Fevralın 10-da YARAT Müasir İncəsənət Mərkəzində məşhur türk fotoqraf Engin Güneysunun “Radio Sarajevo” fotokitabının təqdimatı olacaq.
Beş fəsildən ibarət fotokitab, keçmiş Yuqoslaviyadan tutmuş indiki Bosniyaya qədər dövrü – “Sarayevo-1984 Qış Olimpiyadası”, “Bosniya müharibəsi”, “Srebrenitsa qətliamı”, “Duje Reabilitasiya Mərkəzi”, “müasir Bosniya” dövrlərini əhatə edir.
Tədbirdə fotokitabın yaranma tarixindən, əsərlərin arxasında dayanan hekayələrdən və fotoqrafın təcrübəsindən bəhs ediləcək.
Engin Güneysunun fotoəsərləri bir çox müsabiqələrdə mükafatlara layiq görülüb, onların arasında Türkiyədə keçirilən beynəlxalq “National Geographic” yarışmasında ikinci yerə çıxıb. Onun fotoşəkilləri 2011-ci ildə açılan Türkiyənin Fotoqrafiya Muzeyinin daimi kolleksiyasına daxil edilib.
Hazırda müxtəlif jurnallarda fotoredaktor kimi fəaliyyət göstərir. O, "Radio Sarajevo" fotokitabı layihəsinə 2012-ci ildə start verib.
“Ədəbiyyat və incəsənət”
(07.02.2023)