“Mütərcim” Nəşriyyatı və Kitab Evi müasir türk yazıçısı Aykut Ərtoğrulun “Dağın içində nə var?” adlı hekayələr toplusunu çap edib. Kitab Azərbaycan Yazıçılar Birliyi Tərcümə seksiyasının rəhbəri Kamran Nəzirlinin “Müasir Türk Nəsri” layihəsi çərçivəsində nəşr olunub. Layihənin məsləhətçiləri Bakı Slavyan Universitetinin professoru Telman Vəlixanlı və Azərbaycan Yazıçılar Birliyinin İstanbul təmsilçisi, yazıçı, tərcüməçi İmdat Avşardır. Kitaba toplanmış hekayələri Azərbaycan dilinə Ruslan Abdullayev uyğunlaşdırıb. Nəşriyyat müdiri Rita Müslümovadır.
“Dağın içində nə var?” müəllifin Azərbaycanda çıxan ilk kitabıdır. Kitaba yazıçının son illər yazdığı 15 hekayəsi daxil edilib. Bu ilin yayında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla yazıçılarımızdan bir qrupu İstanbulda düzənlənən Zeytunburnu Türk Dünyası Beynəlxalq Öykü Festivalında iştirak etmişdir. Festivalda Azərbaycan yazıçılarıyla yanaşı, Türkiyə, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş hekayə ustaları və tərcüməçilər vardı. Festivalın əsas hədəfi qardaşlıq bağlarının gücləndirilməsi, ədəbi əlaqələrin daha da inkişaf etdirilməsi, daha geniş auditoriyalara tanıdılmasıydı. Festival günlərində müxtəlif görüşlər keçirildi, müzakirələr aparıldı, “Çağdaş Azərbaycan Hekayəsi”, “Çağdaş Ədəbi Əlaqələr” və s. mövzularda təqdimatlar oldu. Məhz həmin günlərdə keçirilən bir sıra görüşlərdə ümumi fikir bu oldu ki, ədəbi əlaqələr daha da gücləndirilsin, türk dünyası yazıçıları daha geniş auditoriyaya tanıdılsın, bu məqsədlə sistemli addımlar atılsın. İndi Azərbaycan oxucusuna təqdim edilən kitab da bu addımlardan biridir. Məqsəd Azərbaycan oxucusunu müasir türk nəsri ilə tanış etmək, yeni nəsil postmodern yazıçıları tanıtmaqdır. Belə layihələr qarşılıqlı olacaq və daha geniş coğrafiyanı əhatə edəcək.
Bizim xalqlarımız yeni nəsil ortaq türk ədəbi nümunələri ilə daha yaxından tanış olmalıdırlar. Bu sahədə çox böyük addımlar atılır. Bu gün ədəbi nümunələrimiz dünyaya Türk Birliyi qapısından daha sürətlə çıxa bilər. Burada məhdudiyyətlər yoxdur, mərkəzləşdirilmiş “rus senzoru” da yoxdur, məsələ yalnız sanballı əsərlərin ortaya qoyulmasındadır.
“Ədəbiyyat və incəsənət”
(15.12.2022)