Azərbaycanlı jurnalist Hafiz Əhmədov əlçatmaz görünən əcnəbiləri tapır, onlarla çox maraqlı müsahibələr edərək özünə məxsus hafiztimes.com saytında dərc edir. Növbəti belə müsahibəni o, dünyaşöhrətli Cek Londonun nəticəsi Tarnel Abbott ilə aparıb. Həmin müsahibəni Daycest bölümündə oxucularımıza təqdim edirik. Dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri, əsərləri ən çox oxunan və tərcümə olunan amerikalı məşhur yazıçı Cek Londonun nəticəsi və varisi Tarnel Abbott müsahibə zamanı bir çox mühüm məqamdan söhbət açıb, babasının ölümü ilə bağlı gizli qalan faktları açıqlayıb. O, ilk dəfə olaraq Azərbaycan, Bakı ilə bağlı fikirlərini də ifadə edib:
– Sizi daha yaxından tanımaq istəyirik. Hazırda harada yaşayırsınız və nə işlə məşğulsunuz? Sağlamlığınız necədir?
– San-Fransisko körfəzinin şərq tərəfində olan Kaliforniyanın Riçmond şəhərində yaşayıram. Berklidən bir az şimaldadır. Çox kiçik sənaye şəhəridir. Mən itimi hər gün Körfəz kənarında və ya Şərqi Körfəz təpələrində gəzintiyə aparıram. Təbiəti bərpaedici hesab edirəm, mənzərələrimiz möhtəşəmdir. Rəssam və şairəm, yağlı boyadan istifadə etməkdən həzz alıram. Bağçama da qulluq edirəm. 30 ilə yaxın kitabxanaçı işləmişəm, indi təqaüdə çıxmışam. Lakin ətraf mühit məsələlərində könüllü şəkildə aktiv fəaliyyət göstərirəm, sosial və ekoloji ədaləti müdafiə edən yerli mütərəqqi siyasəti dəstəkləyirəm. Oxumağa da vaxt tapmağa çalışıram. Səhhətim də əsasən qaydasındadır.
– Müsahibə üçün sizə Azərbaycandan yazdığımızı biləndə ilk nə fikirləşdiniz?
– Əvvəlcə Xəzər dənizinin sahilində yerləşən qədim bir şəhərin təsviri gözümdə canlandı. Romantik, həsrət dolu bir hiss yaşadım. Sonra isə Azərbaycanda birinin Cek Londonla maraqlanmasının nə qədər gözəl olduğunu düşündüm.
– Sizcə, Cek Londonun ən dəyərli ideyaları nələrdi? Çox sevdiyiniz Cek London hekayəsi hansıdır?
– O, böyük humanist idi. İnanırdı ki, bəşər nəsli nə vaxtsa utopik sosialist harmoniyaya, ədalət idealına nail olacaq və özünün “İnsan Qardaşlığı” adlandırdığı maarifçi dövrə doğru təkamül edəcək. Eyni zamanda o, sadəlövh deyildi. Bilirdi ki, tüğyan edən zalım kapitalizmin gücü mübarizəsiz təslim olmayacaq. O, başa düşürdü ki, yaşamaq və dəyişiklik üçün birgə səy lazımdır. Bir çox sevdiyim hekayələri var: “Adəmdən əvvəl” (“Before Adam”), “Od yandırmaq” (“To Build a Fire”), “Vəhşilərin çağırışı” (“The Call of the Wild”), “Qırmızı vəba” (“The Scarlet Plague”), “Yuvanın cənubu” (“South of the Slot”), “Meksikalı” (“the Mexican”) və “The Star rover”…
“Qocaların Liqası” (“The League of the Old Men”) ağdərililərin Yukonun yerli xalqı ilə münasibətlərində rəzilliyini, acgözlüyünü göstərir. Bu, irqçilik və tamahkarlığın nə qədər məhvedici olduğunu nümayiş etdirir və insanları üsyana necə sövq etdiyinə dair kəskin tənqiddir. Və uzun müddətdir sevilən, qeyri-bədii janrda yazılmış “Uçurumun insanları” (“The People of the Abyss”) əsərini bəyənirəm.
– Cek London digər yazıçılardan nə ilə fərqlənir?
– Cek Londonun bir çox hekayələrini müxtəlif yaş səviyyələrində oxumaq olar. Məsələn, onun ən məşhur hekayəsi olan “Vəhşilərin çağırışı” (“The Call of the Wild”) çox vaxt gənclər üçün it haqqında sadə, macəra hekayə hesab olunur. Bunu da deyim ki, 10 yaşımda ilk dəfə həmin hekayəni oxuyanda itlərə qarşı olan vəhşilikdən dəhşətə gəldim və bu istiqamətdə mübarizə aparmağa başladım. Mən yetkin bir insan kimi həmin əsəri yenidən oxuyanda isə fəhlə sinfinin çəkdiyi əziyyətin geniş siyasi təsvirini görə bildim. Bu həm də sevginin qəddarlığı necə dəf edə biləcəyi, yoldaşlığın önəmi, kütlənin ehtiyacının aradan qaldırılması haqqında bir hekayədir.
Məncə, Cek London bir heyvanın nöqteyi-nəzərindən də baxıb yaza bilən ilk insandır. O, dünyanı daha zərif və ya romantik hala gətirmədən, sadəcə olaraq müşahidə etdiyi kimi yazdı. O, bildiyi yerlər – Yukon, dəniz, adalar haqqında gözəl yazırdı.
– Cek Londonun “Martin İden” romanında baş qəhrəmanın son hərəkəti haqqında nə düşünürsünüz? Sizcə, Martin İden Cek Londonun özüdür? (*Bu sualın müəllifi azərbaycanlı məşhur yazıçı, şair Aqşin Yeniseydir)
– Martin İden ümidsizliyə qapılan, yadlaşmış biri olduğu üçün intihar edir. Müəllifin özünün də yazdığı kimi Martin İden qətiyyən Cek London DEYİL. Martin İdenin bəzi təcrübələri Cek Londonun həyatına əsaslanır. Yadda saxlamaq lazımdır ki, Cek Londonun anası Flora Uellman yuxarı, orta təbəqəli ailədə böyüyüb və xüsusi müəllimlər tərəfindən yaxşı təhsil alıb. Ailəsi mübarizə aparsa da, bəzən yoxsulluq içində yaşasa da, dörd yaşında ikən ona oxumağı öyrətdi, məktəbə yola saldı. Hamı onun poçtalyonluqla məşğul olmasını istəyəndə, o, oğlunu yazıçı olmağa həvəsləndirdi.
– Cek London haqqında ən böyük yanlış təsəvvür nədir?
– O, güclü individualist idi. Cek London sosialist idi və insanların bir-birindən asılı olduğuna inanırdı. Ömrünün sonuna yaxın qardaşlıq haqqında gözəl bir ifadə yazdı, üzr istəyirəm, səyahət etdiyim üçün dəqiq sitatı tapa bilmirəm – belə ifadə edir: Çağırış xidmət etməkdir – onun gözəlliyi və sadəliyi belədir: “Hamıya xidmət edən, özünə ən yaxşı şəkildə xidmət edir”. Başqa böyük yanlış təsəvvürlər də var.
– Cek London ateist idi? Dinin sizin həyatınızdakı rolu nədir?
– Bəli, ateist idi. O, materializmə inanırdı. Məni ateistlər böyütdü, amma mahiyyətcə təbiətə pərəstiş edirəm, aramızda universal bir ruh əlaqəsi var, planetin öz sakinləri ilə münasibətini, birliyini hiss edirəm. Mənim təşkil olunmuş heç bir dinə daxil olmaq kimi bir istəyim də yoxdur.
– Cek Londonun uğur sirrini nədə görürsünüz?
– O, müxtəlif etnik qruplara, siniflərə və yaşa mənsub çoxlu insanlarla münasibət qururdu və bununla da onlara müraciət edə bildi. Hələ uşaqlıq illərindən bəri onun kitablara olan ehtiyacı doymaq bilmirdi və yazıçı olmaq, bacarıqlarını daha da inkişaf etdirmək üçün ciddi şəkildə çalışırdı. Çox intizamlı idi, gündə 1000 söz yazırdı. Aldığı bir çox rədd cavablarına baxmayaraq, o, yazı yazmaqdan imtina etmədi. Yazmaq üçün onun minlərlə fikri var idi. O, insanları yaxşı və pis şəkildə başa düşürdü. O, həyatı dəhşətli və gözəl yanları ilə birlikdə dərk edirdi. Onun yazıları qeyri-bərabər idi: əlindən gələn hər şeyi edirdi ki, siz həmin xarakterin içində olduğunuzu hiss edəsiniz. Lakin o, həddindən yüksək olan planlarına çatmaq üçün bəzən aşağı səviyyəli kitablar da yazdı.
– Cek Londonun sizin üçün ən təsirli romanı hansıdır? Niyə?
– Faşizmin yüksəlişini və “İnsan qardaşlığı” dövrünə aparan son mübarizəni proqnozlaşdıran distopiya romanı olan “Dəmir daban”dır. Romanı 1909-cu ildə yazıb, həmin dövrdə olduğu kimi, bu gün də aktualdır. İnsanların diqqət etmələri vacib olan bir xəbərdarlıqdır, çağırışdır. Biz təhlükəli dövrlərdə yaşayırıq və düşünürəm ki, insanlar gələcək fırtınadan xəbərsizdirlər.
Mən onu Türkiyədə Ankara Beynəlxalq Etos Teatr Festivalı üçün bir tamaşaya çevirdim. Daha sonra isə həmin tamaşa 5-6 dəfə nümayiş etdirildi.
– İnsanlığın deqradasiyasının əsas səbəbini nədə görürsünüz?
– İqtisadi bərabərsizlikdə!
– Cek Londonun dahiliyini təsdiqləyən ən tutarlı fakt hansıdır?
– Ən çox olmasa da, indiyə qədər əsərləri ən çox tərcümə olunan müəlliflərdən biridir.
– Bir çox mənbələr Cek Londonun ölümünü intihar kimi təqdim edirlər. Bu haqda nə demək istərsiniz? Doğrudanmı o, intihar etdi?
– Məncə, çox az ehtimal var. O, Nyu-Yorka səfər etməyi planlaşdırırdı. Ölümündən bir gecə öncə o, nənəm Coan Londona bir qeyd yazdı və yaxın bir neçə gün ərzində onunla və kiçik bacısı Bekki ilə görüşmək üçün tarix təyin etdi. Mən çoxdan hiss etmişəm ki, onun ölüm şəraiti şübhəli olub və onun vəsiyyətinə müdaxilə edilib. O, müxtəlif xəstəliklərdən əziyyət çəkirdi və mən elə bilirdim ki, o, təsadüfən, həddindən artıq dozada qəbul etdiyi morfindən (ağrıları kəsmək üçün) ölə bilər. Bununla belə, bu yaxınlarda məhkəmə-tibbi sahədə bir inkişaf baş verməkdədir. Bu isə belə ölümün çətin baş verə biləcəyini göstərir.
– Cek Londonun kitablarında bəyənmədiyiniz personaj kimdir?
– Yadıma “Wolf Larson” gəlir.
– Dəyəri lazımınca bilinməyən üç Cek London əsəri?
– “Uçurumun insanları” (“People of the Abyss”), “İnqilab” (“Revolution”) və digər esseləri, “Dəmir daban” (“The Iron Heel”)
– İnsanlar Cek Londona nəyi borcludur?
– Ümid, güc, əzm, cəsarət, sevgi, yaxşı mübarizəni davam etdirməyin vacibliyinə inam – bunlara silahlanmaq üçün ilham verdiyinə görə ona təşəkkür edirik.
– Xəyanətkarların, acgözlərin “Həyat eşqi” nə vaxt bitir?
– İnsanlar qarşılıqlı (birlikdə) sağ qalmağın bu həyatda mümkün, yeganə sağ qalmaq yolu olduğunu başa düşəndə! Acgözlüyümüz planeti öldürür.
– Sizcə, bütün zamanların ən yaxşı yazıçısı kimdir?
– Mən hələ o qədər oxumadığım üçün bu suala cavab verə bilmirəm. “Çox kitab, çox az vaxt”. Amma qeyd edim ki, Dostoyevskini, Marqaret Atvudu, Qabriel Qarsia Markesi, Barbara Kinqsolveri sevirəm.
– Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Bakıya səfər etmək istərsinizmi?
– Bununla bağlı bir az tarix oxudum, bir neçə şəkil gördüm. Mən Azərbaycan haqqında daha çox bilmək istərdim. Bakı gözəl, kosmopolit şəhər kimi görünür. Şərqlə Qərbin kəsişməsində, müasirlik və qədimliyin yan-yana olmasını xoşlayıram. Gördüyüm qədəri ilə ənənəvilik və müasirliyi də özündə cəmləşdirib. Mən Azərbaycanı, Bakı şəhərini ziyarət etməkdən çox məmnun olardım.
– Azərbaycanda Cek Londonu sevən insanlara nə demək istərsiniz?
– Təşəkkür edirəm, ümidinizi üzməyin, daha yaxşı dünya mümkündür.