Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” rüblük bülleteninin ötən ilin oktyabr, noyabr, dekabr aylarında görülən işləri əhatə edən nömrəsi, eyni zamanda, il ərzində olan hesabatın yerləşdiyi xüsusi buraxılışı çapdan çıxıb.
Rüblük informasiya bülleteninin Azərbaycan Kinematoqrafçılar İttifaqının illik fəaliyyəti haqqında xüsusi buraxılışı olan nömrəsində, il ərzində həyata keçirilən layihələr, tədbirlər, kino müzakirələri haqqında informasiyalar yer alıb.
Xüsusi buraxılışda AKİ Kino məktəbinin dinləyici qəbulu elan etməsi, “Cənubda kino günləri”, “Kino istehsalı A-dan Z-yə” layihəsinin Şəki və Bakı mərhələsi, “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsi, “Polşa kino günləri” tədbirləri haqqında məlumatlar, İttifaqa qəbul olunan yeni üzvlər və İttifaqın digər layihələri haqqında informasiyalarla tanış olmaq olar.
Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, “hesabatlılıq və şəffaflıq fəaliyyətlərinin əsas prinsiplərindəndir. Təşkilat olaraq kino ictimaiyyəti tərəfindən qazandığımız etibarı doğrultmağı ali vəzifəmiz sayırıq”.
Kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü əsasında çap edilir. Əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir. Bülletenin tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur.
“Ədəbiyyat və incəsənət”
(24.01.2023)