Kiyoşi Ohira: “Sizin musiqi gözəldir və incə ruhludur”

 

Vüqar Ağayev Tokioda Kiyoşi Ohira ilə görüşüb, ondan müsahibə götürüb. Kimdir Kiyoşi Ohira? Oxuyaq. 

 

Yaponiyada Azərbaycan-türk simli alətlərinin mahir ifaçısı kimi tanınmış Kiyoşi Ohira ilə ilk dəfə 2012-ci ilin fevralında, Azərbaycanın Yaponiyadakı səfirliyinin iqamətgahında keçirilən “Azərbaycan mədəniyyət axşamı”nda tanış olmuşduq.

Yaponiyadakı xüsusi müxbiri olaraq qatıldığım ilk tədbirlərdən biri olan həmin mədəniyyət axşamında əsasən Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Yaponiya tərəfdən üzvləri, Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak edirdilər. Azərbaycan mətbəxinin ləziz təamlarını böyük məmnuniyyətlə dequstasiya edən yapon qonaqlara milli, aşıq musiqimizdən və Azərbaycan bəstəkarlarının klassik əsərlərindən nümunələr də təqdim edildi. Klassik musiqi nömrələrini Yaponiyada yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərova, aşıq musiqisindən nümunələri isə yapon Kiyoşi Ohira ifa edirdilər. 

Kiyoşi Ohira ilə sonralar dəfələrlə müxtəlif tədbirlərdə - Türkiyənin Yaponiyadakı səfirliyinin təşkil etdiyi mədəni proqramlarda, konsertlərdə, mədəniyyət axşamlarında qarşılaşdıq. Bəzi tədbirlərlə - TÜRKSOY-un 25 illiyi ilə əlaqədar qurumun xalq çalğı alətləri orkestrinin Yaponiyada təşkil edilən silsilə konsertlərində, “Arşın mal alan”ın orijinal şəkildə hazırlandığı tamaşada və özünün də ifaçı kimi iştirak etdiyi mədəniyyət axşamlarında ondan qısa açıqlamalar da götürmüşdüm. Hər dəfə də bütün türk dünyasına, o cümlədən Azərbaycana bu ölkələrin qədim və zəngin mədəniyyətinə böyük sevgisinin şahidi olmuşdum.

Budəfəki görüşümüz isə bütünlüklə onun özünə, həyat və fəaliyyətinə, Azərbaycan-türk musiqisinə göstərdiyi böyük sevgiyə həsr olunmuşdu. İşinin çoxluğuna, simli alətlərlə bağlı dərslərinə baxmayaraq, mənimlə görüşüb suallarımı cavablandırmağa razılıq verdi.

Beləliklə uzaq Yaponiyada Azərbaycan-türk musiqisinin böyük pərəstişkarı, bu mədəniyyəti daim təbliğ və tədris edən Kiyoşi Ohira ilə müsahibəm yarandı. 

- Kiyoşi Ohira - san, xahiş edirəm əvvəlcə oxucularımıza özünüz haqda məlumat verəsiniz. Necə oldu ki, sizdə Azərbaycan-türk musiqisinə, bu xalqın simli alətlərində ifaya belə böyük maraq yarandı? 

- Türk musiqisi ilə ilk dəfə orta məktəbdə oxuyarkən tanış olmuşdum. Həmin vaxt təsadüfən NHK telekanalında türk Murat Çobanoğlunun ifasını görmüşdüm. Bu ifa məni sazın sirli aləminə çəkib apardı. Azərbaycan-türk musiqisi öz gözəlliyi və incə ruhu ilə məni özünə heyran etdi. Saytama universitetinin beynəlxalq mədəniyyət fakültəsinə də məni yəqin ki, bu heyranlıq aparıb çıxardı. Həmin musiqi alətlərində ifanı öyrənmək üçün Türkiyəyə yollandım. Türkiyənin tanınmış bağlama ifaçıları olan Əli Heydərdən, Bursa Milli Konservatoriyasının rektoru Kamal Kamalıdan dərs aldım. Həmin şəxslərlə bu gün də əlaqə saxlayıram və hərdən bir danışırıq.

Bundan əlavə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ankaraya səfər edərək Dəniz Şahindən əsasən klassik türk musiqisində istifadə edilən udda ifanı öyrəndim. 

Türkiyədə təhsil aldığım dövrdə mənim üçün çox maraqlı olan bəzi məqamlarla qarşılaşdım. Belə ki, Türkiyənin şərqində yerləşən həmin musiqi məktəblərində saz müəllimi konsert təşkil edərkən mütləq buraya Azərbaycan musiqi alətlərində - tar, kamança və qavalda ifa edən musiqiçiləri də dəvət edilirdi. Yəni həmin musiqilər bir tamın tərkib hissələri kimi dinləyicilərə təqdim olunurdu. Bu, mənim üçün çox maraqlı məqam idi.

Özümü dərk edəndən bəri daim bu musiqi alətlərində ifa edirəm və necə deyərlər, çörəyimi bu yolla qazanıram.

- Yaponiyada bir çox Azərbaycan musiqi alətlərinin, o cümlədən tarın və sazın məşhur ifaçısı kimi yaxşı tanınmısınız. Müxtəlif tədbirlərdə, konsertlərdə ifanız dinləyicilər tərəfindən böyük alqışlarla qarşılanır. Bəs bu alətlərdə ifa etməyi necə öyrəndiniz?

- Azərbaycan tarında ifanı öyrənməyi mənə sizin də yaxşı tanıdığınız Yaponiyada yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərova təklif etdi. Onun təklifi ilə mən bir neçə Azərbaycan mahnısını öyrəndim. Fikrimcə, Azərbaycan musiqisi və mahnıları daha gözəldir və bəzi nüansları ilə türk musiqisindən fərqlənir. Azərbaycan muğamının da ifa edildiyi tamaşalar çox cəlbedicidir, bu mahnılar zaman və məkan anlayışlarına sığmayaraq, Azərbaycan mədəniyyətinin qədim ənənələrini daha dərindən duymağa imkan yaradır. İnəyin ürəyinin dərisindən və tut ağacından düzəldilən alətin çıxardığı səslər insanda müəyyən bir nostalgiya hissi yaradır.

Məhz bu hisslər məni Bakıya, tanınmış tarzən Ruslan Zərbəliyevin yanına aparıb çıxardı. Fürsətdən istifadə edib qədim Azərbaycan musiqi aləti olan tarda ifanı mənə öyrətdiyinə görə ona xüsusi minnətdarlığımı bildirirəm.

- Konsertlər zamanı yalnız simli alətlərdə ifa etmir, bəzən orijinal dildə mahnılar da oxuyursunuz. Azərbaycan mahnılarını öyrənmək çətin deyil ki? Əsasən hansı mahnılara üstünlük verirsiniz? 

- Çoxlu sayda türk mahnılarını oxuduğuma görə, Azərbaycan dilində olan mahnıları da oxumaq mənim üçün o qədər çətin deyil. Lakin bir çox Azərbaycan mahnıları nadir yüksək səs tələb edir, mən həmin mahnıları özümə xas tərzdə ifa etməyə çalışıram. Azərbaycan mahnılarının melodiyaları çox gözəldir və ifa zamanı yaponlar mahnının sözlərini başa düşməsələr də onların mahiyyətini çatdırmağa çalışıram. Bunun üçün isə çoxlu məşq etməyin lazım olduğunu düşünürəm. Ən çox xoşladığım Azərbaycan mahnıları arasında “Sarı gəlin”, “Azərbaycan maralı” və “Bayatı Şiraz” xüsusi yer tutur.

- Bu yaxınlarda Tokionun nüfuzlu Vaseda Universitetində böyük konsertiniz olub. Azərbaycan milli alətləri olan tarda və sazda ifanız tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bəs bu konsert barədə nə deyə bilərsiniz? 

- Mayın 30-da Vaseda Universitetinin “Ono” xatirə zalında təşkil edilən konsertdə bu ali təhsil ocağının çoxsaylı müəllim və tələbə heyəti iştirak edirdi. Konsertin təşkilatçıları isə Universitetin Mədəniyyətlərarası Mübadilə Mərkəzi (ICC) və beynəlxalq humanitar elmlər fakültəsinin professoru idi. Konsertdə mən və milliyyətcə rus olan Polina Desyatniçenko sazda və tarda Azərbaycan və türk mahnılarını ifa etdik. Tamaşaçılara Azərbaycan musiqi tarixində xüsusi yeri olan muğam sənəti barədə məlumatlar verdik. Bundan əlavə mən Polina xanımın təkidi ilə üç Azərbaycan mahnısını da oxudum – “Ay Laçın”, “Azərbaycan maralı” və “Sarı gəlin” mahnılarını.

İfa etdiyimiz musiqi nömrələri dinləyicilər tərəfindən böyük alqışlarla qarşılandı. Bu, çox xoş idi və bizi həddindən artıq məmnun etdi. 

Konsertdən sonra zaldakıların əksəriyyəti yaxınlaşaraq bizim ifa etdiyimiz alətlərlə - tar və sazla yaxından tanış olmağa çalışırdı. Həqiqətən konsertimiz çox möhtəşəm alınmışdı.

- Siz həm də Yaponiyanın bəzi mədəniyyət mərkəzlərində arzu edənlərə Azərbaycan simli musiqi alətlərində ifanı da öyrədirsiniz. Belə şagirdlərinizin sayı çoxdurmu, onların Azərbaycan musiqi alətlərində ifanı öyrənməsi barədə nə deyə bilərsiniz?

- Yaponiyada Azərbaycan musiqi alətlərini tapmaq çox çətindir. Deyərdim ki, əsil problemdir. Düşünürəm ki, həmin alətləri rahat əldə etmək imkanı yarananda, Azərbaycan musiqi alətlərini öyrənmək istəyənlərin də sayı artacaq. Fikrimcə, bu musiqi alətlərini çıxardığı səslər yaponların çox xoşuna gəlir. 

Hazırda Yunus Əmrə İnstitutunun Tokio Mədəniyyət Mərkəzində sazda və tarda ifanı öyrənmək istəyənlərə böyük məmnuniyyətlə dərs keçirəm. Bununla yanaşı, bəziləri onlara evdə dərs keçməyimi istəyirlər.

- Bəs gələcək planlarınız, növbəti konsertlər barədə nə deyə bilərsiniz? 

- Müxtəlif çətinliklərə baxmayaraq, həyat davam edir və mən də müxtəlif yapon alətləri ilə birlikdə təşkil olunan konsertlərə böyük məmnuniyyətlə qatılıram. Bu ayın 18-də Kosiqaya şəhərində ənənəvi yapon musiqi aləti olan Satsuma Bivanın ifaçısı Maşiro Reira ilə birlikdə konsertimiz olacaq. İyulun 30-da isə Tokionun məşhur Haracuku rayonunda Akiko Sakura ilə həmin alətdə növbəti konsert keçiriləcək.

Koronadan sonra Azərbaycan tarı ilə də konsertlərə qatılmağı nəzərdə tuturam. Hazırda Tokioda Azərbaycan musiqisi ilə əlaqəli insanların sayı artmaqda davam edir. Həm pianoçu Gülnarə Səfərova, həm tarzən Polina Desyatniçenko, həm rəqqasə Dilarə Qazıyeva, həm də Azərbaycan musiqisini və rəqslərini bilən yaponların sayının artması böyük konsert proqramı ilə çıxış etməyə imkan yaradıb. Bu musiqiçilərin iştirakı və Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşəbbüsü ilə noyabrda Zəfər Günü münasibətilə böyük konsert proqramı ilə çıxış etməyi düşünürük. Fikrimcə, bu möhtəşəm tədbir Azərbaycan musiqisini Yaponiyada tanıtmaq baxımından böyük rol oynaya bilər.

- Maraqlı müsahibəyə və Azərbaycan musiqisinə olan böyük sevginizə görə çox sağ olun.

 

(AzərTAC)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.