“Qobustan” sənət toplusunun növbəti sayı çıxıb və say xüsusidir, Şuşa mövzusundadır.
Toplu ölkə Prezidentinin qərarı ilə Şuşa şəhərinin mədəniyyət paytaxtı və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə ithaf kimi işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, ilk dəfə tam rəngli formatda oxuculara təqdim edilən dərgidə Şuşanın, Qarabağın sənət tariximizdəki yeri incələnir.
Pərvin “Əziz Şuşa, sən azadsan” essesi ilə azad Qarabağda, Şuşada keçirilən mədəniyyət tədbirlərindən söz açır, tanınmış tarixçi-jurnalist Müsəllim Həsənov “Mehdiqulu xan Şuşanı niyə tərk etmişdi...” məqaləsi ilə Qarabağ olaylarının tarixi köklərinə nəzər salır, Aləmzər Sadıqqızı Şuşaya bayrağımızı sancan polkovnik Rəşid Aslanovla müharibə və Qələbəmiz haqqında söhbətləşir, professor Ziyadxan Əliyev “Şuşa-rənglərin işığında” məqaləsi ilə rəssamlıq sənətimizdə Şuşanın yerindən danışır. Həmçinin Xalq rəssamı Arif Hüseynov dərginin əməkdaşları ilə söhbətində “Qarabağnamə - Tarixin səhifələri” silsiləsinin yaranma tarixçəsini bölüşür, Narıngül Nadir “Pərdələr açılır” məqaləsi ilə Şuşa Teatrının tarixindən və 73 ildən sonra azad Şuşada açıq hava altında göstərdikləri tamaşadan danışır, Əməkdar rəssam Ülviyyə Həmzəyeva rəssam Mirmehdi Seyidovun qısa ömrünə və yaradıcılığına sığan Şuşadan söz açır, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimli xalçaçılıq sənətimizdə Qarabağ və Şuşa xalçalarının özəl yeri haqqında tədqiqatlarını bölüşür. Bu nömrədə, eyni zamanda, akademik Zemfira Səfərovanın “Şuşa - Azərbaycanın musiqi qalasıdır” monoqrafiyası əsasında, Pərvin Qarabağın, Şuşanın sənət simvoluna çevrilmiş sənətkarlardan danışır, sənətşünas Leyla Nəzərli “Cabbarsız Şuşa olmaz” essesində böyük sənətkar Cabbar Qaryağdıoğlu haqqında araşdırmalarını və xanəndənin qohumu Akif Qaryağdı ilə söhbətinin təəssüratlarını bölüşür, gənc müəllif Ülvi Bahadır “Bədəlbəylilər”in timsalında məşhur Qarabağlı ailələrdən söz açır, Qarabağın simvoluna çevrilmiş şən-şux, baməzə adamlar Esmira Nəzərlinin araşdırmasına yada salınır, “Molla Nəsrəddin” qəhrəmanlarını xatırladan bu məzəli insanlar haqqında yazı elə həmin estetikada rəssam Ayxan Rəsulun çəkdiyi karikaturlərlə təqdim edilib. Eyni zamanda, türk yazıçı-tərcüməçisi İmdat Avşar “Zəfər yolundan Şuşaya dönmək” essesində Şuşaya ilk səfərinin təəssüratlarını bölüşür və Zülfiyyə Qəniyevanın “Qurama”sında Şuşa haqda kiçik, amma maraqlı faktlar yer alıb.
Qeyd edək ki, jurnalın üz qabığında Xalq rəssamı Sakit Məmmədovun ingilis kraliçasına hədiyyə etdiyi “Cıdır düzü” əsəri verilib. Həmçinin müxtəlif yazılar rəssamlarımızın əsərləri ilə estetik, rəngarəng şəkildə təqdim edilib.