“Salam Məşədi” kitabı şuşalı xanəndə Məşədi Fərzəliyev barədədir

 

Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından növbəti kitab işıq üzü görüb. Əslən  Şuşadan olan xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə həsr edilmiş “Salam, Məşədi” adlı nəşrdə böyük xanəndənin 33 illik İstanbul həyatına aid son illərdə tapılmış arxiv materialları, Azərbaycan Dövlət Səs Yazıları Arxivindəki ifalarının siyahısı yer alıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabın təqdimat mərasimi noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. 

Kitabda həmçinin indiyə qədər heç yerdə dərc olunmamış Almaniyanın “Sport- Rekord”, Fransanın “Pate” firmalarının tərtib etdiyi kataloqlar da əks olunub. Kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır. Muğam tariximizlə maraqlanan oxucular müəllifin axtarışları nəticəsində tədqiqat qrupunun üzvü Dilqəm Əhməd tərəfindən xanəndəyə aid Türkiyə arxivlərində aşkar edilmiş sənədlər, həmçinin tanınmış sənət xadimlərinin xanəndənin irsi haqqında düşüncələri ilə tanış ola biləcəklər. (Yeri gəlmişkən, bu barədə portalımızda məlumat getmişdi).

Kitaba “Ön söz”ü Xalq artisti, bəstəkar Sərdar Fərəcov yazıb. 

“Çapar” yayınlarında hazırlanan nəşrin redaktoru Kənan Hacıdır.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.