Yazıçı Varisin 2021-ci ildə İstanbulda, TEDEV Yayınlarında işıq üzü görmüş “Qızıl cib saatı” romanı nəhayət ki, azərbaycanlı oxucular üçün də əlçatan olacaq. “Azərkitab” Yayınlarında roman Xalq yazıçısı Kamal Abdullanın Ön sözü ilə işıq üzü görmüşdür.
Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində açmağa hesablanmış bu roman Britaniya və Azərbaycan arxivlərinin materialları əsasında yazılmış, sırf statistik dünya oxucusuna ünvanlanan bir bestsellerdir.
Nəfəskəsici dramatizm sona qədər oxucunu gərginlik içində saxlayır, zaman, məkan və hadisələr bir-birinin içində əridikcə sonda bir tam halda birləşib bütün əzəməti ilə insanlığın əsl mahiyyətini açmağa xidmət edir.
Kitabın öz sözündə Kamal Abdulla yazır: “Roman ermənilərin yüz il öncə Bakıda törətdikləri azərbaycanlı qırğınlarına tutulan güzgü, həmçinin hazırda da davam edən Qarabağ münaqişəsinin ədalətli həlli üçün aparılan informasiya savaşında çox yaxşı silahdır. Romanda təsvir edilən ana obrazı bütün Azərbaycan analarının ümumiləşmiş insanpərvər obrazıdır. Bu obraz əksər hallarda heç bir ədəbi-bədii bənzətmələrlə deyil, sadəcə, onun əməllərinin təsviri ilə ədəbi qəhrəmana çevrilir.
Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir.”
Nəfis tərtibatla çıxan kitab pirat nüsxələrinin qarşısının alınması üçün müxtəlif qoruyucu detallarla işlənmişdir.
Növbəti həftədə kitabın satış şəbəkəsinə daxil olacağı gözlənilir.
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)