“Ədəbiyyat və incəsənət” portalı Oxu.az-da çıxmış çox aktual bir yazını öz oxucularına təqdim edir. Yazıçılar Seyran Səxavət və Varis, habelə təhsil eksperti Nadir İsrafilov dilə vulqar sözlərin müdaxilə etmələri və bununla mübarizə ilə bağlı dəyərli fikirlər söyləyirlər.
Yeni tədris ili başlayar-başlamaz məktəblərlə bağlı problemlər yenidən aktuallaşdı. Şagirdlərin bir-birinə olan aqressiv münasibətinin tez-tez şahidi oluruq. Vəziyyət o həddə çatıb ki, məktəblilərin öz aralarındakı zarafatları qanla nəticələnir.
Ümumiyyətlə, müşahidələrdən aydın olur ki, yetkinlik yaşına çatmayan uşaqlar arasında küçə leksikonu geniş yayılıb. Bu gün məktəblilərin tədris müəssisələrində bu tərz danışığı gözdən yayınmır.
Bununla yanaşı, sosial şəbəkələrdə Azərbaycan dili dərsliklərində vulqarizmin izahı üçün gətirilən sitatlardan da narazılıq edilir. Valideynlər vurğulayırlar ki, belə sitatların gətirilməsi uşaqların tərbiyəsini pozur, onlar küçə leksikonuna meyil edirlər.
Bəs görəsən, burada günahkar kimdir? Valideyn, ədəbiyyat, yoxsa təlim-tərbiyə ocağı?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bunu məktəb və ya sırf valideynlə əlaqələndirmək olmaz:
“Yüksək texnologiyalar əsrində yaşayırıq. Virtual aləm uşaqlara daha çox təsir edir. Bu saat yeniyetmələrimizin əksəriyyəti gününün müəyyən hissəsini kompüter arxasında keçirir. Televiziyalarımızda bəzən bayağı anlayışlar səslənir, məhəllə ləhcələrinə yol verilir. Nə qədər valideyn, məktəb tərbiyəsi olsa belə, yeniyetmə və gənclərimizə sosial mühit daha çox təsir edir”.
Təhsil eksperti qeyd edib ki, uşaqları bu mühitin öhdəsinə buraxmaq olmaz:
“Sosial mühit nə qədər üstünlüyə malik olsa da, bu, məktəb və valideynin məsuliyyətini heç də azaltmır. İstəsək də, istəməsək də məktəb və valideyn əsas tərbiyə mərkəzləri sayılırlar. Mühitin öhdəsinə qoysaq, müsbət nəticə ilə qarşılaşmarıq. Bu cür məsələlərin məktəbdə qarşısı alınmalıdır. Əgər valideyn, məktəb məsuliyyəti yoxdursa, sosial mühitin təsirinə buraxsaq, o zaman küçə uşağı olacaqlar.
Məktəbin geniş imkanları var. Valideyn də, şübhəsiz ki, ciddi yanaşmalıdır. Uşağın küçə ifadələrinə üstünlük verməsinin qarşısı alınmasa, gələcəkdə onu daha pis yerə aparacaq, zorakılıq hallarının artmasına gətirib çıxaracaq. Küçədə adi atmaca belə, bıçaqlanma ilə nəticələnə bilər. Qarşısı alınmalıdır”.
Yazıçı Varis isə əlavə edib ki, bu təkcə Azərbaycanın problemi deyil:
“Bütün dünyada hər yerdə məktəb, ailə və küçə var. Bunlar mütləq şəkildə mövcud olan problemlərdir. Bunlara heç cür qadağa qoymaq olmaz ki, uşaq həyətə getməsin, vulqar ifadələri eşitməsin. Söyüşləri, qarğışları, jarqon ifadələri uşaq istər-istəməz eşidir. Bunların nə olduğunu bilir. Yaşa dolduqca da leksikonu tam olaraq mənimsəyir”.
Varis qeyd edib ki, valideyn və müəllim özünə uyğun metodla uşağa izah etməlidir:
“Onlar izah etməlidirlər ki, bundan istifadə etsən, sən dostlarının gözündən düşərsən. Özünə uyğun yanaşmalısan. Hər bir dilin formalaşması üçün onlar öyrənilməlidir. Dili vulqar sözlərsiz təsəvvür etmək mümkün deyil. Uşaqların o sözlərə yaxın durmamaları çox vacibdir. Məktəblə valideyn bunları öyrədə bilər. Çox önəmli olan odur ki, tutaq ki, küçədə insanlar bir-birinə qarşı nümayişkaranə tərzdə təhqiredici sözlər işlədirlər. Onlara cəmiyyət irad bildirməlidir ki, bunları işlədib, uşaqların tərbiyəsini pozmayın”.
Nərimanov rayonu M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Jalə Rüstəmli uşağın tərbiyəsində valideynin əsas rol oynadığını söyləyib:
“Uşaq nə istəyirsə, valideyn onun üçün alır. Smartfon alıb verir, deyir ki, məktəbə get. Uşağa telefon verilməsinin tərəfdarı deyiləm. Çünki uşaq ailədə tərbiyə alır, məktəbdə formalaşır. Günahın 90 faizi valideyndədir. Uşağı valideyn tərbiyə etməlidir”.
J.Rüstəmli qeyd edib ki, uşaqların küçə leksikonundan istifadə etməsi vulqarizmlərlə bağlı deyil:
“Vulqarizmlərə gəldikdə onlar dərslikdə olan bölmədir. Uşaqlara tədris edilməlidir. Biz də o sözləri keçmişik. Tərbiyəsiz olmamışıq. Ya da geniş istifadə etməmişik.
Get-gedə vəziyyət pisləşir. Uşağın fikri dərsdə olmur. Hər nə gəldi, çəkib yayırlar. Gülünc vəziyyət yaradırlar. O telefonu valideyn alır. Azyaşlıların telefondan istifadəsinə normal baxmıram. Etik normalara əməl edib, başa salmağa çalışırıq. Nə qədər ki valideyn uşağın əməllərinə göz yumacaq, cəmiyyətimiz düzəlməyəcək. Ailələrdə bəzən daha pis sözlərdən istifadə edirlər. Müəllimin vulqarizm bölməsini proqrama əsasən keçməsi uşağı küçə leksikonuna alışdırmır”.
Yazıçı Seyran Səxavət isə uşaqların tərbiyəsinin cəmiyyətlə bağlı olduğunu əlavə edib:
“Bunun çox qısa cavabı var. Heç vaxt o leksikondan istifadə olunmur. 100 faiz belədir. On ailədən ikisi ola bilər ki, bu sözlərdən istifadə etsin. Bu, cəmiyyətlə, məktəblə evin arasındakı yol ilə bağlıdır. Bu yolu təmizləmək, nəzarət etmək lazımdır. Uzun-uzadı danışmağa ehtiyac yoxdur. Valideyn də, müəllim də küçə sözlərini dilinə gətirməz. Ancaq uşaq məktəblə ev arasındakı məsafədə eşitdiklərini təkrar edir. Bu da çox ağır və çətin məsələdir. Ona diqqət vermək lazımdır”.
Nəzrin Vahid