Bu ilin ölkəmizdə “Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycanın Sofiyadakı səfirliyi tərəfindən Bolqarıstanda bir sıra silsilə tədbirlər həyata keçirilib.
Ölkəmizin Bolqarıstandakı səfirliyininə
İstinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu tədbirlər çərçivəsində Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” adlı kitabı bolqar dilinə tərcümə olunub və Bolqarıstan Dövlət Teleqraf Agentliyində nəşrin təqdimatı keçirilib.
Təqdimat Şuşaya həsr olunmuş elmi-praktiki konfrans çərçivəsində baş tutub.
Konfransda çıxış edən səfir Hüseyn Hüseynov 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunduğunu bildirib, konfrans iştirakçılarına Şuşanın tarixi, əhəmiyyəti, şəhərin 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı müddətdə tam viran qoyulması, 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunması haqqında danışıb. Diplomat belə tədbirlərin Bolqarıstan cəmiyyətində tarixi həqiqətlərin üzə çıxarılması, həmçinin Azərbaycanın mədəniyyət irsinin təşviqi baxımından önəmini bildirib.
Digər çıxış edənlər Şuşanın Azərbaycanın tarixində, həmçinin siyasi və mədəniyyət həyatında tutduğu xüsusi yeri vurğulayıb, erməni işğalından azad olunduğundan sonra şəhərdə aparılan quruculuq və bərpa işləri barədə ətraflı məlumat veriblər.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə bolqar dilinə tərcümə olunmuş “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” kitabının müəllifi professor Elçin Əhmədov konfransa videoformatda qoşularaq, nəşrdə Şuşanın yaranma tarixindən bu günədək baş vermiş əsas hadisələrin faktlarla əks olunduğunu, Azərbaycanın mədəniyyət paytaxtının qədim tarixi və strateji əhəmiyyətinin geniş tədqiq edildiyini diqqətə çatdırıb.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Konfrans qədim Şuşanın məhəllə və küçələrini əks etdirən şuşalı rəssam Rövşən Bayramovun rəsm əsərlərindən ibarət sərgi ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(05.12.2022)