Azərbaycan xalqının mina terroruna məruz qalmasının faciəvi nəticələrinə həsr olunmuş “Gizli ölüm toxumları” adında kitab işıq üzü görüb. Kitabın müəllifləri bu dəhşətli reallıqları xalqımızın acı təcrübəsinə əsaslanaraq nümayiş etdirir. Onlar azad edilmiş ərazilərdə yüzlərlə kilometr məsafə qət ediblər.
Onlar minaların və PHS-in axtarılması və təmizlənməsi proseslərini izləyiblər, mina terroru nəticəsində yaralanmış insanlarla söhbət ediblər. Bundan bəhs edən fotoşəkillər, beynəlxalq ekspertlərin rəyləri kitabın əsasını təşkil edir. “Gizli ölüm toxumları” kitabı Azərbaycan Xarici İşlər Nazirliyi, ANAMA və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə çap olunub. Azərbaycan müxtəlif yollarla ölkəmizin qarşısında duran humanitar minatəmizləmə probleminin miqyası və mürəkkəbliyi məsələlərini beynəlxalq ictimaiyyətin gündəminə gətirməkdədir. Kitabın geniş təqdimatı və humanitar minatəmizləməyə həsr edilmiş müxtəlif tədbirlərdə istifadəsi gözlənilir. Kitab ingilis və rus dillərində işıq üzü görəcək.
Kitab “IRS Publishing House” nəşriyyatı tərəfindən hazırlanıb. Nəşriyyatın redaksiyasında Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərindən olan mütəxəssislər çalışır. “PAŞA Həyat Sığorta” ASC ilə əməkdaşlıq etdiyi on il ərzində nəşriyyat diplom və mükafatlara layiq görülüb, müxtəlif dillərdə yazılmış bir çox kitab ərsəyə gətirib. Onların arasında “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklərin kitabı”, “Təbrizin sehrli nağılları”, “Məftun edən şəhər”, “Naxçıvan. Şərqin əfsanəsi”, “Bakı simfoniyası”, “Qarabağ. Əsirlərin salnaməsi”, “Azərbaycan inciləri”, “Daş keşikçilər”, “Gəncə. Nizami yurdu”, “Qarabağın qara kitabı”, “Zəfər salnaməsi”, “Salam, Azərbaycan!”, “Şuşa. Zirvədən uca” və s. kitabları qeyd etmək mümkündür. Hazırda nəşriyyat Qarabağ və Şərqi Zəngəzurun dinc həyata qayıtmasından bəhs edən “Dirçəliş. Başlanğıc” kitabını çapa hazırlayır.
Olduqca aktual olan bir nəşrdir. Nəşrdən bir fraqmenti diqqətinizə çatdırırıq:
“Erməni işğalçıları qədim Qarabağ torpağı talan edilməklə yanaşı, burada yüz minlərlə mina yerləşdirib. Nəinki əsrlərlə burada yaşamış azərbaycanlılara, onların torpağına qarşı 30 il cinayətlər törətmiş düşmən yalnız tarlaları və təmas xətlərini deyil, həmçinin yolları, cığırları, aşırımları və hətta qəbiristanlıqları çoxsaylı minalarla doldurub. Onlar qurbanlarını gözləyir. Ermənilər özləri ilə ölüm və qan gətirmiş, geri çəkiləndə isə onları o günlərin qorxulu xatirəsi kimi saxlamışlar.
Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər nəticəsində mülki şəxslərin kütləvi şəkildə məhvinin qarşısı alındı, lakin bütün səylərə baxmayaraq, itkilər var. Dünya təcrübəsi göstərir ki, bu itkilər, təəssüf ki, qaçılmazdır. Mina partlayışları nəticəsində 282 vətəndaşımız mina qurbanı olub, ya da yaralanıb. Ermənistan tərəfi mina sahələrinin bütün xəritələrini Azərbaycana təqdim etməyib. Əldə olunmuş xəritələrin isə dörddə üç hissəsi yalan məlumatları əks etdirir. Azərbaycan minaaxtaranları tərəfindən 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların aşkarlanması bunun bariz nümunəsidir.
Gizli ölüm tək bizim ölkədə deyil, bütün dünyada dinc sakinlər üçün əsl bəladır. Bir çox regionlarda silahlı münaqişələrdən xeyli vaxt keçsə də, minalardan ölüm halları baş verməkdədir. Bəzi yerlərdə isə müharibələr davam edir. Bu da o deməkdir ki, burada da minalar və partlamamış hərbi sursat (PHS) problemi olacaq. UNICEF-in məlumatına görə, 1975-ci ildən etibarən dünyada bir milyona yaxın insan mina partlaması nəticəsində həlak olub, onların üçdə birini 15 yaşadək uşaqlar təşkil edir. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti isə minaların hər ay iki min insanın ölümünə səbəb olduğunu qeyd edir. BMT-nin statistikasına əsasən, dünyanın yetmiş ölkəsi üçün bu problem ən aktual olanlar sırasındadır”.
“Ədəbiyyat və incəsənət”
(13.02.2023)