əsərdəki Nailənin «Albatros»u olmasını iddia etməklə müştəri qazanmaları, əsəri oxuduqdan sonra onlarca yüngül həyat tərzi keçirən qadının tövbə etməsi, əski zamanlardakı kimi metro qatarlarına, avtobuslara əlikitablı insanların qayıdışı... Bunlar romanın Azərbaycandakı populyarlığının bəzi fraqmentləridir.

Özbəkistanda “Darakçi” roman-qəzetində 126 minlik astronomik tirajla çıxması, Tbilisidə – Şeytanbazar məhəlləsində ilk dəfə azərbaycanlı ailənin kitab oxuduğunu görub həmin kitabın möcüzəsini duymaqçün bir gürcü xanımının Azərbaycan dilini öyrənməsi, Türkiyədə bir biznes-ledinin 3000 ABŞ dolları xərc çəkərək özünün oxuması üçün romanı türk dilinə çevirtdirməsi, Moskvanın Qorki adına Ədəbiyyat İnstitutunda romanın “Publisistika ilə bədiiliyin qarşılıqlı əlaqəsi” adlı doktorluq dissertasiyasının mövzusu olması...

Bunlar da əsərin beynəlxalq miqyasda yaratdığı ajiotajın bəzi nümunələridir.

Roman 90-cı illərdə ölkə paytaxtında baş vermiş bir kriminal hadisəsinin araşdırılması nəticəsində ərsəyə gəlmişdir, amma janr etibarı ilə detektiv deyil, sevgi romanıdır. İlk baxışda yeni dövrün sevgisini xarakterizə edir, amma daha dərinliklərə varır, yüz illərdir dünyada statistik insanın devizinə çevrilmiş “Məqsəd vasitələri doğruldur” təmrininə qarşı əks arqumentlər qoymaqla, bir növ didaktik əsər funksiyasına keçid edir.

Romanda ayrıca hər bir hissədə Azərbaycan poeziyasının ən gözəl lirik nümunələrinin təqdim edilməsi onun rənginə xüsusi rəng qatmaqla diqqət çəkir. Roman olduqca dramatik süjetli, təhkiyə olduqca sadə, oxunaqlıdır. Məhz bu da romanı geniş oxucu kütləsi üçün əlçatan edir.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.