Polşada “Azərbaycan-Polşa nağılları” adlı kitab nəşr olunub

 

Polşa-Azərbaycan dostluq münasibətlərinin inkişafına töhfə olaraq “Azərbaycan-Polşa nağılları” adlı kitab nəşr edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın xüsusi müxbirinə istinadən xəbər verir ki, kitab Polşa-Azərbaycan dostluq əlaqələrinin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyinə həsr olunan “Polşa ilə Azərbaycan arasında mədəni körpü” layihəsi çərçivəsində çap edilib. Polşa Azərbaycanlıları Şurasının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihənin Azərbaycanda tərəfdaşı “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyidir. 

Kitabda Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyi münasibətilə 30 nağıl toplanıb. Belə ki, 15 Azərbaycan nağılı polyak dilinə, 15 Polşa nağılı isə Azərbaycan dilinə tərcümə edilib. “Apostrof-A” nəşriyyatında çap olunan kitabın tərcüməçisi Vrotslav Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru İlahə Kərimovadır. 

Kitab Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli tərəfindən Polşanın 20-ə yaxın dövlət kitabxanasına hədiyyə olaraq paylanılıb. Həmçinin kitab Azərbaycan diasporu adından Polşada uşaq evlərinə, məktəblərə və uşaq bağçalarına da ödənişsiz şəkildə təqdim edilib. 

Xatırladaq ki, Zəfər Günü ərəfəsində “Azərbaycan-Polşa nağılları” kitabının Varşavada da təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.