“İrs-Miras” beynəlxalq jurnalının türk dilində növbəti nömrəsi qardaş ölkədə çapdan çıxıb. Jurnalın baş redaktoru Musa Mərcanlı “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” sərlövhəsi ilə yazdığı ön sözdə 270 yaşını tamamlayan Şuşa şəhəri, tarixi şəxsiyyətləri, nəşrdə əksini tapan məqalələr və sair barədə oxuculara müfəssəl məlumat verib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qələmə aldığı “Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi bölgədə sülhün və sabitliyin qarantıdır” sərlövhəli məqalədə iki qardaş ölkənin müttəfiqliyi milli səltənət kimi tərənnüm olunur.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun qələmə aldığı “Türkiyə-Azərbaycan qardaşlığı və strateji müttəfiqliyi” sərlövhəli məqalədə isə Azərbaycan və Türkiyənin dövlətçilik tarixinə, müttəfiqliyinə uzanan yola nəzər salınır.
Hər iki məqalədə diqqətə çatdırılır ki, Azərbaycan-Türkiyə münasibətləri Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” kəlamlarının ruhuna uyğun dinamika ilə yüksələn xətlə inkişaf edir.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attarın təqdim etdiyi “Qardaşlıq münasibətlərini müttəfiqliyə yüksəldən sənəd: Şuşa Bəyannaməsi və ona qədər” sərlövhəli məqalədə iki qardaş ölkənin birlik və həmrəylik fəlsəfəsinin ayrı-ayrı istiqamətlərindən bəhs olunur, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası barədə məlumat verilir.
“Türkiyə və Azərbaycan qardaşlığının möhürü: Çanaqqala və Qafqaz İslam ordusu ruhu” başlıqlı məqalədə dosent doktor Əsma Özdaşlı qardaşlığımızı tərənnüm edən tarixi proseslərə işıq salır.
Professor Fethi Gediklinin “Dünyanın göydələn şəhəri: Şuşa” adlı məqalədə isə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın füsunkar gözəlliyini, keçdiyi əzablı və şərəfli yol barədə oxuculara müfəssəl məlumat verilir.
Professor Hacali Nəcəfoğlunun “Türkiyə və Azərbaycan arasındakı araşdırma sahəsindəki əməkdaşlığın analizi (1992-2021)” başlıqlı məqaləsində iki qardaş ölkənin inkişaf istiqamətləri elm və təhsilin gücü fonunda təhlil olunub.
Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “Türkiyə və Azərbaycan əkiz qardaşlardır” adlı məqaləsinin məzmunu sərlövhəni tam əhatə edir.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin müəllifi olduğu “Türkiyə və Azərbaycan bölgənin qarantiyasıdır” başlıqlı məqalədə iki qardaş ölkənin iqtisadi inkişafı ətraflı təhlil olunur.
“Ədəbiyyat və incəsənət”
(22.12.2022)