Azərbaycan kinosu yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə və ideologiyaya xidmət edib. Yəni hər bir dövrdə çəkilən filmlər janr müxtəlifliyindən asılı olmayaraq maarifçilik missiyasını yerinə yetirir. Fəxrlə deyə bilərik ki, 124 illik böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib.
Mövzu ilə bağlı ssenarist, rejissor, “Xalça nəğməsi” filminə görə 1-ci Beynəlxalq Yalta kinofestivalının baş mükafatçısı, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun Referans.az-a verdiyi müsahibəni Daycest bölümündə sizə təqdim edirik:
* Azərbaycanda güclü kino sənayesinin yaranması üçün nələr lazımdır və buna nələr mane olur?
"Çox təəssüf ki, bu gün Azərbaycanda çəkilən bir çox filmlər mövzu seçimi azadlığını, təqdim edilən kino nağılın vizual dərinliyini, obrazların milli və ya fərdi xüsusiyyətlərini vizual mədəni dəyərlər silsiləsi vasitəsi ilə auditoriyaya yetərincə çatdıra bilmirlər. Bu filmlər eyni zamanda cəmiyyəti tərbiyə etməli olan milli ideoloqunu, standart azərbaycanlı zövqünü və ümumiyyətlə bizim xalqın mədəni haləsini belə özündə əks etdirmir. Azərbaycanda çəkilən filmlərin əksəriyyəti nə milli ideoloji konteksdə nə də ki, dünya kino taxçası reallığında deyil. Avtonomdur. Ancaq özü üçündür. Və dünya standartlarına uyğun deyil. O, ki qaldı milli kinonun sənayeləşməsi prosesinə. Bunun özü də Azərbaycanda hələ ki bir proses olaraq təkmilləşməyib.
Azərbaycanda kino sənayesi ancaq iqtisadiyyat liberallaşdığı zaman, bir yeni mənzərə kimi formalaşa bilərdi. İqtisadi alanda reklam və digər müvafiq bazarlar həqiqətən işlək olacağı zaman, əsl rəqəbətin olduğu zaman milli kino Azərbaycanda sənayeləşə və gəlir gətirməyə qadir ola bilərdi. Monopoliya aradan tam qaldırıldığı zaman, “pulu verən musiqini sifariş edir” məntiqi aradan qaldırıldığı zaman, zövqlü və pəşəkar kino prodüserlər dövrü yaranacaqdır. Ancaq o zaman kinonun sənayeləşməsindən danışmaq mükün olacaq. Hələlik isə kim nə tutdu tutdu zamanıdır.
Azərbaycanda gerçək iş adamlarının vergilərdən tam azad olunması şərti ilə kinematoqrafiyaya pul yatırımları etməsi də sənayeləşmə baxımından Azərbaycan kinosunun inkişafına xidmət edə bilər. Amma bir müşkül də var. Təəssüf ki,bir çox iş adamlarının kino zövqü hələ ki, tam formalaşmayıb. Bu gün Azərbaycanda Nağıyevlər, Tağıyevlər, Əsədullayevlər yetişmir. Maarifçilik, mental zövq anlayışları də fərqlidir. Amma kino səneyesinin inkişafı baxımından iş adamlarının yəni ki biznesin kinoya yatırım qoyması gərəkliliyi mühümdür. Və biznesin qatqısı bu sahədə mütləqdir.
Amma dövlətin milli ideoloji zəminində sifariş verəcəyi və dövlətin nəzarətində olmalı olan mövzularla bağlı filmlərin çəkilişi və bu sahənin məhz dövlət ideolojusu reallığında mövcudluğu da, mütləq təmin edilməlidir. Bu artıq dövlət sektoruna aid işdir.
Zövqsüz kino sənayesinin yaratdığı filmlərinə örnəyi Azərbaycanda var. Bu gün də mollarda, supermarketlərdə nümayiş etdirilən bəsit Azərbaycan komediyaları. Əlbəttə bu filmlər Azərbaycan mədəniyyətinin göstəricisi kimi təqdim oluna bilməz. Bununla belə kino səneysi, kino biznesi dediyimiz amil nə yaradırsa o yaradılanla da razılaşmağa məcburuq. Bu gün milli mentallıq bu səviyyədədir. Təhsil və mədəniyyət bu gün bu tip tamaşaçı zövqü formalaşdırıb. Sifariş budur. Və sənaye onu satır. Hələki Azərbaycan kino biznesi intellektual baxımdan Azərbaycan mentallığını tam əks etdirməyən bu təbəqə ilə işləyir. Müəlif kinosu anlayışı isə yeni-yeni formalaşır.
Müəllif və festival filmləri tamam ayrı mövzudur.Bu faktor daha çox adla,istedadla bağlıdır. Yeni və daha yüksək zövqlü kinomotoqraf da Azərbaycanda daha çox intellektual rejissorların, ssenaristlərin və operatorların özlərinin birbaşa biznes ilə qura biləcəyi təmasından yaranacaq. Bu da kino sənayesinin bir qoludur. Yəni onu demək istəyirəm ki, Azərbaycanda yaranacaq kino sənayesi əlbəttə ki, polifonik reallıqda inkişaf edəcəkdir. Bununla belə kino sənayesinə maneə olan ən mühüm amil kinonun bu gün bir əldən, bir mənbədən yəni dövlət tərəfindən maliyyələşməsidir. Və eyni zamanda həmin maliyyəni öz ağlında bölən, həmin maliyyə ilə işləyən qurumların səriştəsizliyidir. Çünki kino bildiyimiz kimi ən əvvəl peşəkarlıq və zövq məsələsidir. Ona görə də kinoya pul verən qurum ən əvvəl zövqlü, peşəkar və obyektv olmalıdır ki, bütnü tərəfləri əhatə etsin.
Mənim “Turan atı” adlı bir ssenarim var. Bu ssenarini Türkiyə kinematoqrafçular dərnəyinin başqanı oxuyub bəyəndi və onun əsasında film çəkmək istəyini dedi. Və həmin adam o zaman Azərbaycana gəldi, mənim ssenarimi aldı, mənimlə müqavilə də imzaladı. Həmin məktubu o zaman kinostudiyanın direktoru olan dostum Müşviq Hətəmova da verdim. Hətta İran tərəfi da bunu maliyyələşdirmək istəyirdi.Rejissor Babək Şirinsifət də işin içində idi. O zaman mən də Mozalan satikrik kinojurnalının direktoru idim. Türklər Azərbaycandan sadəcə logistik dəstək istəyirdilər. Düz bir il ərzində biz o logistik dəstəyi mədniyyət və turizm nazirlyindən ala bilmədik. Ala bilmədiyimizə görə onlar məndən inciyib getdilər. Və o film çəkilmədi. “Turan atı” Nuru paşanın Bakını işğaldan azad etməsi ilə bağlı bir ssenari idi.Və bizim dünyada tənhalığımızı əks etdirirdi. Bu təbii ki, məsələ bu gün mənim incikliyim deyil. Sadəcə sonra Qarabağı biz işğaldan azad etdikdən sonra,Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan Azərbaycana gələndə bizim ona göstərməyə hər ikimizin taleyi ilə bağlı bir film tapılmadı. Halbuki mən bu ssenarini yazmışdım. Bu gün də Kino Agentliyi bütün situasiyalara hazır olmalıdır. Və bizim üçün sokral olan mövzular ilə bağlı Azərbyacnan tarxinin şərəfli səhifələri ilə bağlı, milli ideoloji zəmində filmlər çəkilməlidir. O ki, qaldı səneyələşməyə bu iş Azərbaycanda altı amildən aslıdır.
1.İqtisadiyyatın liberallaşması;
2. İş adamlarının, kinematoqrafiyaya pul yatıran insanların vergidən azad olunması;
3.Düzgün kino konsepsiyasının yazılması və qəbul olunması;
4. Kinemotoqrafiyanı idarə edəcək daha çevik, obyektiv və işlək mexanizmlərin yaradılması və təkmilləşməsi;
5. Kino təhsilnin bərpa edilməsi;
6. Kino industriyada çalışan mütəxəssislərin daha çox xaricdə praktika keçmələri və Azərbaycana qayıdıb həmin artıq işlək olan mexanizmləri Azərbaycanda tətbiq etmələri."
* Kino-aktyor məktəbi hansı səviyyədədir? Bunu necə qiymətləndirirsiniz?
"Kino bildiyimiz kimi kollektiv sənətdir. Onu bir adam yaratmır. Aktyorlar kinoda çox mühüm bənd olsalar da, ən mühüm bənd deyillər. Bununla belə aktyorsuz kino olmur. Azərbaycanda kino aktyor məktəbi həmişə olub, bu gün də o ənənə pis və ya yaxşı şəkildə yaşanmaqda və görünməkdədir. Bununla belə mən daha çox kinoda ikinci dərəcəli kino mütəxəssisləri adlandırılan təbəqədən danışmaq istəyərdim. Bu təbəqə kinonu çiyinlərində daşıyan adamlardır. Onlar, ikinci operatorlar, səs rejissorları, assistentlər, dekorçular, kostyumçular, dekor və geyim rəssamları, kino administratorlardır. Bu eşelon artıq Azərbaycanda yox olmaq üzrədir. Bu insanlar uzun illər kino sahəsində çalışmış və illərlə təcrübə qazanmış insanlar olmalıdırlar. Təəssüf ki, biz bu ikinci eşelon peşəkarlarını artıq itirmişik. Azərbaycanda çox az belə peşəkar qalıb. Ola bilsin ki, dediyim peşələrə uyğun hər hansı bir universitetdə bu kimi ixtisaslar tədris olunur. Hər il müəyyən sayda operatorlar, rejissorlar bu universiteti bitirirlər də. Amma üzə çıxan həmin o yükü daşımağa qadir olan peşəkarlar bu gün yetişmir. Mən uzun illər kinemotoqrafya sahəsində çalışdığım üçün çox şadam ki, o azman sənətkarları görmüşəm. Onlarla birlikdə işləmişəm. Bu gün onlar sağ olmasalarda, Azərbaycan kino məktəbinin əsasını qoymuş şəxslərdir. Bununla belə Azərbaycanda kino- məktəbinin yenidən həmin qaydalarla bərpa olunmasına ehtiyac var".
* Ssenari yaradıcılığı ilə bağlı nə deyə bilərsiniz? Rejissorlarımız tez-tez deyirlər ki, çəkməyə ssenari yoxdur. Nə dərəcədə razısınız.
"Əgər hansısa rejissor söyləyirsə ki, onun çəkmək üçün ssenarisi yoxdur ümumiyyətlə ssenari tapmır, deməli o rejissor deyil. Çünki rejissor kinematoqrafiyaya öz mövzusu ilə gəlməlidir. Əgər onun sözü, ssenarisi və ssenaristə sifariş verməyə beynində mətni, hekayəsi yoxdursa o ümumiyyətlə kinematoqrafiyaya gəlməməlidir. O, rejissor ki, 20 il sonra nə çəkəcəyini bilmirsə ,o rejissor deyil. Mən əminəm ki, Azərbaycan ədəbiyyatında 10-a yaxın dünya çaplı ssenari var, sadəcə bunu çəkəcək rejissor yoxudr. Məsələn, Tağıyevin əhvalatı. Özü -özünü yaradan milyonçunun əhvalatı. Nuru paşanın əhvalatı, Tusinin əhvalatı. Bunları ona görə deyirəm ki, şəxsən mən bu ssenariləri yazmışam və məndə əhvəlatlar var. Mənim ssenari faylımda 10-a yaxın çəkilməmiş ssenarim qalıb. Düşünürəm ki, onları da zamanı gələndə hər hansı gənc rejissor tərəfindən çəkiləcək. Amma bu gün çəkilsə daha yaxşı olardı. Ümumiyyətlə bizim ssenari sahəsində korluğumuz yoxdur".
* Beynəlxalq festivallarda son zamanlar az-az filmlərimiz iştirak edir. Bunu daimi etmək üçün, bu uğuru qazanmaq üçün nə lazımdır?
"Azərbaycan kinosunun beynəlxalq festivallara çıxmaq istəyi düşünürəm ki, təbiidir. Çünki tanınmaq, Azərbaycan marağını və mövzusunu dünyaya çıxarmaq hər bir rejissorun istəyidir. Bu təbii istəkdir. Amma bir şərtlə, gərək Azərbaycan marağı festival şərtləri ilə redaktələrə məruz qalmasın.
Beynəlxalq festivallara çıxmaq üçün beynəlxalq standartlara uyğun filmlər çəkmək lazımdır. Filmin texniki tərəfləri,mövzu standartları da nəzərə alınır. Kadr və nağıl peşəkar səviyyədə qurulmalıdır. Aktyorun üzünə qədər düşünülməlidir. Və nəhayət ən vacib amil istedad olmalıdır".
* Yeni yaradılan Kino Agentliyi ilə bağlı nələr demək istərdiniz? Bu qurumdan hansı gözləntiləriniz var?
"Yeni yaranmış Kino Agentliyinə ən əvvəl obyektiv olmağı tövsiyyə edirəm. Azərbaycan kino sahəsində bu gün dahi yoxdur. Ona görə də hamıya iş verilməlidir. Gözləntilərim çoxdur. Azərbaycanda kinonun dirçəldilməsi birinci şərtdir. Azərbaycanda kinematoqrafiya sistemi daha yeni modeldə və formtada yenidən təşkilatlanmalıdır. İstedadlı adamları zövqündən, mövqeyindən, hər hansı bir təşkilata aid olub olmamasından asılı olmayaraq bütün ciddi kinematoqrafçıları həmin bu agentlik öz ətrafında toplamağı və onlara düzgün sifarişlər verməyi bacarmalıdır. Azərbaycan kinosunun dünyaya çıxarılması zəminində konstruktiv və real addımlar atmağı bacarmalıdır. Mənə elə gəlir ki, Azərbaycanda bu Kino Agentliyi daxil olmaqla administrativ heyətlər həddndən artıq çoxdur.İş isə az. Məsələn, iki dənə kinematoqrafçılar ittifaqı var. Boynumuza alaq ki,Azərbaycan üçün bu çoxdur.
Kino Agentliyi kino ictimaiyyəti ilə birbaşa təmasda olmamışdan əvvəl özünün milli ideoloju zəmində “kinematoqrafik konsepsiyasını” işləyib hazırlamalıdır. Və bu layihəni müzakirə üçün gündəmə çıxarmalıdır. Peşəkər kinematoqrafçular bunu ən azından müzakirə etməlidirlər.
Mənim kinodan istədiklərim ilk növbədə istedadlıra yolun verilməsidir.. İnsanların kinodan uzaqlaşdırılmamasıdır. Yaşından, başından asılı olmayaraq bütün kino qüvvələri həmin bu Kino Agentliyi ətrafında işlə təmin olunmalıdır.
Kino Agentliyi bugünki reallıqda həm daxili bazarı həm də xarici kinematoqrafik reallığı çox dərindən və dəqiq mənimsəməli və bu reallıqlara uyğun filmlər sifariş verməlidir.
Festivala gedən müəllif filmlərinin çəkilməsinə də kömək edilməlidir. Amma bu o demək deyil ki, bir tərəfi maliyyələşdirib, o biri tərəfi tam nəzarətdən kənarda qoyasan. Həm dövlət sifarişi ilə çəkiləcək filmlər, həm müəllif filmləri, həm koomersiya filmləri. Bir sözlə bütün sahələri əhatə edən filmlər eyni proporsional qaydada nəzarətdə saxlanılmalıdır.
Eyni zamanda kino məktəbinin açılması, kino təhsilinin bərpa olunması, Azərbaycanlı gənclərinin xaricdə kino təhsili almaq üçün göndərilməsi, kinematoqrofın hörmətinin özünə qaytarılması, televiziyalarla və sosial şəbəkələrlə düzgün qurulamalı olan işlər... Bütün bunlar əlbəttə ki, Kino Agentliyini üstünə düşən çətin məsələlərdir.
Son 3-4 ildə çəkilən filmlər hardadır? Bu filmlər də ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır ki, görək dövlətin vəsaiti hara xərclənib. Filmlər pisdir ya yaxşıdır bu sonrakı söhbətdir. Əsas məsələ odur ki, həmin filmlər hardadır? Niyə insanlara göstərilmirlər ?
Axı kino cəmiyyətin aynasıdır. Gərək orda hər zad olduğu kimi görünə".
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)