Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-jurnalist, "Sport Time" jurnalının baş redaktoru Jalə Rzabəylinin qələmə aldığı “40 yaşdan sonrakı qadın” kitabının təqdimatı keçirilib.
Kitabda qadınlar üçün faydalı məsləhətlər və nikbin düşüncə gücü, eyni zamanda, Mövlana Cəlaləddin Rumi, Hüseyn Cavid, Cemal Süreya kimi söz ustalarının qısa fikirləri də yer alıb: "Kitab qadınların sağlam həyat və düşüncə tərzindən, sosial-psixoloji durumundan, sağlam qidalanma, idman, eyni zamanda, uğur psixologiyasından bəhs edən motivasiya xarakteri daşıyır. Bu kitab, həmçinin ömrünün ikinci baharını yaşayan 40 yaşlı qadınlar üçün lazımlı informasiyalar verir".
Kitabın təkcə qadınlar üçün deyil, eyni zamanda, kişi oxucular üçün də nəzərdə tutulduğunu bildirən Jalə Rzabəyli belə nəşrlərin qadınların maarifləndirilməsi, özünə olan güvən hissinin yaradılması baxımından lazımlı olduğunu vurğulayıb: "Ümid edirəm ki, "40 yaşdan sonrakı qadın" kitabı həm xanımların, həm də xanımlara dəyər verən kişilərin sevimli kitabına çevriləcək".
Təqdimatda çıxış edənlər kitabın məziyyətlərindən söz açıb, motivasiya xarakteri daşıyan kitabın əhəmiyyətindən və müəllifin yazı üslubundan danışıblar.
Vurğulanıb ki, həyatının ikinci mərhələsini yaşayan qadınlar üçün belə kitablar dəyərli mənbədir.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)