Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin (İB) hazırladığı "Azərbaycan kəlağayısı min illərin yadigarı" kitabının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri giriş sözü ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı açıb. O, kitabda işıq üzü görən müəllif yazıları və şeirlərinin kəlağayını oxuculara daha da sevdirəcəyini qeyd edib.
Təqdimatda yeni işıq üzü görən kitabla yanaşı, eyni zamanda, qədim Azərbaycan kəlağayıları nümayiş etdirilib. Xüsusilə Basqal ustalarından Mürşüd Cəbrayılovun kəlağayı üzərində hazırlanmış Azərbaycanın tanınmış simalarından Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Xan Şuşunskinin şəkillərini əks etdirən əl işləri nümayiş olunub.
Kitab Azərbaycanın milli dəyərlərindən olan kəlağayı haqqında klassik ədəbiyyatımızdan müasir ədəbiyyatımızadək dəyərli fikirləri, şeirləri, məqalələri bir araya gətirib.
Tədbirdə çıxış edən görkəmli ziyalılar, söz adamları kəlağayı haqqında kitabın məziyyətlərindən danışıb, təəssüratlarını bölüşüblər.