“Ədəbiyyat və incəsənət” Daycest bölümündə əməkdat artist Mətanət İsgəndərlinin fikirlərini dərc edir. Bizcə, insanları yaxşı tanımaq üçün onları dinləmək vacibdir.
“İnsanlara güvənib azalıb. O qədər inanmışam, o qədər güvənmişəm, sonda da gözləmədiyim hərəkətləri onlardan görmüşəm. Ürəyi təmiz insanlar üçün bu fani dünyada yaşamaq olduqca çətindir. Qarşımdakına inanmışam. Bəzən ürəyimin təmizliyindən övladlarım da əziyyət çəkib".
Bu açıqlamasından daha sonra Mətanət İsgəndərli deyib:
"Yaxşı sənətkar olmağın hələ sənin yaxşı insan olmağın demək deyil. Özünü dağ başına qoymaq yaxşı hal deyil. İnsanlara yuxarıdan aşağı baxmaqla sən Allahı qəzəbləndirə bilərsən. Şan-şöhrətə çatdım, amma bu mənim başımı gicəlləndirmədi. Dünyadan gedəndə nə var-dövlət, nə də şan-şöhrət aparırsan. Özünü sadə, insan kimi apar, qoy öləndən sonra rəhmət oxusunlar" deyə müğənni bildirib.
Sənətçi qazancını sənətinə qoyduğunu deyir.
"Bütün qazancımı sənətimə qoymuşam. 600-ə yaxın mahnım var, hələ neçəsi var ki, heç oxumamışam. Sonuncu qəpiyim də olub aranjimana vermişəm. Gedib borc edib aranjiman etdirmişəm. Özü də ən bahalı aranjimanları mən etdirmişəm. Bu sənətə pul qoymaq lazımdır ki, pul götürəsən. Amma inanın ki, məqsədim pul götürmək də olmayıb. Heç vaxt var-dövlətimlə öyünməmişəm. Çünki əvvəlindən görmüşəm" deyə müğənni bildirib.
Müğənni son günlər daha da məşhurlaşan "Qərib payız" mahnısından danışıb.
"Müğənni o ab-havaya düşməsə ondan heç nə inandırıcı alınmaz. Bu mahnını oxuyanda çox dərdli idim, böyük haqsızlıqlar qarşısında imtahan verirdim. Kefimin kök vaxtında bu mahnını gedib oxuya bilməzdim. Mən o harayı, o dərdi bu mahnı vasitəsilə çatdırmaq istəyirdim. Səs rejissoruna dedim ki, qapını bağla, heç kimi otağa buraxma, mən istəyirəm ki, içimi bu mahnıya töküm. Hönkürtü ilə bu mahnını oxumuşam" deyə müğənni bildirib.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)