Bəhram Bağırzadənin Fikrət Əmirovun yubiley tədbirini tənqid etməsinə tədbir iştirakçılarının reaksiyaları
Dahi bəstəkar Fikrət Əmirovun 100 illik yubiley tədbiri birmənalı qarşılanmayıb. Tanınmış aktyor, bakılı oğlan Bəhram Bağırzadə yubiley tədbirini öz facebook statusunda tənqid edib, bu gecəyə görə məyus olduğunu dilə gətirib. Bəhramın statusu belədir: “Bu gün, yeni minillikdə mən, artıq 50 yaşlı insan dahi bəstəkarın yaradıcılığının dəfnində iştirak etdim". Bəs tədbir iştirakçıları buna necə reaksiya veriblər?
“Ədəbiyyat və incəsənət” portalı mediaya açıqlamaları izləyərək belə qənətə gəlib ki, tədbir iştirakçıları Bəhramın fikirləri ilə əsla razı deyillər.
Gecədə çıxış edən Xalq artisti Alim Qasımov sözügedən tənqidi statusu görmədiyini deyib:
"Bəhramın Fikrət Əmirova nə işi var ki? Mən eşitməmişəm, görməmişəm. Nə sözü var, onu bilməmiş nə deyim? Onunla salam-sağolum var. O deyə bilməz axı. Həmişə dahilərin hörmətini saxlayıb, necə deyə bilər?".
Xalq artisti Gülyanaq Məmmədova isə konserti tamaşaçı kimi izləmədiyini, ona görə də bir rəy verə bilməyəcəyini deyib:
"Mən onun yazdığından xəbərsizəm. Siz deyirsiz, indi bilirəm. Nəsə deyə bilmərəm, çünki pərdəarxasında olmuşam. Ancaq növbə mənə çatanda çağırıblar, çıxıb oxumuşam. Bilirəm ki, ancaq Fikrət Əmirovun balet əsərləri, milli musiqiləri səslənib. Mənim çıxışımdan öncə də xalq musiqisi ilə bağlı fikirləri eşidilirdi. Mən də "Reyhan" mahnısını ifa etmişəm. Xalq çalğı alətləri orkestri də müşayiət edib. Düzü, yazıdan xəbərsizəm. Bəlkə ümumi konserti bəyənməyib. Mən də bilmirəm rejissoru, ssenarisi necə olub.
Məşqlərdə gördüm ki, iki orkestr var. Fikrət Əmirov bizim dahi bəstəkarlarımızdan biridir. Üzeyir Hacıbəyov, Qara Qarayev və F. Əmirovun əsərləri dünya arenasında səslənib. Bəlkə daha möhtəşəm bir tədbir istəyiblər. Amma orkestr da çox gözəl ifa edirdi. Onun əsas əsərlərini simfonik orkestr səsləndirdi. Mən tamaşaçı kimi izləsəm, bəlkə öz fikrimi bildirərdim. Lakin pərdəarxasında olduğum üçün münasibət bildirməyim düzgün olmaz. O tamaşaçı kimi orada olub, onun da fikrinə hörmətlə yanaşmaq olar. Axı xalqın hər bir nümayəndəsi Fikrət Əmirovu sevir. Biz də gedəcəyik, onun əsərləri yaşayacaq. Tamaşaçı kimi fikrini bildirib, qarşı çıxa bilmərik. Hər kəs öz fikrində sərbəstdir, umduqlarını bildirə bilər. Şərəf duydum ki, o konsertdə mən də iştirak etmişəm".
Əməkdar artist Almaz Orucova da sözügedən paylaşımdan xəbərsiz olduğunu qeyd edib:
"Həmin açıqlamasını oxumamışam. Bilmirəm, niyə bu fikirdə olub? Hər kəsin şəxsi düşüncəsi var, hörmətlə yanaşa bilərəm. Amma "Yaradıcılığının dəfnində iştirak etdim" sözünü anlamıram. Orada Fikrət Əmirovun əsərlərini ifa olunub. Başqa bir bəstəkarın yaradıcılığından heç bir əsər səslənməyib ki, belə bir münasibət olsun. Yenə də öz fikridir. Orada böyük orksetrlar çıxış edib. Səhnəyə çıxanlar da Xalq və Əməkdar artistlər olublar. Bilmirəm, bəlkə də konkret kiminsə ifasından narazı qalıb. Bir söz deyə bilmərəm. Lakin biz məşqlərdə də olduq. Özümüz də zövq aldıq. Məncə, möhtəşəm konsert hazırlanmışdı. Fikrət Əmirov dahi bəstəkardır. Onun əsərləri orkestr üçün yazılıb. Yüngül mahnılar da bəstələnməyib ki, belə deyilsin".
Amma gəlin unutmayaq ki, od yanmasa tüstü çıxmaz. Bəhram Bağırzadə kifayət qədər zövqlü insandır. Sözü də küləyə uçurmağı sevmir.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)