Bişkekdə qırğız dilinə tərcümə edilmiş “Qarabağ hekayələri” kitabının təqdimatı olub

 

Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşəbbüsü, maliyyə dəstəyi və Qırğızıstan Milli Yazıçılar Birliyinin iştirakı ilə Bişkekdə ötən ilin əvvəlində qırğız dilinə tərcümə edilmiş “Qarabağ hekayələri” (“Карабах Ангемелери”) kitabının geniş təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Ölkəmizin Qırğızıstandakı səfirliyindən məlumat almış AzərTAC-a istinadən bildirir ki, tədbirdə Qırğızıstan Xarici İşlər Nazirliyinin 3-cü siyasi idarəsinin rəis müavini, Türkiyənin Bişkekdəki səfirliyinin diplomatları, Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri, Qırğız-Türk Manas Universitetinin, Diplomatik və İdarəçilik akademiyalarının rektorları, professor-müəllim heyəti, Mərkəzi kitabxananın və Milli Filarmoniyanın direktorları, Qırğızıstanın ilk Parlamentinin sədri və Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Medekan Şerimkulov, Çingiz Aytmatovun oğlu Askar Aytmatov, “Azərbaycanın qırğız dostları klubu”nun və diasporumuzun üzvləri, ölkənin tanınmış ictimai xadimləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri açan səfir Lətif Qəndilov iştirakçılara kitab haqqında ətraflı məlumat verib, Qarabağdan və Ermənistandan köçkün düşmüş azərbaycanlıların faciəsi haqqında, onların üzləşdiyi problemlər barədə ətraflı danışıb.

Diplomat iştirakçılara sentyabrın 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistanın genişmiqyaslı təxribatları barədə məlumat verib, Azərbaycanın Laçın rayonu ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş piyada əleyhinə külli miqdarda minanın aşkarlanması faktına diqqət çəkib. Bu faktla Ermənistan tərəfindən 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın bir daha kobud şəkildə pozulduğunu vurğulayıb, rəsmi İrəvanın sözügedən Bəyanata zidd olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini indiyədək çıxarmadığını diqqətə çatdırıb. Ermənistan tərəfindən son bir ay ərzində Azərbaycan mövqelərinin sistemli olaraq atəşə tutulduğunu, ərazilərimizin minalanmasının davam etməsini, bölgədə hərbiləşmə prosesini genişləndirməsini qeyd edən səfir təxribatların, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın və infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görüldüyünü bildirib.

Səfir Azərbaycanın üçtərəfli Bəyanata uyğun olaraq qısa müddətdə Ermənistan ilə Xankəndi arasında 35 kilometrlik yol inşa etdiyini söyləyib, Ermənistanın isə sənədə uyğun olaraq Azərbaycanla Naxçıvan arasında dəhliz açmaqdan imtina etdiyini diqqətə çatdırıb. Böyük ekranda Azərbaycan Xalq Cümhuriyyətinin və müasir Azərbaycanın xəritələrini yanaşı olaraq tədbir iştirakçılarına göstərib, Zəngəzurun Azərbaycanın tarixi torpağı olduğunu qeyd edib. Səfir bildirib ki, bunlar açıq tarixi faktlar olduğu üçün Ermənistan sərhədlərin müəyyən edilməsindən yayınır, bu prosesə ABŞ-dakı və Fransadakı tərəfdaşlarını cəlb etməyə çalışır. 

L.Qəndilov Vətən müharibəsinin başlanmasından iki il ötdüyünü bildirib və tarixin geriyə qaytarılmasının mümkün olmadığını söyləyib. Azərbaycanın böyük oğlu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində əldə edilmiş Qələbənin xalqımıza böyük ruh verdiyini diqqətə çatdırmış, azad edilmiş ərazilərdə daxili imkanlar hesabına böyük bərpa işlərinin aparıldığını qeyd etmiş, xalqımızın bundan sonra heç bir zaman düşmənə güzəştə getməyəcəyini bildirmişdir. 

“Azərbaycanın qırğız dostları klubu”nun prezidenti Assol Moldokmatova çıxışında azad olunmuş bölgələrə səfər etdiyini, Ermənistan tərəfindən törədilmiş dağıntıları öz gözləri ilə gördüyünü deyib, aparılan bərpa işləri barədə qürurla danışıb.

Sonra çıxış edən şair-tərcüməçi Altınbek İsmayıl kitabla bağlı geniş məlumat verib, onun ərsəyə gəlmə tarixçəsinə nəzər salıb. 

Milli Yazıçılar Birliyinin sədri N.Kalıbekov, Qırğız-Türk Manas Universitetinin rektoru Alpaslan Ceylan çıxışlarında Azərbaycanın haqq işinə dəstəklərini ifadə ediblər.

Tədbirin keçirildiyi müddətdə böyük ekranda kitabla və Şuşa şəhəri ilə bağlı hazırlanmış slayd nümayiş etdirilib.

Sonda səfir Lətif Qəndilov kitabı qırğız dilinə tərcümə edənlərə mükafat verib. 

Tədbir səfirlik tərəfindən verilən ziyafətlə davam edib. Ziyafət boyu Vaqif Mustafazadənin əsərləri səsləndirilib. 

Qeyd edək ki, 2021-ci ilin əvvəlində “Qarabağ hekayələri” (“Карабах Ангемелери”) kitabı qırğız dilinə tərcümə edilərək çap edilib. Kitabda 13 azərbaycanlı müəllifin 14 hekayəsi yer alıb. Kitabın qırğız dilinə tərcümə olunaraq çap edilməsinin təşəbbüskarı, müəlliflərdən biri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevadır. Onun təklifi ilə kitab beş nəfər tərcüməçi tərəfindən qırğız dilinə tərcümə edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.