“General” romanı ilk dəfə latın qrafikasında çap olunub

 

Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Hüseyn Abbaszadənin 100 illiyi münasibəti ilə bir neçə tədbir nəzərdə tutulub, bunlardan biri də əsərlərinin latın qrafikası ilə çapıdır. 

Yaradıcılığa bilavasitə iştirakçısı olduğu İkinci Dünya müharibəsi illərində vətənpərvər ruhlu şeirləri ilə başlayan yazıçı bu mövzuya sonralar da sadiq qalır, zaman-zaman oxucularına Vətən sevgisi, fədakarlıq, igidlik hissləri aşılayan neçə-neçə roman və hekayələr qələmə alır. 

Hüseyn Abbaszadənin “General”, “Burulğanlar”, “Ləpədöyəndə”, “Haradansınız, müsyö Abel?”, “Qaradağ əhvalatı”, “Evə kölgə düşür”, “Uzaqdan gələn qonaq” və s. bu kimi əsərləri milli koloriti, həqiqiliyi, hər dövrün oxucusu ilə onun dilində danışmaq bacarığıyla bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ədibin yubileyinə töhfə olaraq Dövlət Tərcümə Mərkəzi tərəfindən ilk dəfə latın qrafikasında ərsəyə gətirilən kitabı yaxın günlərdə Bakının bir neçə kitab evləri və mağazalarından əldə etmək olar.

Əfsanəvi Azərbaycan generalı, tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun igidliyi və hərbi rəşadətindən bəhs edən “General” romanı milli ədəbiyyatımızda hərbi vətənpərvərlik mövzusunda yazılmış nadir sənədli-tarixi əsərlərdəndir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.