Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AYB-nin Xəzər bölməsinin sədri, şair-qəzəlxan Hacı Arif Buzovnalının 50 illik yubileyinə həsr olunmuş “Arif” kitabının təqdimatı keçirilib.
Qeyd edək ki, kitab bir qrup gənc yazıçılar tərəfindən ustadları Arif Buzovnalının yubileyinə hədiyyə olaraq hazırlanıb. Və yubilyar da bu hədiyyədən məmnun qalaraq söyləyib: “Bu kitab mənimlə bahəm klassik şeirə verilən dəyərdir”.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimatı açan AYB-nın katibi İlqar Fəhmi şairin yaradıcılığına nəzər salaraq, müasir dövrdə klassik janrda yazan şairlər sırasında onun xüsusi xidmətlərinin olduğunu bildirib: “Şair həyatını bütünlüklə klassik ədəbiyyatın təbliğinə, klassik söz sənətinin öyrənilməsinə, Azərbaycan ədəbiyyatında tətbiqinə həsr edib. Yaradıcılığı ilə ədəbiyyatımızda özünəməxsus iz qoyan Arif Buzovnalının klassik poeziyanı yaşatmaqda və bu istiqamətdə gənclərin yetişdirilməsində xidmətləri çox olub”.
Daha sonra çıxış edən AYB katibi Səlim Babullaoğlu əruz şeirində A.Buzovnalının rolundan danışıb. Qeyd edib ki, müasir əruz şeirini A.Buzovnalısız təsəvvür etmək olmaz.
Şairin təkcə yaradıcılığı ilə deyil insani keyfiyyətlərinə görə də çoxlarına örnək olduğunu deyən Hacı Soltan Əlizadə A.Buzovnalı ilə olan dostluğundan, yol yoldaşlığından söz açıb.
Xalq rəssamı, heykəltaraş Xanlar Əhmədov, filoloq Firudin Qurbansoy, alim-tədqiqatçı Mustafa Mailoğlu, ilahiyyatçı Hacı İlham Səlimov, şairlər Damət Salmanoğlu, Yusif Nəğməkar, Kamal Hüseynzadə və digərləri şair haqqında fikirlərini və arzularını dilə gətiriblər.