“Zəfər nəğməsi Şuşa” adlı kitabın təqdimatı keçirilib

 

LİBRAFF kitab mağazalar şəbəkəsində yazıçı Sevinc Nuruqızının “Zəfər nəğməsi Şuşa” adlı kitabının təqdimat mərasimi keçirilib. 

TEAS-PRESS nəşriyyat evinə aid olan “Üç alma” nəşriyyatında çap olunan kitabın redaktoru Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Bəhmən Əliyev, illüstratoru qrafik-dizayner Aida Əmirova, layihə rəhbəri Arzu Cəfərovadır.

Tədbirdə, Nizami adına Ədəbiyyat İnstitutun elmi katibi, tənqidçi Aygün Bağırova, Tarix Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, müəllimlər, şəhid ailələri, yazıçı və şairlər iştirak ediblər. Tədbirdə çıxış edən Aygün Bağırova bildirib ki, kitab tək Zəfərdən bəhs etmir, həm də qələbəyə gedən yollara müxtəlif yazılarla işıq tutur. O, Sevinc Nuruqızının bir yazıçı kimi Vətənin ağrısını, Qarabağ dərdini öz taleyinə çevirə bildiyini vurğulayıb. Qeyd edib ki, yazıçı “Zəfər nəğməsi Şuşa” kitabı ilə bir salnamə, yeni bir dastan yaradıb. 

Şəhid Bilal Qəmbərovun anası Gültəkin xanım müəllifin ona olan səmimi münasibətindən danışıb. Şəhid olmuş övladına və onun yadigarı Nazlı qızına həsr edilən “Şəhadətin zirvəsi Vətən” əsərindən və yazıya çəkilmiş illüstrasiyalardan razı qaldığını bildirib. 

Yazıçı Narıngül Nadir bildirib ki, Sevinc Nuruqızı əsərlərilə ölkə hüdudunu aşaraq yeni oxucu auditoriyası qazanıb.

Şair Şəfəq Sahibli də müəllifin kitabları ilə çoxdan tanış olduğunu deyərək, əsərlərinin dəyərindən söhbət açıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.