“Qobustan” incəsənət toplusunun yay sayı işıq üzü görüb

 

“Qobustan” incəsənət toplusunun yay nömrəsi işıq üzü görüb. Dərginin bu nömrəsində sənətin müxtəlif yönlərinə aid araşdırma məqalələri, yubiley təbrikləri, müsahibələr yer alıb.

 

Xalq yazıçısı Anar “Mühacir rəssamlar” məqaləsində vətəndən kənarda yaşayan fırça ustalarımızın ömür və yaradıcılıq yoluna nəzər salır. Görkəmli alim Vilayət Quliyev italyan rəssamı Amadeo Modilyani haqqında məqaləsində qəribə taleli sənətkara aid fikirlərini bölüşür. Dərgi bəstəkar Calal Abbasovun 65 illik yubileyini Elvira Əlifxanovanın məqaləsi ilə təbrik edir.

Xalça muzeyinin 55 illik yubileyi Nuranə Səlimlinin essesi ilə qeyd olunur. Tanınmış alim Firudin Qurbansoy “Ruh mühəndisliyi” essesində xəttatlıq sənətinin incəliklərindən söz açır. 

Həmçinin dərginin əməkdaşı Esmira Nəzərli uzun illər “Qobustan”da çalışmış mərhum Tofiq Abdin haqqında xatirələrini bölüşür. Oqtay Əhmədovun “Tofiq Abdinin nədənləri” essesində qəribə adamın fərqli xarakteri ifadə olunur. Musiqişünas Leyla Nəzərli “Beynəlxalq caz günündə düşüncələr” məqaləsi ilə Caz sənətinin ecazını sözə çevirir. Yazıçı Fərid Hüseyn fotoların fəlsəfəsindən, fotoqrafiya sənətinin tarixindən söz açır. Pərviz Seyidli mərhum Xalq yazıçımız Rüstəm İbrahimbəyovun “Özgə ömür” filminin ssenarisi nümunəsində masterin yaradıcılıq xüsusiyyətlərini incələyir. Gənc hüquqşünas Fidan Allahyarova Nizaminin “İskəndərnamə” poemasında ipəyin tarixinin ifadəsini təhlil edir. Gənc şair-esseist Ülvi Bahadır “Müharibə və Sənət” məqaləsində müharibələrin sənətə, musiqiyə təsirindən söz açır. “Söz gənclərdə” layihəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədova ilə həmsöhbət olublar. Zülfiyyə Qəniyevanın "Qurama"sında yay ab-havasında kiçik, amma maraqlı faktlar yer alıb. Həmçinin dərginin rəngli səhifələrində müxtəlif rəssamların əsərləri oxuculara təqdim olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.