“Mədəniyyət/Culture” jurnalının yeni sayı işıq üzü görüb

 

“Mədəniyyət/Culture” jurnalının yeni sayı işıq üzü görüb. Bu sayın milli mətbuatımızın 147-ci ildönümünü qeyd etdiyimiz günlərdə işıq üzü görməsi sanki rəmzi bir məna daşıyır. Hər zaman mədəniyyətimizin flaqmanı missiyasını daşıyan dərgi bu dəfə də cəmiyyəti maraqlandıran mövzularla zəngindir. 

 

Baş redaktorun oxuculara ünvanlandığı yazıda mətbuatın cəmiyyətlə sıx əlaqələrinin vacibliyinə toxunulur, mədəniyyət mövzularının tərbiyəvi və maarifçi xarakterindən söz açılır.

Daha sonra I Türk dünyası ədəbiyyatı və kitab festivalına həsr olunan “Türkün kitab körpüsü” icmalında bu günlərdə kitab dünyamızın yeni tendensiyaları, konkret kitab nəşrləri, Azərbaycan kitabının dünya, özəlliklə də türk dünyası kitabı ilə inteqrasiyasını əks etdirən kitab sərgisi işıqlandırılır.

“Ədəbiyyat” rubrikasında Prezident İlham Əliyevin Sərəncamı ilə 130 illik yubileyi qeyd olunan istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı Qurban Cəbrayılın görmə bucağından araşdırılır.

Görkəmli tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın böyük maraqla qarşılayacağınız təhlili yazısında Əmrə Yunis adı ilə Əbrəqunis toponimindən söhbət açılır.

“Musiqi” bölümündə “Tar sənətinin zirvəsində” qərar tutmuş 75 yaşlı tarzən, Xalq artisti, professor Ramiz Quliyev və “Ömrünün mənasını ifa etdiyi rəqslərdə görən sənətkar” bu gün artıq ömrünün 93-cü baharını yaşayan rəqqasə, Xalq artisti Roza Cəlilovanın sənət yollarına işıq tutulur.

Məşhur alim Cəfər Qiyasinin məhsuldar ömür yolu və Azərbaycan memarlığına bəxş etdiyi əvəzsiz töhfələr barədə jurnalist Şövkət Səlimovun qələmə aldığı “Vətəni sevmək sənəti” oçerkində məmnuniyyətlə geniş söhbət açılır. 

Milano Music Master School Musiqi Akademiyasının professoru, məşhur opera ifaçısı Çinarə Şirinlə sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətlinin söhbəti “Uzaqdakı yaxınlar” rubrikasında yer alıb.

Tanınmış yazıçı-publisist İbrahim Nəbioğlu köhnə Bakının “Telefonnaya” küçəsinin unudulmuş keçmişindən, araşdırmaçı Vahid Şükürov isə Ramana kəndinin qayaüstü rəsmlərindən yazır.

“Elm” bölməsi yenə də gənc tədqiqatçı və müqtədir alimlərimizin ixtiyarındadır və onların elmi axtarışları ilə zəngindir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.