Mədəniyyət Nazirliyinin dəstəyi, şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsinin “İgidlərin sözü” adlı antologiyası işıq üzü görüb.
Nigar Həsənzadənin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, topluda Vətən müharibəsi iştirakçılarının şeirləri, esseləri yer alıb. Onların arasında döyüşlər zamanı qələmə alınan nümunələr də var. “İgidlərin sözü” antologiyanın təqdimatı noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Xatırlatmaq istəyirik ki, “İgidlərin sözü” kitabının ideya müəllifi “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, kitabın redaktoru isə Aida Eyvazlı Göytürkdür.
“İgidlərin sözü” antologiyasında Aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov, II Qarabağ şəhidləri polkovnik-leytenant Elzamin Təhməzov, baş gizirlər Mehman Yusifov, Saleh Əliyev, Kərim Əhmədbəyli, əsgər şəhidlər Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Murad Nəbiyev, Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əlioğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayev və Tamerlan Əsədovun yaradıcılıqları yer alıb.
Layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir.