“Bulud qonur gözlərimə” Təbrizdə nəşr olunub Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla xəbər verir ki, güneyli şair Hümmət Şəhbazinin «Bulud qonur gözlərinə» şeir kitabı Təbrizin «ydın sav» nəşriyyatı tərəfindən çap olunub.

 

İndiyədək tənqid və tənqidçilik sahəsində müxtəlif əsərlər və məqalələr müəllifi olan şair-yazıçı, bu dəfə 1991-2001-ci illər arasında yazdığı şeirlərindən seçim edərək şeir toplusu müəllifi kimi çıxış etdi. Şair şeir kitabına yazdığı önsözdə uğraşdığı tənqid sahəsini unutmayaraq yenə də o dövər şeirimizin sürdüyü yolları qısaca işıqlandırır. O, tənqid sahəsinə istiqamətlənmə səbəblərini və tənqidlə uğraşdığı səbəbdən şeirlərinin çap olmasını ikinci dərəcəli ahəmmiyyətə buraxdığını da açıqlayır:

1992-sə doktor Rza Bərahəninin çap olan üç cildlik «təla dər mes (misdə qızıl)» adında tənqid kitabını da oxudum. Bu kitab məndə ana dilli ədəbiyyatımızda tənqidin boşluğunu, və bu boşluğu doldurmaq duyğusunu oyatdı. Bu duyğunu gücləndirən başqa bir amil də oldu. Ədəbi yığıncaqlarda Fars dilində yazan Fars öyrəncilərinin qıcıqlandırıcı düşüncələri. Onların birinin verdiyi sual on il mənim qulağımda cingildədi: «Türk dilində də şeir yazmaq olarmı?»

Bu kimi təhqiredici sorğulara cavab axtarmaq üçün Hümmət Şəhbazi daha çox tənqidlə uğraşdı; bu məsələ onun şeirlərinin çap olmasını arxa plana salaraq gecikdirdi. Özü yazmışkən: «Tənqid mövzusuna birinci dərəcədə önəm vermək, şeir kitabımın çap olmasını ikinci və üçüncü dərəcəli əhəmiyyətə çevirdi». Önəm verdiyi tənqidi araşdırmalarını çap etdirdikdən sonra arxayınlığa çıxan yazar, şeir kitabını çap etməyin vaxtı çatıbdır deyə onları çap etmək qərarına gəldiyini də vurğulayır. Beləliklə «Bulud qonur gözlərinə» ilk şeir toplusu, şairin yuxarıda qeyd olan illərdəki şeirlərini çevrəyərək sıra ilə yazı tarixləri ilə çap olubdur.

 

BULUD QONUR GÖZLƏRİNƏ

 

Züv gedirdim qarlar üstündə

Göylərdə quş olub

Uçmaq sevinci ilə uçurdum

Mavi səmanı da ağ görürdüm qarlar kimi

Dünya sığınacaq yerdir

Gündüzlər, göyün işıqlı kölgəsində

Aylı gecələr,

Qucağını açır

Gözlərindən axan sevgi sehrinə

Qışın qırovlu qarları

Sevgini xıncır

Dişlərinin arasında

Hamı sığınan

Bu qışın qırovlu çağında

Bir serçə yolunu azır

Budaqların qarlı qucağında

Üşüyür

            Üşüyür

Və sığınmadan

Bulud qonur gözlərinə.

 

“Ədəbiyyat və incəsənət”

(27.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.